Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-222/2023 03.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi cavabdeh Əmirova Afət Qurban qızının iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əmirova Afət Qurban qızına və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, cəmi 6586,24 manat, bundan 5490,97 manat əsas borc, 1095,27 manat faiz borcunun və iş üzrə ödənilmiş 20,00 manat dövlət rüsumunun Əmirova Afət Qurban qızından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əmirova Afət Qurban qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 139GTUM152370101 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 28.23% faiz dərəcəsi ilə 6200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Əmirova Afət Qurban qızına kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli Z-İ39GTİJM152370101 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə müraciət edərək Əmirova Afət Qurban qızı və Cavabdeh2 müştərək qaydada “Kapital Bank" ASC-nin xeyrinə 4958,75 AZN əsas borcun və 20 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Əmirova Afət Qurban qızı ərizə ilə müraciət edərək iddiaçının ona qarşı məhkəmədə qaldırdığı iddiasına Mülki Məcəllənin 373 və 375-ci maddələrinə əsasən iddia müddəti tətbiq edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmirova Afət Qurban qızının ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Əmirova Afət Qurban qızı iddia tələbini qəbul etməyərək iddia ərizəsinin təmin edilməsinə etirazının olduğunu bildirdi. O kredit müqaviləsinin xx.xx.2015-ci ildə bağlandığını, 36 ay müddətinə bağlandığını və müqavilənin bitdiyi vaxt 36 ayın bitdiyi gün olduğunu qeyd etmişdir. Həmin müqavilə üzrə banka olan sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə baş vermişdir. Müqavilənin son icra müddəti isə xx.xx.2018-ci ildir. Deməli, həm kredit müqaviləsinin icra müddətinin son tarixindən, həm də kredit üzrə olunmuş ödənişin son tarixindən 3 ildən də artıq müddət keçmişdir. İddia tələbi üzrə iddia müddəti tətbiq edilməklə mülki işə xitam verilməsini xahiş edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı ASC-i cavabdehlər Əmirova Afət Qurban qızı və Cavabdeh2 kredit borcunun müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Bununla bağlı Zaqatala rayon məhkəməsi xx.xx.2016-cı il tarixli 2(033)-2662/2016 saylı məhkəmə əmr qəbul etmişdir. Daha sonra cavabdehin ərizəsinə əsasən xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv olunmuş və iş iddia icraatına keçmişdir. Lakin bu iş iddia icraatına keçdikdən sonra bizə bu barədə heç bir rəsmi sənəd göndərilməmişdir. Bu da iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılmasına səbəb olmuşdur. 2017-ci ildə baxılmamış saxlanılan bu işin qərardadı bizə 5 il sonra 2022-ci ildə göndərilmişdir. Həmin vaxta qədər mülki işin baxılmamış saxlanılmasında iddiaçı tərəfin məlumatı olmamışdır. İddiaçı tərəf qərarddaddan verdiyi şikayət əsasında işin icraatı məhkəmə tərəfindən təzələnmiş və hal-hazırda məhkəmə prosesi davam edir. Məhkəmə prosesi gedişatında cavabdeh Afət Əmirova məhkəməyə ərizə verərək ona qarşı iddia müddətinin ötürüldüyünü bildirmiş, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 1.4-cü bəndinə əsasən 25 avqust 2018-ci ildə başa çatır, bank isə məhkəməyə 2016-cı ilin dekabr ayında müraciət etmişdir. Buradan da subut olunur ki, 3 illlik iddia müddəti bank tərəfindən ötürülməmişdir. İşin bugün məhkəmədə baxılması o demək deyil ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Hesab edirik ki, cavabdeh tərəfindən verilmiş ərizə tam əsasızdır, 2016-cı ildə məhkəməyə verilmiş iddia üzrə iddia müddəti tətbiq edilə bilməz. Qeyd etdiklərimizi nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh Afət Əmirova tərəfindən verilmiş ərizənin rədd edilməsi, İddiaçı ASC-nin cavabdehlərə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiasının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(033)-2662/2016 nömrəli məhkəmə əmrindən görünür ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilərək, Zaqatala şəhəri Sülh küçəsi ev 9, mənzil 31-də qeydiyyatda olan borclu Əmirova Afət Qurban qızından və Zaqatala rayonu Sumaylı kəndində qeydiyyatda olan borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixli 139GTUM152370101 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə olan 5490,97 (beş min dörd yüz doxsan manat doxsan yeddi qəpik) manat əsas kredit borcu və 1095,27 (bir min doxsan beş manat iyirmi yeddi qəpik) manat əsas məbləğə hesablanmış faiz borcu omaqla, cəmi 6586,24 (altı min beş yüz səksən altı manat iyirimi dörd qəpik) manat kredit borcunun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manatın kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması əmr edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli 2(033)-2662/2016 nömrəli qərardadı ilə borclu Əmirova Afət Qurban qızının məhkəmə əmrinə etirazı təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(033)-2662/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün ümumi qaydada iddia icraatına keçilmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 may 2017-cı il tarixli 2(033)-2662/2016 nömrəli qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əmirova Afət Qurban qızına və Cavabdeh2 qarşı bank kreditindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(033)-2662/2016 nömrəli qərardadından görünür ki, Ərizənin baxılmamış saxlanılması barədə Zaqatala Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(033)-2662/2016 nömrəli qərardadı ləğv edilmiş və mülki işə mahiyyəti üzrə məhkəmə hazırlıq iclasında baxılması üçün təyin edilmişdir. İddiaçı ASC-in Zaqatala filialı ilə cavabdeh Əmirova Afət Qurban qızı arasında bağlanmış 25 avqust 2015-ci il tarixli, 139GTUM152370101 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə, illik 28,23 faiz ödəmək şərti ilə 6200 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli Z- 139GTUM152370101 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zaminlər iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyırlar. 25 avqust 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 6200 manat Əmirova Afət Qurban qızı tərəfindən Kapital Bank ASC-nin Zaqatala rayon filialından alınmışdır. xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Əmirova Afət Qurban qızından və Cavabdeh2 gecikdirilmiş öhdəliyi tam icra etməsi tələb edilmiş, əks təqdirdə İddiaçı ASC tərəfindən borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Əmirova Afət Qurban qızının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 4958,75 manat əsas borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli 9/1604 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əmirova Afət Qurban qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 139 GTUM********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Əmirova Afət Qurban qızının xx.xx.2016-ci il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas borc üzrə — 5459,19 manat, faiz borcu üzrə 284,11 manat. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli 9/1604 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarı Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Həmin qərarda borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh Əmirova Afət Qurban qızı arasında 25 avqust 2015-ci il tarixli, 139GTUM152370101 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi 36 ay müddətinə bağlanmış və müqavilənin başa çatma tarixi 26 avqust 2018-ci il kimi müəyyən edilmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin tədqiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. İş materialları ilə müəyyən edilir ki İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əmirova Afət Qurban qızı arasında 25 avqust 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti 26 avqust 2018-ci il kimi müəyyən edilmişdir. Qanunvericiliyin normalarından da göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit müddətinin 26 avqust 2018-ci il tarixdə bitdiyini nəzərə aldıqda iddia müddəti xx.xx.2021-ci il tarixdə başa çatır. İddiaçı Açıq Səhimdar Cəmiyyəti hazırki ərizə ilə məhkəməyə xx.xx.2016-cı il tarixdə müraciət etmiş, 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış borcun cavabdehlərdən öz xeyrinə tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, məhkəmə əmri qəbul edilsə də, daha sonra müvafiq ərizələrə əsasən işə iddia icraatı qaydasında baxılmış, daha sonra isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(033)-2662/2016 nömrəli qərardadına əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasına dair məhkəmənin qərardadı iddiaçı tərəfindən rəsmi qaydada alınmadığından ərizənin baxılmamış saxlanılması barədə Zaqatala Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli 2(033)-2662/2016 nömrəli qərardadı ləğv edilmiş və mülki işə mahiyyəti üzrə məhkəmə hazırlıq iclasında baxılması üçün təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanılsa da, həmin qərardad iddiaçıya göndərilməmiş, həmin qərardaddan iddiaçının 2022-ci il tarixdə müraciəti əsasında məlumatı olmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti isə hazırki iddia ərizəsi ilə müraciət edərkən müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Ona görə də, şikayət əsasında iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad ləğv edildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı sayılaraq tətbiq edilə bilməz. Daha sonra iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 25 avqust 2015ci il tarixli, 139GTUM152370101 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Əmirova Afət Qurban qızına illik 28,23 faiz olmaqla 36 ay müddətinə 6200 manat kredit verilmişdir. Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə kredit verilməsini öhdəsinə götürmüş, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. Buna görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. İddia tələbində iddiaçı kredit müqaviləsinə əsasən ödənilməmiş 4958,75 manat əsas borc məbləğinin cavabdehdən alınaraq onlara ödənilməsini xahiş etmiş, lakin cavabdehin vəsatəti əsasında təyin edilmiş ekspert rəyində Əmirova Afət Qurban qızının xx.xx.2016-ci il tarixinə banka olan borcu əsas borc üzrə 5459,19 manat, faiz borcu üzrə 284,11 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından iddia tələbi qeyd edilən hissədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə uyğun deyil, iddia tələbi həcmində təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 25 avqust 2015-ci il tarixli, 139GTUM152370101 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 4958,75 manat əsas borc məbləği cavabdeh Əmirova Afət Qurban qızından alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə daha sonra qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İş materiallarından isə görünür ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən zaminə qarşı da iddia irəli sürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, zamin Cavabdeh2 zaminliyinə xitam verilə bilməz. Məhkəmə hesab edir ki, 25 avqust 2015-ci il tarixli Z-139GTUM152370101 nömrəli zaminlik müqaviləsinə görə cavabdeh-zamin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında cavabdeh borcalan Əmirova Afət Qurban qızı ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Bundan başqa, iddia təmin olunduğundan cavabdehlərdən müştərək qaydada 20 manat dövlət rüsumu İddiaçı ASC-in xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri mülki iş üzrə cavabdehlər Əmirova Afət Qurban qızından və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. 10 manat dövlət rüsumu cavabdehlər Əmirova Afət Qurban qızından və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdehlər Əmirova Afət Qurban qızından və Cavabdeh2 müştərək qaydada 25 avqust 2015-ci il tarixli, 139GTUM152370101 saylı kredit müqaviləsinə əsasən 4958,75 (dörd min doqquz yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat əsas borc və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Əmirova Afət Qurban qızından və Cavabdeh2 müştərək qaydada 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlər Əmirova Afət Qurban qızından və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-222/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-222/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver