Məhkəmə qərarları › İş №2(033)-224/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-224/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-224/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Mıəhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra BOKT "xxxx" QSC) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 əsas borcu 105.23 (yüz beş manat 23 qəpik) manat, faiz borcu 32.36 (otuz iki manat 36 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 157.99 (yüz əlli yeddi manat 99 qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı BOKT "xxxx" QSC nümayəndəsi məhkəməyə teleqram göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəsi onunla əsaslandırılmışdır ki, X4 12 ay müddətinə 926 (doqquz yüz iyirmi altı) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında 11 iyul 2019-cu il tarixli, 367-EMB-0202-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Kredit Müqaviləsinin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən X3 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 25.11.2020-ci il tarixə əsas borcu 105.23 AZN (Yüz beş manat 23 qəpik), faiz borcu 32.36 AZN (Otuz iki manat 36 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik) olmaqla ümumi borcu 137.59 AZN (Yüz otuz yeddi manat 59 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, X5 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 29 sentyabr 2020-ci il tarixli 11355/19 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-224/2021 nömrəli 25 yanvar 2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" QSC ilə X5 arasında bağlanmış 367- EMB-0202-19 saylı, 11 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə əsasında X4 12 ay müddətinə illik faiz dərəcəsi 32,1% olmaqla "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə 926,00 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.1-ci bəndinə görə “Borcalan” müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverənə” ödənilməmiş məbləğin hər günü üçün 1 faiz məbləğində cərimə ödəyir. İşdə olan 367-EMB-0202-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, X5 götürdüyü 926 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətində qaytarmalı olmuşdur. İş materiallarında olan cavabdeh X4 ünvanlanmış son xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, 5 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli N MA-0019863-20 nömrəli maliyyə arayışından görünür ki, BOKT "xxxx" QSC ilə X5 arasında bağlanmış 367-EMB-0202-19 saylı, 11 iyul 2019-ci il tarixli kredit müqaviləsinə əsasən X3 25 noyabr 2020-ci il tarixə əsas borcu 105,23 manat, faiz borcu 32,36 manat, cərimə borcu 0,00 manat, ümumi borcu 137,59 manat təşkil edir. İş materiallarından müəyyən olundu ki, X5 367-EMB-0202-19 saylı, 11 iyul 2019-ci il tarixli müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən illik 32,1 faizlə "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədi ilə 12 ay müddətinə 926 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə X5 borcunun bir hissəsini ödəməsinə və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq kredit borcunu ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən X4 11.07.2019-cu il tarixli 367-EMB-0202-19 saylı müqaviləyə əsasən kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC kredit müqaviləsi üzrə qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh X2 tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 11.07.2019-cu il tarixli 367-EMB-0202-19 saylı müqavilənin 1.3-cü bəndindən görünür ki, kredit borcalana kreditdən istifadə haqqı illik 32 faiz hesablanmaqla 12 ay müddətinə verilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kreditin faktiki illik faiz dərəcəsi 32,1 faizdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu da cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən cavabdeh X2 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC -nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh X2 11 iyul 2019-cu il tarixli 367-EMB-0202-19 saylı kredit müqaviləsinə əsasən 105,23 manat əsas borc, 32,36 manat faiz borcu, və 20,40 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 11 iyul 2019-cu il tarixli 367-EMB-0202-19 saylı kredit müqaviləsinə əsasən 105,23 (bir yüz beş manat iyirmi üç qəpik) manat əsas borc, 32,36 (otuz iki manat otuz altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 137,59 (bir yüz otuz yeddi manat əlli doqquz qəpik) manat borc tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh X2 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar