Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-229/2021 29.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı XXX oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçı XXX oğlunun Cavabdeh qarşı təmir tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin yaşayış sahəsindən müvəqqəti çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı XXX oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Vidadi küçəsi ev 10-da yerləşən fərdi yaşayış evində təmir bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və cavabdehin yaşayış sahəsindən müvəqqəti olaraq təmir işləri başlandıqdan sonra 5 ay müddətində çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı XXX oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala şəhəri, Vidadi küçəsi, ev 10-da yerləşən fərdi yaşayış evi 30.08.2019-cu il tarixdə onun adına tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə Cavabdeh və digər şəxslərin paylı mülkiyyətindədir. Yəni Cavabdeh fərdi yaşayış evində mülkiyyət hüququ yoxdur. Buna baxmayaraq onun qızı olduğuna görə bir ata kimi onun həmin evdə yaşamasına heç bir etiraz etməmişdir. 2012-ci ildə rayonda baş vermiş zəlzələ nəticəsində yaşayış sahəsi yararsız vəziyyətə düşmüşdür. Belə ki, divarlarda çoxsaylı çatlar yaranmış, dam örtüyü yararsız vəziyyətə düşmüş, bu isə evdə yaşamağı təhlükəli hala salmışdır. Yaşayış sahəsinin yararsız vəziyyətə düşməsi həm də onun 50 il bundan əvvəl tikilməsi və uzun müddət əsaslı təmir işlərinin aparılmaması ilə bağlıdır. Hazırda yaşayış sahəsinin təmir edilməsi üçün 5000 manat kompensasiya məbləği dövlət tərəfindən ona verilməsinə baxmayaraq cavabdeh X6 təmir işlərinin aparılmasına manəçilik törədir. Bu isə həm cavabdehin, həm də onun qəzalı evdə yaşamaqla həyatlarnı təhlükə altına qoyur. Cavabdehin yaşayış sahəsində təmir bərpa işlərinin aparılmasına maneçilik törətməsi həmin qəzalı vəziyyətdə olan yaşayış sahəsində əşyalarını saxlaması və özünün daimi yaşayış yeri olaraq istifadə etməsində ifadə olunur. Cavabdehin başqa yaşayış yeri var. Məhz təmir bərpa işlərinə maneçilik törətmək üçün həmin evdə yaşayır. Cavabdehdən dəfələrlə yaşayış sahəsini müvəqqəti olaraq - yəni təmir müddətində əşyaları ilə birgə tərk etməsini xahiş etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını kobud şəkildə pozur. Cavabdehin evdə yaşayacağı halda təmir və bərpa işlərinin aparılması qeyri mümkün olacaqdır. Belə ki, yaşayış sahəsinin damı sökülərsə bəzi divarlar uçacaq, bu da cavabdehin özünün xəsarət almasına, əşyalarını zədələnməsinə səbəb olacaqdır. Bir daha qeyd edir ki, mülkiyyətçi olsa da, cavabdehin birdəfəlik yox, məhz təmir-bərpa müddətində müvəqqəti olaraq 5 ay müddətində yaşayış sahəsindən çıxarılmasını və təmir bərpa işlərinin aparılmasına yaratdığı maneələrin qarşısının alınmasını istəyir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı XXX oğlu iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx xxxxxx 1982-ci il tarixdə atası olan iddiaçıya məxsus mübahisəli evdə doğulmuş və hal-hazıradək həmin evdə yaşamışdır. Qeyri-rəsmi nikahdan bir uşağı da həmin evdə anadan olmuşdur. O, cavabdehin evinin təmir etməsinə hər hansı maneçilik yaratmır. Cavabdeh onun yaşadığı bir otaqdan başqa özünün yaşadığı hissələri təmir etdirə bilər. Lakin, cavabdeh onun evdən çxmasını tələb edir. Onun isə başqa yaşayış yeri yoxdur. Hal-hazırda Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə köçürülərək istifadə hüququ tanınan mübahisəli evin bir otağında uşağı ilə birlikdə yaşayır. Onun yaşadığı otağın təmirə ehtiyacı yoxdur. Cavabdehin məqsədi onu təmir adı ilə evdən çıxarmaq və orada yaşamağa qoymamaqdır. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(033)-983/2016 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh 02 yanvar 2011-ci il tarixdə doğulmuş X3 ilə birlikdə atası İddiaçı Məhəmməd oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və onun həmin evdən istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 84,45 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0163 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 5/40 hissə X5, 5/40 hissə Cavabdeh, 6/40 hissə X2, 24/40 hissə X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində fərdi yaşayış evinin texniki pasportu işlənilməklə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Memarlıq və tikinti şöbəsinin 31 oktyabr 2019-cu il tarixli aktından görünür ki, ünvan 1 ünvanda yerləşən dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə baxış keçirilmişdir. Uzun müddət əsaslı təmir işləri aparılmadığından və baş vermiş zəlzələlər nəticəsində yaşayış evinin texniki vəziyyəti qənaətbəxş deyil. Belə ki, yaranmış nəmişlikdən daxili və xarici divarların suvaq örtüyü bəzi yerlərdə tökülmüş, döşəmə hissələri çürümüş və tavanın boya örtüyü sıradan çıxmışdır. Divarlarda, qapı və pəncərə boşluqlarında çoxsaylı keçici çatlar əmələ gəlmiş, otaqların qapı və pəncərə tayları çürümüşdür. Məhkəmə tərəfindən mübahisəli ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həyət darvazasından daxil olduqda həyətdə fərdi yaşayış evi yerləşir, fərdi yaşayış evinin sağ tərəf hissəsində iddiaçı ailəsi ilə birlikdə yaşayır. Pilləkənlə qalxdıqda sağ tərəfdə ayrıca qapıdan iddiaçı istifadə edir. Sol tərəfdə isə cavabdeh qızı ilə məhkəmə qətnaməsi ilə köçürülmüş otaqda yaşayır. Cavabdehin istifadəsində olan otağa baxış keçirildi, həmin otağın düzdür təmirə ehtiyacı olsa da, cavabdehin fikrincə orada yaşamaq üçün ona yetərlidir. Onun başqa yaşayış yeri yoxdur. İddiaçının da istifadəsində olan otağa baxış keçirildi, həmin otağın da təmirə ehtiyacı var. Hər iki otağın həyətdən daxil olduqdan sonra ayrıca giriş qapısı var. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edildi. Məhkəmə iclasında işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30 avqust 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 84,45 kv.m. olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh 02 yanvar 2011ci il tarixdə doğulmuş X3 ilə birlikdə atası İddiaçı Məhəmməd oğluna məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmüş və onun həmin evdən istifadə hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(033)-983/2016 nömrəli qətnaməsi ilə müəyyən olunmuş hallardan da görünür ki, Cavabdeh mübahisəli evdə doğulub orada boya başa çatmış, sonradan qeyri-rəsmi nikahla Sakir adlı şəxslə evlənmiş və 02 yanvar 2011-ci il tarixdə həmin nikahdan olan Kainat adlı uşağı da mübahisəli evdə doğulmuşdur. Hazırda o, qızı ilə birlikdə mübahisəli evdə yaşayır. Lakin, İddiaçı onu qızı ilə birlikdə mübahisəli evdə yaşamasına imkan vermir və onu evdən çıxarmaq istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə, ancaq mülkiyyət hüquqlarının müdafiəsi baxımından iddiaçının iddia tələbinin “Zaqatala şəhəri Vidadi küçəsi ev 10-da yerləşən fərdi yaşayış evində təmir bərpa işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” hissəsində iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, Zaqatala şəhəri Vidadi küçəsi ev 10-da yerləşən fərdi yaşayış evi nə qədər ki, mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Ona görə də, onun mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ vardır. Yəni, cavabdehin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Zaqatala şəhəri Vidadi küçəsi ev 10-da yerləşən fərdi yaşayış evinə köçürülərək istifadə hüququ tanındığı və hazırda qızı ilə birlikdə yaşadığı otaq istisna olmaqla, fərdi yaşayış evinin digər hissələrinin təmir olunması üçün cavabdeh tərəfindən iddiaçıya qarşı yaradılan maneələr aradan qaldırılmalıdır. Cavabdeh özü də məhkəmə iclasında və yerində müayinə zamanı onun yaşadığı və istifadə etdiyi otaqdan başqa fərdi yaşayış evinin digər hissələrinin təmir olunmasına etirazı olmadığını bildirmişdir. Bundan başqa, göründüyü kimi iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməklə qeydiyyata alınmışdır. Lakin Cavabdeh xx xxxxxx 1982-ci il tarixdə atası olan iddiçıya məxsus mübahisəli evdə doğulmuş və hal-hazıradək həmin evdə yaşayır. Onun başqa yaşayış yeri yoxdur. Bundan əlavə, cavabdehin iddiaçının qeyd etdiyi kimi fərdi yaşayış evindən çıxarılması hissəsində iddia tələbi əsaslı deyil. Hazırkı vəziyyətdə mübahisə predmeti olan fərdi yaşayış evindən cavabdehin istifadə hüququ tanındığından iddiaçının cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(033)- 983/2016 nömrəli qətnaməsi ilə Zaqatala şəhəri Vidadi küçəsi ev 10-da yerləşən fərdi yaşayış evinə köçürülərək istifadə hüququ tanındığı və hazırda qızı ilə birlikdə yaşadığı otaq istisna olmaqla həmin fərdi yaşayış evində təmir bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(033)-983/2016 nömrəli qətnaməsi ilə Zaqatala şəhəri Vidadi küçəsi ev 10-da yerləşən fərdi yaşayış evinə köçürülərək istifadə hüququ tanındığı və hazırda qızı ilə birlikdə yaşadığı otaq istisna olmaqla həmin fərdi yaşayış evində təmir bərpa işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılsın. İddia tələbinin qalan hissəsi rədd edilsin. İddiaçı ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-229/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-229/2021
29.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver