Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-303/2021 22.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2015-ci il tarixdə doğulmuş X6 və 01 mart 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 30 may 2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahından 19 mart 2015-ci il tarixdə X8 və 01 mart 2019-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah qeydi pozulmuş, cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin tutulması qət edilmişdir. Ayrıldıqları vaxtdan uşaqları onun himayəsindədir. O, bir ana kimi övladının ən yüksək səviyyədə yaşaması ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi yenə də, uşağın saxlanması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Uşaqlara baxmaqda çətinlik çəkir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı ilə 30 may 2014cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahından 19 mart 2015-ci il tarixdə X8 və 01 mart 2019-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah qeydi pozulmuş, ondan hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda o, 240 manat məbləğində alimenti çətinliklə ödəyir. İddiaçının tələb etdiyi 350 manat alimenti ödəmək imkanı yoxdur. Buna görə də, iddianın təmin edilməməsini xahiş edir. İşdə olan Zaqatala RİHB-nın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 31 mart 2015-ci il tarixdə verilmiş AZ-İİİ 431860 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olnumuş surətindən görünür ki, 19 mart 2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası isə X3r. İşdə olan Zaqatala RİHB-nın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11 mart 2019-cu il tarixdə verilmiş AZ-İV 193785 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olnumuş surətindən görünür ki, 01 mart 2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X3r. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(033)- 845/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək X5 ilə Cavabdeh arasında bağlanmış 30 may 2014-cü il tarixli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 19 mart 2015-ci il tarixdə anadan olmuş X6 və 01 mart 2019-cu il tarixdə anadan olmuş X4 anası X1 himayəsində saxlanılması, tərəflərin birgə nikahından 19 mart 2015-ci il tarixdə anadan olmuş X6 və 01 mart 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X1 xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(033)-845/2020 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 19 mart 2015-ci il tarixdə anadan olmuş X6 və 01 mart 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 11 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X1 xeyrinə verilməsi qət edilmişdir. İddiaçı təkbaşına himayəsində olan uşaqlarının tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı hazırda həmin məbləğin uşaqların saxlanılması üçün kifayət etmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirir və alimentin artırılaraq hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat müəyyən edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində deyilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin uşaqlar üçün aliment tutulması barədə iddialara baxılarkən nəzərə alınmalıdır ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin müddəalarını təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1. Аliment ödənilməsi barədə saziş olmaması; 2. Məhkəmə tərəfindən alimentin miqdarının artıq müəyyən olunması; 3. Aliment tutulması barədə qətnamə çıxarıldıqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması; 4. Alimentin miqdarının dəyişdirilməsi barədə tərəflərdən birinin ərizəsinin olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtlərinin üçüncüsü mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması» alimentin miqdarının artırılmasına əsas verən başlıca hüquqi faktdır. Nəzərə alınmalıdır ki, altment öhdəliyinin və miqdarının müəyyən olunması əsasları ilə, müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinin əsasları fərqlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində də göstərmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Baxılan iş üzrə alimentin müəyyən olunduğu məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldıqdan, yəni 18 sentyabr 2020-ci il tarixdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmur. Ümumiyyətlə iş materiallarından göründüyü kimi, alimentin ödənilməsi barədə qətnamə 18.09.2020-ci il tarixdə çıxarılmış, iddiaçı isə bundan çox qısa müddət (04 ay) keçdikdən sonra yəni 27.01.2021-ci il tarixdə hazırki iddianı vermişdir. İddiaçının aliment artırıldığı vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumunun artırılaraq 2021-ci il üçün 175 manat müəyyən edilməsi barədə dəlili iddianın təmin olunması üçün yetərli dəlil deyildir. Çünki Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin dəyişdirilməsi üçün bu cür əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-303/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-303/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver