Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-323/2021 11.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000004366 saylı kredit razılaşması üzrə 2514,61 manat məbləğində kredit borcu, 1929,46 manat məbləğində faiz borcu və 2937,33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7381,40 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, cavabdehlər isə gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 26.08.2014-cü il tarixli 19L000003496 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.08.2014-cü il tarixli 19R000004366 saylı kredit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.07.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4485,39 manat ödəmiş, onun 2514,61 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 12.01.2021-ci il tarixə hesablanmış faiz borcu 1929,46 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faiz məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 956 gün üçün hesablanmış cərimə 2937,33 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yanmbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə onun arasında bağlanmış 26.08.2014-cü il tarixli 19R000004366 saylı kredit razılaşması əsasında ona 22 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. O qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərini bir müddət icra etmiş sonradan səhhətində yaranmış problemlərə görə işləyə bilmədiyindən maddi imkanı pisləşmiiş və nəticədə kredit müqaviləsi üzrə kredit borcunu vaxtı vaxtında və tam həcmdə ödəyə bilməmişdir. İddia ərizəsinin əsas kredit borcunun və faiz borcunun qaytarılması hissəsi ilə razıdır, lakin ağır olan maddi vəziyyətini nəzərə alınmaqla cərimə borcunun azaldılaraq iddia ərizəsinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İşdə olan Cavabdeh1 ilə İddiaçı QSC arasında 26.08.2014-cü il tarixdə bağlanmış 19L000003496 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin 1.3-cü bəndinə görə cavabdehə veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi və müddəti bu müqavilə və ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İşdə olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 27.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla, 22 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 7000 (yeddi min) manat kredit verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə görə kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2-ci və 4.2.2-ci bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. İşdə olan Cavabdeh1 məxsus bank hesabından 08.10.2014-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 7000 manat kredit verilmişdir. İşdə olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 26.08.2014-cü il tarixli 19S000006133 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 27.08.2014-cü il tarixli 19S000006191 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icrası üçün iddiaçı qarşısında cavabdeh borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. İşdə olan 19 R000004366S nömrəli 02.11.2015-ci il tarixli, 19R00004366SA nömrəli 15.01.2016-cı il tarixli, 19 R000004366SB nömrəli 04 iyul 2016-cı il tarixli 19R000004366SC nömrəli 05 may 2017-ci il tarixli, 19R000004366SD nömrəli 18 may 2018-ci il tarixli sazişlərlə 27 avqust 2014-cü il tarixdə bağlanmış 19 R000004366 nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan iddiaçının 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 27.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 12.01.2021-ci il tarixə iddiaçıya 2514,61 manat əsas kredit borcu, 1929,46 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 2937,33 manat cərimə olmaqla, cəmi 7381,40 manat kredit borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmasına dair 26.08.2014-cü il tarixli 19L000003496 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə görə cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Ona görə də, həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə bağlanmış 27.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 22 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 7000 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 27.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasına əsasən 2514,61 manat əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 27.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasının 1.1-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 2,25 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4—cü bəndinə faktiki illik faiz dərəcəsi 28.17 faiz təşkil edir Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 1929,46 manat faiz borcunun da Cavabdeh1 tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 2937,33 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 2937,33 manat cərimə qismən, 150 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 26.08.2014-cü il tarixli 19S000006133 nömrəli, 27.08.2014cü il tarixli 19S000006191 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlərcavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 2514,61 manat əsas kredit borcu, 1929,46 manat ona hesablanmış faiz borcu və 150 manat cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26.08.2014-cü il tarixli 19L000003496 nömrəli kredit xətti müqaviləsi üzrə 27.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasına və həmin müqaviləyə dəyişiklik edilməsinə dair sazişlərə, 26.08.2014-cü il tarixli 19S000006133 nömrəli, 27.08.2014-cü il tarixli 19S000006191 nömrəli zaminlik müqavilələrinə əsasən, 12.01.2021-ci il tarixə olan 2514,61 manat əsas kredit borcu, 1929,46 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 150 manat cərimə olmaqla, cəmi 4594,07 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26.08.2014cü il tarixli 19L000003496 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 26.08.2014-cü il tarixli 19R000004366 nömrəli kredit razılaşmasına və həmin müqaviləyə dəyişiklik edilməsinə dair sazişlərə, 26.08.2014-cü il tarixli 19S000006133 nömrəli, 27.08.2014-cü il tarixli 19S000006191 nömrəli zaminlik müqavilələrinə əsasən, 12.01.2021-ci il tarixə olan 2514,61 (iki min beş yüz on dörd manat altmış bir qəpik) manat əsas kredit borcu, 1929,46 (bir min doqquz yüz iyirmi doqquz manat qırx altı qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 150 (bir yüz əlli) manat cərimə olmaqla, cəmi 4594,07 (dörd min beş yüz doxsan dörd manat yeddi qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-323/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-323/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver