Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-324/2021 29.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər- X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19A000009652 saylı kredit müqaviləsi üzrə 626.96 manat məbləğində kredit borcu, 78.89 manat məbləğində faiz borcu, 423 manat məbləğində cərimə borcu olmaqla cəmi 1128 (min yüz iyirmi səkkiz) manat 85 (səksən beş) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, X6 İddiaçı QSC ilə bağladığı 18.08.2011-ci il tarixli 19A000009652 saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 3% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 373.04 manat ödəmiş, onun 626.96 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 01.05.2020-ci il tarixə 957 gün üçün hesablanmış faiz borcu 78.89 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 01.05.2020-ci il tarixə 957 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 423 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən məlumdur ki, X6 09.02.2012-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zaqatala rayon 2 saylı Notariat Ofisinin 20.06.2020-ci il tarixli 504 saylı məktubundan məlum olur ki, mərhumun oğlu Cavabdeh1 və mərhumun arvadı Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Adları qeyd olunmuş şəxslər miras əmlakdan bərabər hissədə pay almışlar. Belə olan halda mərhumun oğlu Cavabdeh1 və mərhumun arvadı Cavabdeh2 mərhum X2 hüquq və vəzifələri də keçmişdir. Cavabdehlər kredit müqaviləsinın 1.2-ci bəndinin tələbini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.06.2016-cı il tarixdən banka qaytarmamışlar. Kredit müqaviləsinin 4.1.1-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Qeyd etdikləri nəzərə alınaraq iddianın təmin edilməsi batrədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, X6 onun həyat yoldaşı olmuş və 02.02.2012-ci il tarixdə vəfat etmişdir. Onun, X2 Acces Bank QSC-dən kredit götürməsinə dair məlumatı olmamışdır. Bank tərəfindən məktub göndərildikdən sonra həmin kredit məbləğindən məlumatı olmuşdur. Ondan miras qalmış Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,11 ha torpaq sahəsinə o və oğlu Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə götürmüşlər. Maddi imkanları yaxşı olmadığından ünvanlı sosial yardım almaq məqsədi ilə Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmişlər. Adlarında torpaq sahəsi olduğundan onlara ünvanlı sosial yardım verilməsindən imtina edilmişdir. Bu səbəbdən həmin torpaq sahəsini özgəninkiləşdirmişlər. Hazırda qeyd edilən kredit borcunu ödəmək imkanları yoxdur və iddia ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 digər Cavabdeh2 verdiyi izahata uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan X6 ilə İddiaçı QSC arasında bağlanmış 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsindan görünür ki, iddiaçı tərəfindən X4 aylıq faiz dərəcəsi 3 faiz olmaqla, 12 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 1000 (bir min) manat kredit verilmişdir. Kredit müqaviləsinın 1.2-ci bəndinə görə kredit alan bu kredit müqaviləsinın ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq krediti iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinın 2.2-ci bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinın aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit müqaviləsinın 4.2-ci və 4.2.3-cü bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. İşdə olan 18.08.2011-ci il tarixli məxaric qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən X4 1000 manat kredit verilmişdir. İşdə olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Çardaxlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 09.02.2012-ci il tarixli 474582 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 02.02.2012-ci il tarixdə ölmüşdür. İşdə olan 30 aprel 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 02.02.2012-ci il tarixdə ölmüş X5 vərəsələri arvadı- Cavabdeh2 və oğlu-Cavabdeh1dur. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit müqavilələsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan iddiaçının 29.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsina əsasən X5 01.05.2020ci il tarixə iddiaçıya 626,96 manat əsas kredit borcu, 78,89 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 423 manat cərimə olmaqla, cəmi 1128.85 manat kredit borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə X7 arasında 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 3 faiz olmaqla 12 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 1000 (bir min) manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. X7 02.02.2012-ci il tarixdə vəfat etmiş və Cavabdeh2 və Cavabdeh1 ondan irs qalmış əmlakı qəbul etmiş və 30.04.2018-ci il tarixdə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X5 vərəsələri olan cavabdehlərdən X5 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin icrası tələb edilmiş lakin cavabdehlər həmin müqavilə üzrə X5 vərəsələri kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsinə əsasən 626,96 manat əsas borc, 78,89 manat faiz borcu məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 423 manat cərimənin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan borcalan vəfat etmiş, onun vərəsələri olan Cavabdeh2 və oğlu-Cavabdeh1 30 aprel 2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Sonunculara isə yalnız, 08 dekabr 2020-ci il tarixdə xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən də vərəsələrin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 423 manat cərimə qismən, 4 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, X2 vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsinə əsasən, 626,96 manat əsas kredit borcu, 78,89 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 4 manat cərimə olmaqla, cəmi 709,85 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. X2 vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.08.2011-ci il tarixli 19A000009652 nömrəli kredit müqaviləsinə əsasən 626,96 (altı yüz iyirmi altı manat doxsan altı qəpik) manat əsas kredit borcu, 78,89 (yetmiş səkkiz manat səksən doqquz qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 4 (dörd) manat cərimə olmaqla cəmi 709,85 (yeddi yüz doqquz manat səksən beş qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-324/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-324/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver