Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-33/2023 07.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 katibliyi, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi. İddia tələbinin dəlilləri: Ərizəçi “CredAgro” Qeyri Bank Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1485,83 (bir min dörd yüz səksən beş manat, səksən üç qəpik) məbləğində kredit borcunun (kredit müqaviləsi üzrə əsas kredit məbləği, əsas məbləğə hesablanmış faiz və cərimə) və 7,84 (yeddi manat səksən dörd qəpik) məbləğində əldən çıxmış faydanın, qanunvericiliyə müvafiq olaraq bununla bağlı çəkilmiş bütün xərclərin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 10 (on) AZN dövlət rüsumunun “Cred Agro” Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 05 fevral 2009-cu il tarixdə Məhdud Məsuliyyətli – “Cred Agro” Qeyri Bank Kredit Təşkilatı ilə ünvan 1i ünvanında yaşayan Cavabdeh1 arasında CaZag28236/09 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilat tərəfindən şəxsi məqsədləri üçün (ev təmiri) 1000 (bir min) manat məbləğində pul ayrılmışdır və o, 12 (on iki) ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizlər kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədlərini təqdim etmişlər. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 05 fevral 2009-cu il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “Zamin Cavabdeh2, Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür (05 fevral 2009-cu il tarixində bağlanmış CaZag28236/09 saylı zaminlik müqaviləsi). “Cred Agro” QBKT-ı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 30 iyun 2009-cu il tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində Cred Agro QBKT-na zərər vurulmuşdur. Bu isə onun «Cred Agro» QBKT-ı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Borclular 25 noyabr 2009-cu il tarixə «Cred Agro» QBKT-na olan borclarını ödəməmişlər və bununla da təşkilata zərər dəymişdir. Həmin zərər 21 dekabr 2009-cu il tarixinə aşağıdakılardan ibarətdir: kreditin əsas məbləği - 692,99 (altı yüz doxsan iki manat, doxsan doqquz qəpik), əsas məbləğə hesablanmış faiz borcu - 99.31 (doxsan doqquz manat, otuz bir qəpik), hər gecikdirilmiş günə görə cərimə - 693,53 (altı yüz doxsan üç manat, əlli üç qəpik), cəmi: 1485,83 (bir min dörd yüz səksən beş manat, səksən üç qəpik). Borclu Cavabdeh1 21 dekabr 2009-cu il tarixə olan borcu 1485,83 (bir min dörd yüz səksən beş manat, səksən üç qəpik) olduğundan bu məbləğ artıq vurulmuş zərəri müəyyən edir. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 25 fevral 2010-cu il tarixdə bitdiyini nəzərə alsaq, onda əldən çıxmış fayda 7,84 (yeddi manat səksən dörd qəpik) təşkil edir. Çünki, əgər Cavabdeh1 müqavilə üzrə öz öhdəliyini pozmasaydı “CredAgro” QBKT-ı 382 (üç yüz səksən iki manat) məbləğini qazanmış olardı və bu gün üçün həmin məbləğ təşkilatın gəliri kimi müəyyən olunardı. Beləliklə, Cavabdeh1 tərəfindən 05 fevral 2009-cu il tarixdə bağlanmış CaZag28236/09 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirməməsi nəticəsində “CredAgro" QBKT-nın əldən çıxardığı fayda 7,84 (yeddi manat səksən dörd qəpik)-dir. İddia tələbinə qarşı etirazın dəlilləri Borclu Cavabdeh2 28 mart 2022-ci il tarixdə məhkəmə əmrinə etirazla məhkəməyə müraciət edərək, məhkəmə əmrinin ləğv edilərək işə ümumi icraat qaydasında baxılmasını xahiş etmişdir. X11 ərizə ilə müraciət edərək onun atası olan Cavabdeh1 vəfat etdiyindən onun mülki iş üzrə cavabdehin hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin nümayəndəsi X7 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verməklə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 hüquqi varisi X11 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun atasıdır və onun atası İddiaçı Qeyri Bank Kredit Təşkilatından 2009-cu ildə kredit götürməmişdir və kredit müqaviləsində borclu qrafasında olan imza atasına məxsus deyildir. O, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 da İddiaçı Qeyri Bank Kredit Təşkilatı ilə aralarında 2009-cu il tarixdə müqavilə bağlanmadığını və zaminlik müqaviləsində qeyd edilən imzanın ona aid olmadığını bildirmişdir. O, zaminlik müqaviləsinə imza etməmiş, həmin müqavilədən onun xəbəri olmamışdır. Həmin müqavilədə imza onun imzasına oxşadılmaqla icra edilmişdir. Eyni zamanda bildirmişdir ki, ümumiyyətlə Cavabdeh1 tanımır. İddia tələbini qəbul etmədiyini və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli 2(033)-32/2010 nömrəli əmri ilə borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qeyri Bank Kredit Təşkilatının xeyrinə 1485,83 manat kredit borcu, 7,84 manat məbləğində əldən çıxmış gəlirlər və ödənilmiş 10 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(033)-32/2010 nömrəli qərardadı ilə borclu Cavabdeh2 məhkəmə əmrinə etirazı təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli 2(033)-32/2010 saylı məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçı Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli CAZag 28236/09 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 12 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 30 faiz ödənilməklə 1000 (bir min) manat kredit verilmişdir. Həmin kredit müqaviləsi və onun əlavəsi hər biri bir vərəqdən ibarət olmaqla, “borclu Zaqatala rayonu Əliabad qəsəbəsi” sözlərinin aşağı hissəsində düz xəttin üzərində imza vardır. Düz xəttin aşağı hissəsində “Cavabdeh1”, onun aşağı hisssində isə “xx.xx.2009” rəqəmləri yazılmışdır. Bundan başqa, həmin müqaviləyə 1 saylı əlavənin arxa hissəsində “Müqavilənin şərtləri ilə tanış oldum, razıyam və bir nüsxəsini aldım” sözləri yazılmışdır. İddiaçı Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli CAZag 28236/09 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli CAZag 28236/09 nömrəli kredit müqaviləsi əsasında borcalanın alacağı 1000 (bir min) manat məbləğində kreditlə bağlı kreditor qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürür. Həmin zaminlik müqaviləsi bir vərəqdən ibarət olmaqla, “zamin Zaqatala rayonu Lahıc kəndi” sözlərinin aşağı hissəsində düz xəttin üzərində imza vardır. Düz xəttin aşağı hissəsində “Cavabdeh2”, onun aşağı hisssində isə “xx.xx.2009” rəqəmləri yazılmışdır. Bundan başqa, həmin müqavilənin arxa hissəsində “Müqavilənin şərtləri ilə tanış oldum, razıyam. 1 nüsxəsini aldım” sözləri yazılmışdır. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 avqust 2022-ci il tarixdə verilmiş 05/Q-2067/69 nömrəli arayışdan görünür ki, Cavabdeh1 01 oktyabr 2012-ci il tarixdə ölmüşdür və bu barədə 01 oktyabr 2012-ci il tarixdə 37 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 19 avqust 2022-ci il tarixli məktubundan görünür ki, mərhum Cavabdeh1 vərəsələri: Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında qeydiyyatda olanlar X9, X11, X1 rayon 2 saylı Notariat Ofisinə mirasın qəbulu üçün müraciət etmişlər. Onların müraciəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə 157 nömrəli vərəsəlik işi açılmış və vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/732 nömrəli 16 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli “Zaminlik müqaviləsr’nin aşağı sağ hissəsində “Zamin” qrafasında olan imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli “Zaminlik müqaviləsinin aşağı sağ hissəsində “Zamin” qrafasında olan imzada- oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/732 nömrəli 16 iyun 2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/148 nömrəli 27 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş, mülki işin 13-cü vərəqində olan “CredAgro” Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2009-cu il tarixli № CAZaq28236/09 nömrəli Kredit müqaviləsində “Borclu” qrafasındakı imza və mülki işin 14-cü vərəqində olan 05 fevral 2009-cü il tarixli № CAZaq28236/09 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borclu” qrafasındakı imza və həmin əlavənin arxa tərəfində yazıların aşağı hissədə yerləşən imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 13-cü vərəqində olan “CredAgro” Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2009-cü il tarixli № CAZaq28236/09 nömrəli Kredit müqaviləsində “Borclu” qrafasındakı imzada və mülki işin 14-cü vərəqində olan 05 fevral 2009-cü il tarixli № CAZaq28236/09 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borclu” qrafasındakı imzada və həmin əlavənin arxa tərəfində yazıların aşağı hissədə yerləşən imzada - Cavabdeh1 imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/148 nömrəli 27 fevral 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara tərəflərin iştirakı ilə tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı “CredAgro” Qeyri Bank Kredit Təşkilatı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə aralarında 05 fevral 2009-cu il tarixdə CaZag28236/09 nömrəli kredit müqaviləsi və Cavabdeh2 ilə aralarında 05 fevral 2009-cu il tarixində CaZag28236/09 saylı zaminlik müqaviləsi bağlandığını iddia edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1485,83 məbləğində kredit borcunun və 7,84 məbləğində əldən çıxmış faydanın “Cred Agro” Qeyri Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli 2(033)-32/2010 nömrəli əmri ilə borclular Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qeyri Bank Kredit Təşkilatının xeyrinə 1485,83 manat kredit borcu, 7,84 manat məbləğində əldən çıxmış gəlirlər və ödənilmiş 10 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 2(033)-32/2010 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli 2(033)-32/2010 saylı məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün iddia icraatına keçilməsi qərara alınmışdır. Cavabdeh1 01 oktyabr 2012-ci il tarixdə ölmüş və X11 ərizə ilə müraciət edərək onun atası olan Cavabdeh1 vəfat etdiyindən onun mülki iş üzrə cavabdehin hüquqi varisi kimi tanınmasını xahiş etmiş və X11 Cavabdeh1 hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/732 nömrəli 16 iyun 2022-ci il tarixli ekspert rəyi ilə 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli “Zaminlik müqaviləsi”nin aşağı sağ hissəsində “Zamin” qrafasında olan imzanın - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/148 nömrəli 27 fevral 2023-cü il tarixli ekspert rəyi ilə “CredAgro” Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli Kredit müqaviləsində “Borclu” qrafasındakı imza və mülki işin 14-cü vərəqində olan 05 fevral 2009-cü il tarixli № CAZaq28236/09 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borclu” qrafasındakı imza və həmin əlavənin arxa tərəfində yazıların aşağı hissədə yerləşən imzanın - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Cavabdeh və cavabdehin hüquqi varisi iddia tələbinin rədd edilməsini xahiş etmişlər. İddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və Validliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İş materiallarına əlavə edilmiş və iddia tələbinin əsasını təşkil edən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli kredit müqaviləsi və iddiaçı ilə cavabdeh-zamin kimi qeyd edilmiş Cavabdeh2 arasında bağlanmış 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli zaminlik müqavilələrinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilələrin cavabdehlərin iradəsini ifadə etdiyini təsdiq edə biləcək əlavə sübut təqdim edilməmişdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. İddia tələbinin əsası olan kredit və zaminlik müqavilələri həmin əqdlərin tərəfi kimi qeyd edilən müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 iradələrini əks etdirmədiyindən və yazılı əqdlər üçün nəzərdə tutulduğu kimi əqdi bağlayan şəxs tərəfindən imzalanmadığından etibarlı əqd hesab edilə bilməz. Məhkəmə hesab edir ki, etibarsız əqd bağlandığı andan etibarsız olduğundan və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından etibarsız əqd olan 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli kredit müqaviləsi Cavabdeh1, onun hüquqi varisi X11 və 05 fevral 2009-cu il tarixli CAZaq28236/09 nömrəli zaminlik müqaviləsi Cavabdeh2 münasibətdə hüquqi nəticələrə səbəb ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 05 fevral 2009-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməli, 20 manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 249 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 05 fevral 2009-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətindən isə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətindən 249 (iki yüz qırx doqquz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-33/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-33/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver