Məhkəmə qərarları › İş №2(033)-333/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-333/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-333/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1043,97 ABŞ dolları-bundan 127,58 ABŞ dolları əsas, 268,12 ABŞ dolları faiz, 625,75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 21,52 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Zaqatala filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış ********* nömrəli 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 09 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********80 saylı 20.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, həqiqətən 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 1200 ABŞ dolları kredit verilmişdir. O, krediti götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq sonradan maddi vəziyyəti pisləşdiyindən kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. O, sonuncu dəfə təxminən 2018-ci il tarixdə bankın xeyrinə ödəniş etmişdir. İddianı əsas və faiz borcunun tutulması hissəsində qəbul edir. Qalan hissədə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 digər cavabdehin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış ********* nömrəli 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında kreditor borcalana şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 27 faiz ödənilməklə 1200 ABŞ dolları məbləğində kredit verir. Bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. İşdə olan 09 dekabr 2015-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 1200 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətində qaytarılmasını öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.12.2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş 03 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 19 noyabr 2020-ci il tarixinə 127,58 ABŞ dolları əsas borc, 268,12 ABŞ dolları faiz borcu, 625,75 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 21,52 ABŞ dolları olmaqla, cəmi 1043,97 ABŞ dolları borcu vardır. İş materiallarında olan Cavabdeh1 ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, 03 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh xəbərdar edilmişlər. İş materiallarından müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh3 09.12.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 27 faizlə 24 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında 09 dekabr 2015-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 09 dekabr 2015-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Cavabdeh1 krediti götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə xəbərdarlıq edilməsinə baxmayaraq ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh iddianın əsas və faiz borcunu qəbul edir, qalan hissəsinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 127,58 ABŞ dolları əsas borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İş materiallarından da müəyyən edilir ki, kredit müqaviləsi 24 ay müddətinə, illik 27 faiz olmaq şərti ilə verilmişdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 və Cavabdeh3 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 268,12 ABŞ dolları faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 625,75 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 625,75 manat cərimə qismən, 31 manat həddində təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 21,52 ABŞ dolları borcun tutulması hissəsi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, əsas borc məbləğinin borcun qaytarma vaxtı olan 09 dekabr 2017-cı il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Müqavilənin müddətinin bitdiyi 09 dekabr 2017-cı il tarixdən iddia tələbində göstərilən 19 noyabr 2020-ci il tarixədək olan müddət üçün 21,52 ABŞ dolları tutulmalıdır. Belə olan halda iddia tələbinin bu hissəsi də qanuni və əsaslı hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, 09.12.2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinin şərtlərinə görə zamin-Cavabdeh2 iddiaçı qarşısında borcalanla birgə məsuliyyət daşıyır və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 127,58 ABŞ dolları əsas kredit borcu, 268,12 ABŞ dolları ona hesablanmış faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 21,52 ABŞ dolları faiz borcu və 31 manat cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göründüyü kimi İddiaçı ASC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 127,58 ABŞ dolları məbləğində əsas borc, 268,12 ABŞ dolları ona hesablanmış faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 21,52 ABŞ dolları faiz borcu olmaqla, cəmi 417,22 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə və 31 manat cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 127,58 (bir yüz iyirmi yeddi ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 268,12 (iki yüz altmış səkkiz ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 21,52 (iyirmi bir ABŞ dolları əlli iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 417,22 (dörd yüz on yeddi ABŞ dolları iyirmi iki sent) ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq və 31 (otuz bir) manat məbləğində cərimə borcu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar