Məhkəmə qərarları › İş №2(033)-340/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-340/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-340/2021 29.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) bank kreditinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli 019A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" QSC-nin xeyrinə 2160.69 manat məbləğində kredit borcu, 469.91 manat məbləğində faiz borcu və 347.87 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2978 (iki min doqquz yüz yetmiş səkkiz) manat 47 (qırx yeddi) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh "xxxx" QSC ilə 26.11.2019-cu il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.04.2020-ci il tarixli 019A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 339.31 manat ödəniş etmiş və onun iddiaçıya 2160.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 12.01.2021-ci il tarixə 162 gün üçün hesablanmış faiz borcu 469.91 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 162 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 347.87 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Qeyd etdikləri nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan Cavabdeh ilə iddiaçı "xxxx" QSC arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 019A********** nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla, 18 ay müddətinə, 2500 manat kredit verilmişdir. Kredit müqaviləsinın 1.2-ci bəndinə görə kredit alan bu kredit müqaviləsinın ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinın 2.4-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinın 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit müqaviləsinın 4.2-ci və 4.2.3-cü bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. İşdə olan 26.11.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh 2475 manat kredit verilmişdir. İşdə olan 09 aprel 2020-ci il tarixli 019A**********S nömrəli sazişdən görünür ki, 26 noyabr 2019-cu il tarixli 019A********** nömrəli kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan iddiaçının 29.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 26 noyabr 2019-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 12.01.2021ci il tarixə iddiaçıya 2160,69 manat əsas kredit borcu, 469,91 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 162 gün üçün hesablanmış 347,87 manat cərimə olmaqla, cəmi 2978,47 manat kredit borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 26 noyabr 2019-cü il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 2,25 faiz olmaqla 18 ay müddətinə, 2500 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Kredit müqaviləsinin müddəti 09.04.2020-ci il tarixli sazişə əsasən 17 ay müddətinə uzadılmış və ödəniş cədvəlinə dəyişiklik edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 noyabr 2019-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 2160,69 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 26 noyabr 2019-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinın 1.1-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 2,25 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5—ci bəndinə faktiki illik faiz dərəcəsi 29,43 faiz təşkil edir Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 469,91 manat faiz borcunun da Cavabdeh tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 347,47 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 347,87 manat cərimə qismən, 34 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 26 noyabr 2019-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən 2160,69 manat əsas kredit borcu, 469,91 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 34 manat cərimə olmaqla, cəmi 2664,60 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 26 noyabr 2019-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, 2160,69 (iki min bir yüz altmış manat altmış doqquz qəpik) manat əsas kredit borcu, 469,91 (dörd yüz altmış doqquz manat doxsan bir qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 34 (otuz dörd) manat cərimə olmaqla cəmi 2664,60 (iki min altı yüz altmış dörd manat altmış qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar