Məhkəmə qərarları › İş №2(033)-344/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-344/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-344/2021 31.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddiaya dair ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” ASC-nin arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 036CASA191640003 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qardada 609.17 manat əsas kredit borcu, 2.28 manat kreditdən istifadəyə görə faiz borcu, 0.07 manat cərimə borcu olmaqla cəmi 611.52 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 036CASA191640003 saylı 13 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 646,09 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 036CA A191640003 saylı 13 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 036FİZAM47833803 saylı 13 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, eləcədə onun zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 08.02.2021-ci il tarixə “xxxx” ASC-yə 609,17 manat əsas kredit borcu, 2,28 manat kreditdən istifadəyə görə faiz borcu, 0,07 manat cərimə olmaqla cəmi 611,52 manat borcu qalmaqdadır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 15 fevral 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı «xxxx» ASC-in Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli 036CASA191640003 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 60 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 1 faiz hesablanmaqla 646,09 (altı yüz qırx altı manat doqquz qəpik) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 faiz olmaqla hesablanır. İşdə olan 13.06.2019-cu il tarixli kiçik kredit komitəsinin qərarından görünür ki, «xxxx» ASC-in Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 036CASA160990001 nömrəli kredit müqaviləsi restrukturizasiya olunaraq qalıq qalmış 380,05 ABŞ dolları kredit borcu restrukturizasiya edilərək 646,09 manat müəyyən edilmiş, güzəşt müddəti 12 ay, faiz dərəcəsi 1 faiz, kreditin müddəti 60 ay müəyyən edilmişdir. İşdə olan 13.06.2019-cu il tarixli 036FİZAM47833803 nömrəli zaminlik müqaviləsinə əsasən Nəbiyev X1 Sevda Lətif qızının “xxxx” ASC qarşısında 036CASA191640003 saylı 13.06.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün sonuncu qarşısında öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İşdə olan Cavabdeh1 və Cavabdeh2 “xxxx” ASC tərəfindən ünvanlanmış bildirişdən görünür ki, 036CASA191640003 saylı 13.06.2019-cu il tarixli kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin icra edilmədiyi halda 3 bank iş günü ərzində kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi məqsədi ilə məhkəmə orqanlarına göndıəriləcəkdir. İşdə olan arayışdan görünür ki, 036CASA191640003 saylı 13.06.2019-cu il tarixli kredit müqaviləsinə üzrə 08.02.2021-ci il tarixinə 609,17 manat əsas kredit borcu, 2,28 vaxtı keçmiş və vaxtı keçməmiş faiz borcu, 0,07 cərimə məbləği, cəmi 611,52 manat borc hesabılanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçi ilə Cavabdeh1 arasında bağlanmış 036CASA160990001 nömrəli kredit müqaviləsinə əsasən qalıq qalmış 380,05 ABŞ dolları kredit borcu restrukturizasiya edilərək tərəflər arasında yeni 036CASA191640003 saylı 13.06.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 qalıq qalmış manat kredit məbləğinin ödənilməsi üçün 646,09 manat krediti 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə verir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13.06.2019-cu il tarixli, 036CASA191640003 saylı kredit müqaviləsinə əsasən 609,17 manat əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 13.06.2019-cu il tarixli, 036CASA191640003 saylı kredit müqaviləsinin 2.4cü bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 13.06.2019-cu il tarixli, 036CASA191640003 nömrəli kredit müqaviləsinə əsasən 2,28 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 0,07 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Kredit müqaviləsinin 4.2-ci bəndindən görünür ki, kredit öhdəliklərinin icrasının gecikdirilməsinə görə hesablanan dəbbə pulu, gecikdirilən əsas borc qalığı məbləğinə borcun gecikmədə olduğu günlər üçün hesablanır. Müştəri borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi. 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdə olan 13.06.2019-cu il tarixli, 036CASA191640003 saylı kredit müqaviləsinin 3.1.2-ci bəndindən görünür ki, ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu banka ödəmədikdə bank bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzininin qaytarılmasını tələb edə bilər. Qanunvericiliyin müvafiq normasını və kredit müqaviləsinin müvafiq bəndini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış 13.06.2019-cu il tarixli 036CASA191640003 nömrəli kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulduğuna və iddiaçı tələb etdiyinə görə həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 13.06.2019-cu il tarixli 036FİZAM47833803 nömrəli zaminlik müqavilələsinin şərtlərinə görə zamin Cavabdeh2 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 609,17 manat əsas kredit borcu, 2,28 faiz borcu, 0,07 manat cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilərək, iddiaçı «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli 036CASA191640003 nömrəli güzəştli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» ASC-in xeyrinə 13.06.2019-cu il tarixli, 036CASA191640003 saylı kredit müqaviləsinə əsasən 609,17 manat məbləğində əsas borc, 2,28 manat ona hesablanmış faiz borcu, 0,07 manat cərimə olmaqla cəmi 611,52 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13.06.2019-cu il tarixli 036CASA191640003 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 13.06.2019-cu il tarixli, 036CASA191640003 saylı kredit müqaviləsinə əsasən 609,17 (altı yüz doqquz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 2,28 (iki manat iyirmi səkkiz qəpik) manat ona hesablanmış faiz borcu, 0,07 (yeddi qəpik) cərimə olmaqla, cəmi 611,52 (altı yüz on bir manat əlli iki qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar