Məhkəmə qərarları › İş №2(033)-36/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-36/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-36/2022 24.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 558.08 (Beş yüz əlli səkkiz ABŞ dolları 08 sent) ABŞ dolları - bundan 195.90 (bir yüz doxsan beş ABŞ dolları 90 sent) ABŞ dolları əsas, 48.85 (qırx səkkiz ABŞ dolları 85 sent) ABŞ dolları faiz, 282.91 (iki yüz səksən iki ABŞ dolları 91 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.42 (otuz ABŞ dolları 42 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq ləğv prosesində olan ‘‘Dəmir Bank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış ********* №-li 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 12 (on iki) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 27 oktyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. 24 aprel 2017-ci il tarixli Kredit Müqaviləsinə Əlavə Sazişə əsasən Borcalanın kreditor öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 624.48 (altı yüz iyirmi dörd ABŞ dolları 48 sent) USD təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD= 1.4 AZN məzənnəsi götürməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibi 387.06 (üç yüz səksən yeddi ABŞ dolları 06 sent) USD əsas borc, 157.83 (bir yüz əlli yeddi ABŞ dolları 83 sent) USD faiz borcu və 79.59 (yetmiş doqquz ABŞ dolları 59 sent) USD cərimə borcu təşkil edir. Kreditin müddəti 24.04.2018-ci il tarixədək təşkil edir. Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. 24.04.2015-ci il tarixli əlavə sazişə əsasən Zamin ilə zaminlik müqaviləsi bağlanır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********265 saylı 05.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar. Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 01.02.2021-ci il tarixə kredit üzrə cəmi borcu 558.08 ABŞ dolları təşkil edir. Bundan 195.90 ABŞ dolları əsas, 48.85 ABŞ dolları faiz, 282.91 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.42 ABŞ dolları faiz borcu təşkil edir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-36/2022 nömrəli 24 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh münasibətdə xitam verilmişdir. Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Coşğun İbrahimxəlilov məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə baxışı iclaslarına iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh Zamin məhkəmə baxışı iclasında iştirak etməməsinin səbəbləri barədə məlumatı məhkəməyə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən cavabdeh Zamin iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh kredit verilərkən onunla Bank arasında 27 oktyabr 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh vəfat etdikdən sonra kredit ödənilməmişdir. Düzdür həmin kredit borcu üzrə o, da məsuliyyət daşıyır. Borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Gələcəkdə hissə-hissə ödəyəcəkdir. Əsas borcu qəbul edir. Kreditin digər hissələrini, yəni faiz və cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27.10.2015-ci il tarixli ********* nömrəli Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 19% olmaqla 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 38 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 27 oktyabr 2015-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən həmin tarixdə kassa məxaric orderinə imza etməklə 1500 ABŞ dolları kredit almışdır. İş materiallarında olan 27 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 1500 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 12 ay müddətində qaytarılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2017-ci il tarixli ********* saylı, 27.10.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 1 nömrəli Əlavə sazişdən görünür ki, Cavabdeh 27.10.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə bank qarşısında kredit öhdəliyinin qalığının 624,48 ABŞ dolları olduğu, kredit öhdəliyinin qalığının tərkibini 387,06 ABŞ dolları əsas borc, 157,83 ABŞ dolları faiz borcu və 79,59 ABŞ dolları cərimə borcunun təşkil etməsi, restrukturizasiya edilmiş kreditin müddətinin 24.04.2018-ci il tarixədək və faizinin 8 faiz olması barədə razılaşmışdırlar. Həmin əlavə sazişə əsasən gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulunun hesablanması və borcalan tərəfindən kreditora ödənməsi nəzərdə tutulmuşdur. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 387,06 ABŞ dolları kredit məbləğini 12 ay ərzində hər ayın 24-ündə 33,67 ABŞ dolları ödəməklə əlavə sazişə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. İşdə olan 24 aprel 2017-ci il tarixli ********* saylı, 27.10.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə 1 nömrəli Əlavə sazişdən görünür ki, Zamin Cavabdeh 24 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə əlavə sazişdən irəli gələn öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 16 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 oktyabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 01 fevral 2021-ci il tarixinə 195,90 ABŞ dolları əsas kredit borcu, 48,85 ABŞ dolları faiz borcu, 282,91 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 30,42 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 558,08 ABŞ dolları kredit borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış 05 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 27.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu barədə məlumatlandırılmış və qeyd edilən borcu 3 gün müddətində ödəmədiyi halda bank tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Zaqatala RİHB-nın Faldarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 14 may 2018-ci il tarixli AZ-İ seriyalı 899660 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 08.05.2018-ci il tarixdə ölmüşdür. İş materiallarından müəyyən olundu ki, Cavabdeh 27 oktyabr 2015-cü il tarixli ********* kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 26 faizlə 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Zamin ilə İddiaçı ASC arasında 27 oktyabr 2015-cü il tarixli zaminlik müqaviləsi imzalanması barədə zaminlik müqaviləsi məhkəməyə təqdim edilməsə də, Zamin Cavabdeh 27 oktyabr 2015-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərinə götürməsi 24 aprel 2017-ci il tarixli Zaminlik müqaviləsinə 1 nömrəli əlavə sazişlə müəyyən edilmişdir. 24.04.2017-ci il tarixli əlavə sazişlərlə kredit müqaviləsi üzrə Cavabdeh borcu 624,48 ABŞ dolları təşkil etdiyi müəyyən edilmiş və kreditin müddəti kimi 24.04.2018-ci il təyin edilmişdir. Cavabdeh krediti götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə xəbərdarlıq edilməsinə baxmayaraq ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh 05.05.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh Zamin isə iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi, məhkəmənin qərardadı ilə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh münasibətdə xitam verilmişdir. Belə ki, Cavabdeh 08 may 2018-ci il tarixdə ölmüş, iddiaçı isə məhkəməyə hazırkı iddia ilə 06.05.2021-ci il tarixdə, yəni cavabdehin ölümündən 03 il keçdikdən sonra müraciət etmişdir. Hazırkı işdə cavabdeh iddia qaldırılandan əvvəl öldüyü üçün prosessual olaraq tərəf statusunda olmamışdır. Vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırıla və həmin iddiaya baxıla bilməzdi. Məhkəmə qeyd edir ki, zaminlə İddiaçı ASC arasında bağlanmış zaminlik müqaviləsi əsasında Zamin bank qarşısında Cavabdeh ilə birgə məsuliyyət daşımışdır. Məhkəmə araşdırılmasında müəyyən edilən hallardan görünür ki, borclu olan iş üzrə Cavabdeh 08.05.2018-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsəsi müəyyən edilməmiş, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə hər hansı ərizə təqdim edilməsi barədə məlumat məhkəməyə daxil olmamışdır. Lakin 27.10.2015-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsi üzrə və 24.04.2015-ci il tarixdə bağlanmış həmin müqaviləyə əlavə sazişlə Zamin kredit alanın yəni, Cavabdeh bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün zamindir, cavabdehlə bağlanmış zaminlik müqavilələrinin şərtlərinə görə iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və iş üzrə borclu sayılan Cavabdeh ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Ona görə də məhkəmə hüsab edir ki, yuxarıda qeyd edilən kreditin iddiaçıya ödənilməsi zamin-iş üzrə cavabdeh Zamin tələb edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 195,90 ABŞ dolları əsas kredit borcu zamin cavabdehdən tam şəkildə alınaraq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 48,85 ABŞ dolları faiz borcunun, 282,91 ABŞ dolları məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30,42 ABŞ dolları borcun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. X2 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göründüyü kimi İddiaçı ASC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Cavabdeh 08.05.2018-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Zamin tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Zamin 195,90 ABŞ dolları məbləğində əsas borc məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cavabdeh Zamin 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Zamin 195,90 (bir yüz doxsan beş ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-36/2022 nömrəli 24 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh münasibətdə xitam verilməsi nəzərə alınsın. Cavabdeh Zamin 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar