Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-42/2021 24.08.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızından ödənilməmiş 404,89 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 315,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 81,84 manat borc, ümumilikdə 802,33 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızı arasında bağlanmış 19.08.2014-cü il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Ağayeva (Musayeva) Mehriban Məmməd qızı tərəfindən LPO İddiaçı ASC-dən kredit götürülməyinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən LPO İddiaçı ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən məxaric orderinin və maliyyə arayışından cavabdehə 2000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalanın 03.06.2020-ci il tarixinədək ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 404,89 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 315,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 81,84 manat borc, ümumilikdə 802,33 manat məbləğində kredit borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmişdirlər. Lakin iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Üzeyir K.Səfərli məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılıb iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan məxaric orderindən görünür ki, X3 19.08.2014-cü il tarixdə 1923 manat kredit vəsaitini İddiaçı ASC-dən qəbzə imza etməklə almışdır. İşdə olan 17.09.2014-cü il tarixli kredit ödənişi qəbzindən görünür ki, X3 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. İşdə olan 19.12.2014-cü il tarixli kredit ödənişi qəbzindən görünür ki, X3 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. İşdə olan 19.03.2015-ci il tarixli kredit ödənişi qəbzindən görünür ki, X3 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. İşdə olan 17.12.2015-ci il tarixli kredit ödənişi qəbzindən görünür ki, X3 tərəfindən 110 manat kredit ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3461 nömrəli 29 iyun 2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Ağayeva (Musayeva) Mehriban Məmməd qızı tərəfindən banka 17 sentyabr 2014-cü il tarixdən 03 iyun 2020-ci il tarixədək 2202 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 2202 manat məbləğində pulun 1596,33 manat əsas borcdan, 605,67 manat isə faiz borcundan silinir. Hazırki tədqiqat zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 avqust 2014-cü il tarixli, LD********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Ağayeva (Musayeva) Mehriban Məmməd qızının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 518,13 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 403,67 manat, faiz borcu üzrə 114,46 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş materiallarından müəyyən olundu ki, iddia ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızı arasında 19.08.2014-cü il tarixli LD********** saylı kredit müqaviləsi bağlandığı qeyd edilsə də, həmin kredit müqaviləsi məhkəməyə təqdim edilməmiş, lakin iddia ərizəsinə Ağayeva (Musayeva) Mehriban Məmməd qızı tərəfindən pul vəsaitinin alınmasını təsdiq edən məxaric orderi və pulun ödənilməsini təsdiq edən ödəniş qəbzləri əlavə edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə cavabdehin 404,89 manat əsas; müqavilənin bitmə tarixinə hesablanmış 0,00 manat faiz, 315,60 manat cərimə, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 81,84 manat borc, ümumilikdə 802,33 manat məbləğində kredit borcunun olduğunu qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızı arasında 19.08.2014-cü il tarixli LD********** saylı kredit müqaviləsi bağlandığı qeyd edilsə də, həmin kredit müqaviləsi məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan məxaric orderindən görünür ki, X3 19.08.2014-cü il tarixdə 1923 manat pul vəsaitini İddiaçı ASC-dən qəbzə imza etməklə almışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, Ağayeva (Musayeva) Mehriban Məmməd qızı tərəfindən banka 17 sentyabr 2014-cü il tarixdən 03 iyun 2020-ci il tarixədək 2202 manat məbləğində ödəniş aparılmışdır. Məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən məxaric orderinə əsasən bankdan götürdüyü pul vəsaitləri tam şəkildə banka qaytarılmışdır. Bu hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır.(ekspert rəyi səh.2). Məhkəmə cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızından əsas borca hesablanmış faiz və cərimə borcunun alınması hissəsi ilə də qanunvericiliyin tələbləri baxımından razılaşmır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi əsas borca hesablanmış faizin pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı qarşısında borc tələbinə qarşı faiz və cərimə ödəməsi ilə bağlı hər hansı bir öhdəliyi (kredit müqaviləsi) olmamış, olsa belə məhkəməyə təqdim edilməmişdır. Qanunvericilik öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasını nəzərdə tutmuşdur. Yalnız bu halda kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilə olmadığı halda isə tərəflərdən hər hansı birinin üzərinə öhdəlik qoyulması mülki qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borc kimi verilmiş pula hesablanmış faizin və cərimənin alınıb ödənilməsi hissəsində də təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 145 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ağayeva (Musayeva) Mehriban Məmməd qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 145 (bir yüz qırx beş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142593, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-42/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-42/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver