Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-45/2022 02.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Kərimova Şəhla Saleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahələri ilə bağlı ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1499.01 kv.m və 1676.3 kv.m torpaq sahələri ilə bağlı ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə vəziyyətdə məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiklərini müdafiə edərək izahatında göstərdi ki, onun və ailə üzvlərinin mülkiyyətində DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 110 saylı, 25.09.2003-cü il tarixli qərarı ilə A- 276855 saylı və DTXK Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 110 saylı, 25.09.2003-cü il tarixli qərarı ilə A-276856 saylı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən müvafiq olaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-260/2021 saylı, 30.03.2021-ci il tarixli qərarına əsasən həmin torpaq sahələrinə “Torpaq sahəsinin planı və ölçüsü”nün və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. O, Şəki İnzibati Məhkəməsində olan zaman hər 2 torpaq sahəsinin sənədlərini və reyestr xidmətində müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və çıxarışın verilməsi üçün ödədiyi dövlət rüsumları barədə qəbzləri məhkəmə tərəfindən ondan götürülmüşdür. Hal-hazırda həmin sənədlər Şəki İnzibati Məhkəməsindəki iş materiallarındadır. Hal-hazırda Cavabdeh hər 2 torpaq sahələrini Reyestr xidməti tərəfindən ölçülməsi işlərinin aparılmasına maneəçilik törədir. Onun tərəfindən törədilən maneəçilik nəticəsində reyestr xidməti həmin torpaq sahələrini ölçərək müvafiq sənədləri hazırlaya bilmir. Belə olan halda məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinin təmin edilərək ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı onun qardaşıdır. O, 1992ci ildə Rusiya Federasiyasına həm işləmək, həm də yaşamaq üçün getmiş və oradan 2019-cu ilin avqust ayında Zaqatala rayonun Gözbarax kəndinə qayıtmışdır. O, ataları sağ olan vaxt uzun müddət xəstə olan zaman onun qayğısına qalmamış, ataları vəfat edən zaman onun yasında iştirak etməmişdir. O, hətta anası X8 və bacısı X2 da yas mərasimində iştirak etməmişdir. Halbuki, onun anasının və bacısının ölümündən xəbəri olmuşdur. Atası yataq xəstəsi olan zaman qardaşı İddiaçı ona heç bir yardım gösdərməmiş, atasının qayğısına ancaq o özü qalmışdır. Onun müalicəsi və maddi cəhətdən təminatı ilə bir oğul kimi yalnız özü məşğul olmuşdur. Qardaşı isə heç bir yardım göstərməmişdir. X1 2006-cı ilin mart ayında vəfat etmişdir. Qardaşı İddiaçı bundan xəbəri olduğu halda atasının dəfnində iştirak etmək üçün rayona gəlməmişdir. Atalarına qarşı qardaşının bu cür münasibət bəslədiyi halda, onun atalarından miras qalan əmlakından pay tələbi onun atasının ruhuna qarşı tam haqsızlıq hesab olunur. İddia ərizəsində qeyd olunan A-276856 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü əsasında verilmiş 16,76 kv.m torpaq sahəsinin İddiaçı Saleh oğluna heç aidiyyəti yoxdur. Ona görə ki, Respublikada torpaq islahatı keçirilən zaman iddiaçı qardaşı İddiaçı Respublika ərazisində olmamışdır. İddiaçı ondan xəbərsiz olaraq ona məxsus torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin işçilərinə ölçdürərkən bu hərəkətin qanunsuz olduğuna görə öz etirazını bildirmişdir. Həmin şəxslər bu vəziyyəti biləndən sonra işi dayandırıb getmişlər. Bundan sonra iddiaçı-qardaşı Şəki inzibati məhkəməsinə bu barədə müraciət etmiş, o da bu məhkəmənin qərarından apelliyasiya şikayəti verməklə Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli 2-1(116)- 260/2021 nömrəli qərarından görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1499,01 kv.m həyətyanı torpaq sahəsinə X5, X3, İddiaçı, X7, X6, Cavabdeh, A-276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X5, X3, X4, X7, X6, Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.08.2021-ci il tarixli 2-1(107)-274/2021 nömrəli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(116)-260/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 1a həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə və 0,1676 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrələri **********, **********). Ərizələrin icrası olaraq əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları ərazidə olmuşlar. Yerində araşdırma zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsi və fərdi yaşayış evi üzrə mübahisə mövcuddur. Bu səbəbdən də ərizənizin icrasının təmin edilməsi tərəfimizdən mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, ünvan 2 torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsinə dair 28 dekabr 2021-ci il tarixli, ********** və ********** nömrəli ərizələrin icrasına xitam verilməsi barədə 24 yanvar 2022-ci il tarixli, ********** nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. ünvan 2 torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsinə dair 28 dekabr 2021-ci il tarixli, ********** və ********** nömrəli ərizələrin icrasına xitam verilmişdir. İşdə olan Zaqatala rayonu Gözbarax Bələdiyyəsi tərəfindən verilmiş 76 nömrəli 18.06.2021-ci il tarixli arayışdan görünür ki, islahat zamanı Cavabdeh və ailəsinə 6 nəfər (X5, X3, Cavabdeh, X7, X6, X10) olmaqla ümumilikdə 1,68 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, Zaqatala rayonu Gözbarax kəndində yerləşən 1499,01 kv.m həyətyanı torpaq sahəsi 6 subyektin X5, X3, İddiaçı, X7, X6, Cavabdeh, 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də 6 subyektin X5, X3, X4, X7, X6, Cavabdeh mülkiyyətinə verilmiş, lakin həmin torpaq sahəsi üzərində mülkiyyətçilərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmləşdirilməmişdir. Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarına əsasən həmin torpaq sahələri üzərində mülkiyyətçilərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələr törədildiyindən həmin işlərin aparılması mümkün olmamış və İddiaçı müraciəti əsasında 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışların verilməsinə dair ərizələrin icrasına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Mülki Məcəllə Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Cavabdeh tərəfindən X5, X3, İddiaçı, X7, X6, Cavabdeh mülkiyyətində olan 1499,01 kv. m həyətyanı torpaq sahəsi üzərində və X5 (iddiaçının atası), X3 (iddiaçının anası), X4, X7, X6, Cavabdeh mülkiyyətində olan 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarının icrası ilə əlaqədar İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmışdır. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı müraciəti əsasında Şəki İnzibati Məhkəməsinin 30.03.2021-ci il tarixli qərarının icrası ilə bağlı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə A-276855 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1499,01 kv. m həyətyanı torpaq sahəsinə X5, X3, İddiaçı, X7, X6, Cavabdeh, A- 276856 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" əsasında verilmiş 1676,3 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X5, X3, X4, X7, X6, Cavabdeh mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Torpaq sahəsinin planı və ölçüsü"nün, reyestrdən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanlarda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manat onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-45/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-45/2022
02.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver