Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-596/2021 24.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borcu 817,65 dollar, faiz borcu 525,69 dollar, cəmi 1343,34 dollar və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək M/19-2847 nömrəli 23.04.2021-ci il tarixli Muğanbank ASC-nin onun 1343,34 dollar kreditini ödəmədiyinə dair Zaqatala Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Muğanbank“ ASC) iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 03.06.2015-ci il tarixdə № 51-15-11-025384 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29 % olmaqla 48 ay müddətinədək 1582 dollar məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 03.06.2015-ci il tarixdə № 51-15-11-025384 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Aralarında bağlanmış 03.06.2015-ci il tarixli № 51-15-11- 025384 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 03.06.2015-ci il tarixli № 51-15-11-025384 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16 % miqdarında dəbbə (penya) pulu ödəyir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o, 03.06.2015-ci il tarixində İddiaçı ASC– nin Zaqatala filialından 29 faiz olmaqla 48 ay müddətinə 1582 ABŞ dolları kredit götürmüşdür. Kredit götürməkdə məqsədi birinci qrup əlil olan həyat yoldaşı X4 ayağının amputasiya olunması üçün lazım olan ödənişin ödənilməsi məqsədi olmuşdur. Belə ki, o kredit götürdüyü gündən 4 il müddətinə, 2019-cu ilin iyun ayına kimi hər ay vaxtlı-vaxtında ona deyilən məbləği, yəni hər ay üçün cədvəl əsasında təyin olunmuş 60 ABŞ dolları ödəmişdir. Həmin məbləğ onun ailəsində birinci qrup əlilin olması, gəlirin qənaətbəxş olmaması baxımından təyin olunmuşdur. Onu da qeyd edir ki, kredit götürdüyü zaman dolların məzənnəsi 105 ABŞ dolları idi. Sonradan dolların məzənnəsinin sürətlə artımı onun da götürdüyü kreditə öz əks təsirini göstərməsi real haldır. Belə ki, əgər təsir etməmiş olsaydı 4 il ərzində onun banka ödədiyi 2880 ABŞ dolları məbləği götürdüyü kreditlə bağlanacaqdır. Təəssüflər olsun ki, bugünki gündə bank haqsız olaraq onun götürdüyü krediti birə bir artıq hesablayaraq, heç bir güzəşt etmədən, ən yüksək məzənnə ilə onu hələ də borclu çıxarır. Təəssüflər olsun ki, o, 2015-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına qədər ödədiyi məbləğlər nəzərə alınmamışdır. Hələ onun Restruktruzasiya borcunun 1393,56 ABŞ dolları olduğu Problemli Kreditlərin kompensasiyası arayışı tərəfindən bildirilsə də, bank onu məhkəməyə 1393,56 dollar borcunun tələbinə dair iddia qaldırmışdır. Bu uyğunsuzluq belə onun hüquqlarımı tapdalamaq kimi başa düşüləndir. Nəzərə alınsa ki, o yaşlı, hiportonik xəstəsi vətəndaşdır, bankın ona qarşı qaldırdığı iddia əsassız və qeyri obyektiv hesab olunmalıdır. Çünki onun hər ay ödədiyi məbləğ kifayət etmirdisə, ona vaxtında məlumat verilməli idi. Heç bir xəbərdarlıq olunmadan illər sonra yaşlı, əlili olan bir insanı bu cür incitməzdilər. Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən onun götürdüyündən artıq ödəniş etdiyi nəzərə alınmalı olduğu halda heç onun banka olan borcu belə silinməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasına gəlməmişlər, lakin "xxxx" ASC-nin İdarə heyətinin sədri E.Ə.Həsənov ərizə göndərərək üzürlü səbəblərdən məhkəmə baxış iclasında iştirak edə bilməyəcəklərini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2015-ci il tarixli 51-15-11-025384 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 29 faiz ödənilməklə 03 iyun 2019-cu il tarixədək 1582 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. İşdə olan 15 aprel 2021-ci il tarixədək olan borca dair İddiaçı ASC-in Zaqatala filialının təqdim etdiyi maliyyə arayışdan görünür ki, cavabdeh X5 817,65 ABŞ dolları əsas kredit borcu və 525,69 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu olmaqla, cəmi 1343,34 ABŞ dolları kredit borcu ödənilməmişdir. İşdə olan 03 fevral 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Muğanbank ASC X2 borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda, məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli 9/5064 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 03 iyun 2015-ci il tarixli, 51-15-11-025384 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh 03.06.2019-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 889,96 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən 03.06.2019-cu il tarixə əsas borc üzrə 866,23 ABŞ dolları, faiz borcu üzrə 23,73 ABŞ dolları. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2015-cu il tarixli 51-15-11025384 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1582 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında 03 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 866,23 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halla bağlı bu qənaətdədir ki, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı tərəf cavabdehdən 817,65 ABŞ dolları məbləğində əsas kredit borcunu tələb edir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 iyun 2015-cu il tarixli 51-15-11- 025384 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən tələb olunan 817,65 ABŞ dolları əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 03 iyun 2015-ci il tarixli 51-15-11-025384 nömrəli kredit müqaviləsinin 1.2ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə illik 29 faizlə (müqavilənin 1.4-cü bəndi fifd 32,86 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış 525,69 ABŞ dolları faiz borcu qismən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.10.2021-ci il tarixli 9/5064 nömrəli rəyinə əsasən müəyyən edilmiş məbləğdə yəni 23,73 ABŞ dolları məbləğində müəyyən edilərək tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 23,73 ABŞ dolları faiz borcunun da Cavabdeh tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Ona görə də hesab edirəm ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 18 manatı onun xeyrinə cavabdehdən tutulmalı, 12 manatı isə iddiaçının özünə aid edilməlidirr. 100 manat ekspertiza xərcinin 60 manatı Cavabdeh, 40 manatı isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2015-ci il tarixli 51-15-11-025384 nömrəli kredit müqaviləsinə əsasən 817,65 ABŞ dolları əsas kredit borcu, 23,73 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu olmaqla, cəmi 841,38 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 iyun 2015-ci il tarixli 51-15-11-025384 nömrəli kredit müqaviləsinə əsasən 817,65 (səkkiz yüz on yeddi ABŞ dolları altmış beş sent) ABŞ dolları əsas kredit borcu, 23,73 (iyirmi üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış faiz borcu olmaqla, cəmi 841,38 (səkkiz yüz qırx bir ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla) məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 40 (qırx) manat, Cavabdeh 60 (altmış) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Cavabdeh 18 (on səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 12 (on iki) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-596/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-596/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver