Məhkəmə qərarları › İş №2(033)-603/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-603/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-603/2021 01.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT “xxxx” MMC) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 1249,25 manat, faiz borcu 401 manat, 283 manat cərimə olmaqla cəmi 1933,25 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin və 1 manat bank xidmət xərcinin tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-603/2021 nömrəli 03 iyun 2021-ci il tarixli qərardadına əsasən iddiaçı "xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, kreditor “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 15.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona məqsədli istifadə üçün 18 ay müddətinə illik 21 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 1.7-ci maddəsinə görə cavabdeh bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nağd şəkildə, kredit müddətində tamamən qaytarmağı öhdəsinə götürmüşdür. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxx Azərbaycan” MMC-nə 1249.25 manat əsas, 401 manat faiz, 283 manat cərimə faizi olmaqla cəmi 1933.25 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsini müdafiə edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış 15.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 21 faiz dərəcəsi ilə 18 ay müddətinə 1500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcunu vaxtı vaxtında ödəyə bilmədiyindən onun əsas borcla yanaşı faiz borcu və cərimə borcu da yaranmışdır. İddia tələbini əsas və faiz borcunun ödənilməsi hissəsində qəbul edir, lakin cərimə məbləği yüksək müəyyən edildiyindən həmin məbləğin azaldılmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 2010/4 saylı, 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh 18 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə görə 15.10.2015-ci il tarixdən başlayaraq 17.04.2017-ci il tarixinə qədər ayda birdəfə olmaqla müqaviləyə əlavə olunan ödəniş cədvəlinə əsasən kredit borcu qaytarılmalıdır. İşdə olan 2010/4 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü 1500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ayın 15 olmaqla 18 ay müddətində qaytarmalı olmuşdur. İş materiallarında olan Cavabdeh ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, 2 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan BA/382 nömrəli maliyyə arayışından görünür ki, BOKT “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 2010/4 saylı, 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdehnın 05 noyabr 2020-ci il tarixə əsas borcu 1249,25 manat, faiz borcu 401 manat, cərimə 283 manat, ümumi borcu 1933,25 manat təşkil edir. İş materiallarından müəyyən olundu ki, Cavabdeh 2010/4 saylı, 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-dən illik 21 faiz ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh borcunun bir hissəsini ödəməsinə və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq kredit borcunu ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən Cavabdeh 15 oktyabr 2015-ci il tarixli 2010/4 saylı müqaviləyə əsasən kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC kredit müqaviləsi üzrə qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 2010/4 saylı, 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1249,25 manat əsas borc məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 15 oktyabr 2015-cu il tarixli 2010/4 saylı müqavilənin 2-ci bəndindən görünür ki, azalan balansa illik 21 faiz hesablanmaqla 18 ay müddətinə verilmişdir Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu da cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehdən 2010/4 saylı, 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 401 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 283 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 283 manat cərimə qismən, 12 manat həddində təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və 1 manat bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 oktyabr 2015-cu il tarixli 2010/4 saylı kredit müqaviləsinə əsasən 1249,25 manat əsas borc, 401 manat faiz borcu, 12 manat cərimə borcu olmaqla ümumilikdə 1662,25 və 30 manat dövlət rüsumunun əvəzi və 1 manat bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15 oktyabr 2015-cu il tarixli 2010/4 saylı kredit müqaviləsinə əsasən 1249,25 (bir min iki yüz qırx doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 401 (dörd yüz bir) manat faiz borcu, 12 (on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1662,25 (bir min altı yüz altmış iki manat iyirmi beş qəpik) manat borc tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar