Məhkəmə qərarları › İş №2(033)-654/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-654/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-654/2021 06.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Qudavasov Abdulmüslüm Abdullətif oğlu arasında bağlanmış 16.08.2016-cı il tarixli 019L**********09 saylı uzunmüddətli kredit müqaviləsinin, 13.12.2018-ci il tarixli 019R********** saylı kredit razılaşmasının və 11.07.2019-cu il tarixli 019R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1 Abdülmüslüm oğlu, Cavabdeh2 Abdülmüslüm oğlu, Cavabdeh3 Abdülmüslüm oğlu, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 2544.38 manat məbləğində kredit borcu, 531 manat məbləğində faiz borcu və 1045.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4121 (dörd min bir yüz iyirmi bir) manat 20 (iyirmi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh6 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qudavasov Abdulmüslüm Abdullətif oğluna İddiaçı QSC ilə bağladığı 16.08.2016-cı il tarixli 019L**********09 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Qudavasov Abdulmüslüm Abdullətif oğlu İddiaçı QSC ilə bağladığı 13.12.2018-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.07.2019-cu il tarixli 019R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qudavasov Abdulmüslüm Abdullətif oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.01.2020-ci il tarixdən banka qaytarmamışdır. Qudavasov Abdulmüslüm Abdullətif oğlu götürdüyü kredit borcundan 955.62 manat ödəmiş, onun 2544.38 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Qudavasov Abdulmüslüm Abdullətif oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19.02.2021-ci il tarixə 403 gün üçün hesablanmış faiz borcu 531 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 19.02.2021-ci il tarixə 403 gün üçün hesablanmış cərimə 1045.82 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BPQMİnin MAPS şöbəsindən 24.04.2020-ci il tarixində əldə edilmiş arayışdan Qudavasov Abdulmüslüm Abdullətif oğlunun vəfat etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə verilən vəkil sorğusu nəticəsində həmin orqanın 03.11.2020-ci il tarixli **********21 saylı cavab məktubu ilə mərhum Abdulmüslüm Qudavasovun adında Zaqatala rayonu, Uzuntala kəndində yerləşən 0.17 ha həyatyanı və istifadəsində olmuş 0.208423 ha, 0.2430003 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar edilmişdir. Həmin məktub əsas götürülərək Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyətinə vəkil sorğusu verilmiş və İcra Hakimiyyətinin 4/62 saylı 18.01.2021-ci il tarixli cavab məktubu əsasında hazırda mərhumun adında olan torpaq sahələri (miras əmlakları) faktiki olaraq Cavabdeh4, Cavabdeh1 Abdülmüslüm oğlu, Cavabdeh2 Abdülmüslüm oğlu və Cavabdeh3 Abdülmüslüm oğlu tərəfindən sahiblik edilməklə idarə olunduğu aşkar edilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Qudavasov Abdulmüslüm Abdullətif oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı QSC ilə onun atası olan Qudavasov Abdulmüslüm Abdullətif arasında bağlanmış 13.12.2018-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği hesabına qardaşına ev tikilmişdir. Atası qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərini bir müddət icra etmiş, atası 21.10.2019-cu il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmişdir. Həmin tarixə atasının bank qarşısında icra edilməmiş kredit öhdəliyi qalmışdır. Kredit borcu ilə bağlı Access Bank QSC-nin nümayəndələri onlara müraciət etmişlər. Onlar borcun silinəcəyini vəd etmişlər. Atasından miras olaraq torpaq sahəsi qalmışdır və həmin torpaq sahəsi 3 qardaş arasında bölünərək istifadə edilir. Hazırda qeyd edilən kredit müqaviləsi üzrə yaranmış kredit borcunu ödəməyə maddi imkanı yoxdur, heç bir yerdə işləmir. Borcun olduğunu inkar etmir sadəcə işsiz olduğundan hazırda həmin məbləği ödəmək imkanı yoxdur. Gələcəkdə borcu hissəhissə ödəyəcəklər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, Cavabdeh1 verdiyi izahata oxşar məzmunda izahat verərək iddia tələbini qismən qəbul etdiyini və iddia tələbini cərimənin tutulması hissəsində qəbul etmədiyini bildirərək qanuna müvafiq qaydada qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək bildirdi ki, 21.10.2019-cu il tarixdə vəfat etmiş Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə iddiaçı arasında 16.08.2016-cı il tarixdə uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi üçün o iddiaçı Acces Bank QSC qarşısında 30 mart 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən öhdəlik götürmüşdür. İddia tələbini qismən qəbul edir və iddia ərizəsində qeyd edilən cərimə məbləğinin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 Cavabdeh4 verdiyi izahata oxşar məzmunda izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi və iddia tələbinin cərimə məbləği hissəsində təmin edilməməsini xahiş etdi. İşdə olan Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə İddiaçı QSC arasında 16 avqust 2016-cı il tarixdə bağlanmış 019L**********09 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin 1.4-cü bəndinə görə cavabdehə veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi və müddəti bu müqavilə və ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İşdə olan Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə İddiaçı QSC arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən ona aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 3500 (üç min beş yaz) manat kredit verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə görə kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2-ci və 4.2.2-ci bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. İşdə olan 13.12.2018-ci il tarixli kreditin verilməsi-köçürmə vərəqindən görünür ki, "xxxx" QSC-nin Zaqatala filialı tərəfindən Qudavasov Abdulmüslüm Abdullətif oğluna məxsus bank hesabına 3500 manat kredit məbləği köçürülmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh5 arasında bağlanmış 13.12.2018-cü il tarixli 019S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 30 mart 2018-cü il tarixli 019S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İşdə olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 30 mart 2018-cü il tarixli 019S**********03 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icrası üçün iddiaçı qarşısında borclu Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə birgə məsuliyyət daşıyırlar. İşdə olan 11 iyul 2019-cu il tarixdə bağlanmış 19 R**********S nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İşdə olan iddiaçının 06 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13 dekabr 2018-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən Qudavasov Abdulmüslüm Abdullətif oğlunun 19.02.2021-ci il tarixə iddiaçıya 2544,38 manat əsas kredit borcu, 531 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 1045,82 manat cərimə olmaqla, cəmi 4121,2 manat kredit borcu vardır. İşdə olan 03 noyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Qudavasov Abdulmüslüm Abdullətif oğlunun 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına Zaqatala rayonu, Uzuntala kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır və istifadəsində 0,208423 ha, 0,2430003 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar edilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 11.01.2021-ci il tarixli arayışdan görünür ki, 21 oktyabr 2019-cu ilədək Zaqatala rayonu Uzuntala kəndində yaşamış Qudavasov Abdulmüslüm Abdullətif oğlunun varisləri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dur. İşdə olan Zaqatala rayonu Uzuntala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 oktyabr 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Qudavasov Abdulmüslüm Abdullətif oğlu 21.10.2019-cu il tarixdə ölmüş və bu barədə 30.10.2019-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 05 nömrəli qeyd edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Qudavasov Abdulmüslüm Abdullətif oğlu arasında 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmasına dair 16.08.2016-cı il tarixli 019L**********09 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə görə ona veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Ona görə də, həmin kredit xətti müqaviləsi üzrə Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə bağlanmış 13 dekabr 2018-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən ona aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 3500 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Qudavasov Abdulmüslüm Abdullətif oğlu 21.10.2019-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra ona məxsus əmlakdan onun vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə edirlər və miras əmlakı idarə etməklə faktiki olaraq vərəsəliyi qəbul etmişlər. Vərəsələr miras qoyan Qudavasov Abdulmüslüm Abdullətif oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" QSC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 dekabr 2018-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən 2544,38 manat əsas borc məbləği cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 13 dekabr 2018-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasının 1.1ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 2,1667 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4—cü bəndinə faktiki illik faiz dərəcəsi 28.04 faiz təşkil edir Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 531 manat faiz borcunun da cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 1045,82 manat cərimənin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 1045,82 manat cərimə qismən, 10 manat həddində təmin edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin müvafiq normasını nəzərə alaraq məhkəmə hesab edir ki, Qudavasov Abdulmüslüm Abdullətif oğlu ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 16.08.2016-cı il tarixli 019L**********09 saylı uzunmüddətli kredit müqaviləsinin, 13.12.2018-ci il tarixli 019R********** saylı kredit razılaşmasının və 11,07.2019-cu il tarixli 019R**********S saylı sazişin şərtləri əhəmiyyətli dərəcədə pozulduğuna və iddiaçı tələb etdiyinə görə həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır, borclunun ölümü zaminliyin xitamına səbəb olmur və zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, 13.12.2018-cü il tarixli 019S**********01 nömrəli, 30 mart 2018-cü il tarixli 019S**********02 nömrəli, 30 mart 2018cü il tarixli 019S**********03 zaminlik müqavilələrində ayrı qayda nəzərdə tutulmadığından Qudavasov Abdulmüslüm Abdullətif oğlunun öhdəliklərinə görə zamin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 borclu Qudavasov Abdulmüslüm Abdullətif oğlunun vərəsələri olan cavabdehlər ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, 13.12.2018-cü il tarixli 019S**********01 nömrəli, 30 mart 2018-ci il tarixli 019S**********02 nömrəli və 30 mart 2018-ci il tarixli 019S**********03 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər-cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iddiaçı qarşısında öhdəlikləri yaranmış və cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 2544,38 manat əsas kredit borcu, 531 manat ona hesablanmış faiz borcu və 10 manat cərimə borcu Qudavasov Abdulmüslüm Abdullətif oğlunun vərəsələri olan cavabdehlərdən və cavabdeh zaminlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Qudavasov Abdulmüslüm Abdullətif oğlu arasında bağlanmış 16 avqust 2016-cı il tarixli 019L**********09 saylı uzunmüddətli kredit müqaviləsi, 13.12.2018-ci il tarixli 019R********** saylı kredit razılaşması və 11.07.2019-cu il tarixli 019R**********S saylı saziş ləğv edilməli, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 16 avqust 2016-cı il tarixli 019L**********09 nömrəli kredit xətti müqaviləsi üzrə 13 dekabr 2018-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına və həmin müqaviləyə dəyişiklik edilməsinə dair sazişə, 13.12.2018-ci il tarixli 019S**********01 nömrəli, 30 mart 2018-ci il tarixli 019S**********02 nömrəli, 30 mart 2018-ci il tarixli 019S**********03 nömrəli zaminlik müqavilələrinə əsasən, 19.02.2021-ci il tarixə olan 2544,38 manat əsas kredit borcu, 531 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 10 manat cərimə olmaqla, cəmi 3085,38 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Qudavasov Abdulmüslüm Abdullətif oğlu arasında bağlanmış 16 avqust 2016-cı il tarixli 019L**********09 saylı uzunmüddətli kredit müqaviləsi, 13.12.2018-ci il tarixli 019R********** saylı kredit razılaşması və 11.07.2019-cu il tarixli 019R**********S saylı saziş ləğv edilsin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 16 avqust 2016-cı il tarixli 019L**********09 nömrəli kredit xətti müqaviləsi üzrə 13 dekabr 2018-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına və həmin müqaviləyə dəyişiklik edilməsinə dair sazişə, 13.12.2018-ci il tarixli 019S**********01 nömrəli, 30 mart 2018-ci il tarixli 019S**********02 nömrəli, 30 mart 2018-ci il tarixli 019S**********03 zaminlik müqavilələrinə əsasən, 19.02.2021-ci il tarixə olan 2544,38 (iki min beş yüz qırx dörd manat otuz səkkiz qəpik) manat əsas kredit borcu, 531 (beş yüz otuz bir) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 10 (on) manat cərimə olmaqla, cəmi 3085,38 (üç min səksən beş manat otuz səkkiz qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar