Məhkəmə qərarları › İş №2(033)-668/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-668/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-668/2021 08.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından anadan olmuş 22 sentyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 17 iyun 2010cu ildə rəsmi nikah münasibətinə daxil olub ailə qurmuş və onların birgə nikahlarından 22 sentyabr 2010-cu ildə X6 adlı uşaqları doğulmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsinin 27.03.2017-ci il tarixli 2(033)-577/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanılmış 17 iyun 2010-cu il tarixli 851 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan 22 sentyabr 2010-cu ildə anadan olmuş X3 onun himayəsində saxlanılması, Cavabdeh 22 sentyabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşınadək saxlanılması üçün 24.02.2017-ci il tarixdən hesablanmaqla hər ay 136 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edlməsi qərara alınmışdır. Daha sonra onun Cavabdeh qarşı birgə nikahdan anadan olmuş 22 sentyabr 2010-cü il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğinin, həmçinin sahibkar X5 tərəfindən təlim tərbiyə kursunda X4 göstərilən xidmətlərə görə ödənilmiş 3731 manat əlavə xərc kimi Cavabdeh tutulması, qətnamə alimentin tutulması hissəində dərhal icra edilməsi barədə iddia tələbi Zaqatala Rayon Məhkəməsinin 04.07.2018-ci il tarixli 2(033)- 863/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Sözügedən qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli 2(107)-366/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04.07.2018-ci il tarixli 2(033)-863/2018 saylı qətnaməsinin alimentə aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın alimentə aid hissədə təmin edilməsi, 22.09.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 154 manat alimentin tutulub onun xeyrinə ödənilməsi qərara alınmışdır. Hal-hazırda az yaşlı övladı X6 11-cı yaşın içindədir və məktəblidir. Sonuncu məhkəmənin müəyyən eydiyi 154 manat həcmindəki aliment məbləği uşağın heç bir tələbatının, uşaq geyimlərinin və zəruri hallarda dərman preparatlarının, məktəbə gedərkən məktəb ləvazimatlarının və paltarlarının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat həcmində müəyyən edilmişdir. Cavabdeh tərəf məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti bilərəkdən vaxtı vaxtında ödəməməklə bərabər, uşaqların gələcək inkişafı, dünya görüşünün, təhsinin, sağlamlıqlarının, sosial həyatının inkişafı üçün heç bir təşəbbüs göstərmir. Uşağın bütün qayğısını və ehtiyacını tamamilə o, çəkir, böyüdükcə uşaqlarda atasına qarşı tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-366/2019 saylı 24 yanvar 2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(033)-863/2018 saylı qətnaməsi alimentə aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia alimentə aid hissədə təmin edilərək 22 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 22 sentyabr 2010-cu il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah pozulmuşdur. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-366/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən 22 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı artıq 11 yaşına çatmış uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 22 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini nəzəə alaraq onu da qeyd edir ki, iddia tələbi “qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi” hissəsində rədd olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 22 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apelyasiya Məhkəməsinin 2(107)-366/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 22 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apelyasiya Məhkəməsinin 2(107)-366/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. İddia tələbi “qətnamənin dərhal icra olunması” hissəsində rədd edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar