Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-698/2020 22.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq Cavabdeh xx xxxxxxxx 2007-ci il tarixdə doğulmuş uşaqları Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların xx xxxxxxxx 2007-ci il tarixdə Ömər adlı övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxxxxx 2007-ci il tarixdə doğulmuş Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Həmçinin Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ona ödənilən alimentin miqdarı artırılaraq 117 manat məbləğində müəyyən edilmişdir. Hazırda o, işləmir. Lakin övladının təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Bununla belə o, bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq ödənilən alimentin miqdarı uşağın saxlanması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarına maddi cəhətdən köməklik göstərməyə borcludur. Hal-hazırda uşaq 13 yaşındadır. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da artırılaraq 2020-ci ildə hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Uşaqların ehtiyaclarını tək qadın olaraq qarşılaya bilmir. Bu vəziyyət tək qadın olaraq ona çox çətindir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə xx xxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan onların xx xxxxxxxx 2007-ci il tarixdə Ömər adlı övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçıya ödənilən alimentin miqdarı artırılaraq 117 manat məbləğində müəyyən edilmişdir. Hazırda işləmir və maddi imkanı aşağıdır. İkinci dəfə ailə həyatı qurmuş, ailəsinə baxmaqda belə çətinlik çəkir. İddiaçıya daha yüksək, yəni iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməsinə maddi imkanı yoxdur. Müəyyən edilmiş aliment məbləğini çətinliklə ödəyir. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Zaqatala RİHB-nın Danaçı ərazi nümayəndəliyi tərəfindən xx xxxxxx 2007ci il tarixdə verilmiş AZ-İ 983875 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 2007-ci il təvəllüdlü Əliyev Ömər Ruslan oğlunun atası Cavabdeh, anası isə X4r. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-693/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin nikahından xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(033)-1215/2014 nömrəli qətnaməsi ilə təyin edilmiş 80 manat sabit pul məbləğində aliment artırılaraq 117 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxxxx 2007-ci il tarixdə Əliyev Ömər Ruslan oğlu adlı uşaqları anadan olmuşdur. Onlar arasında olan nikah pozulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-693/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, tərəflərin nikahından xx xxxxxxxx 2007-ci il tarixdə anadan olmuş Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı 117 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “X5” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. X1 Baş Assambleyasının xx xxxxxx 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş X3 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. X6 Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. xx xxxxxx 1989-cu ildə qəbul olunmuş X5 BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı artıq 13 yaşına çatmış uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxxxx 2007-ci il təvəllüdlü Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq xx xxxxxxxx 2007-ci il təvəllüdlü Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-693/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 140 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq xx xxxxxxxx 2007-ci il təvəllüdlü Əliyev Ömər Ruslan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(033)-693/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-698/2020
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-698/2020
22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver