Məhkəmə qərarları › İş №2(033)-698/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-698/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-698/2021 29.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı (bundan sonra BOKT "xxxx" MMC) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borcu 441,61 manat, faiz borcu 10,52 manat, 0,10 manat cərimə olmaqla cəmi 452,23 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin və 1 manat bank xidmət xərcinin tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-698/2021 nömrəli 09 iyul 2021-ci il tarixli qərardadına əsasən iddiaçı "Viator Mikro Kredit Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı BOKT "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 09.10.2019-cu il tarixli 4095 saylı kredit müqaviləsinə əsasən borcluya 60 ay (bir il güzəşt müddəti müəyən edilmədən) müddətinə illik 1 % ödəmək şərtilə 470.05 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 09.10.2019-cu il tarixli 4095 saylı kredit müqaviləsinin 1.2-ci bəndinə görə “Bu Müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 470.05 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 470.05 manat məbləğində güzəştli krediti verməyi, Borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (“Kredit üzrə ödəniş cədvəli”) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür”. Eyni zamanda 09.10.2019-cu il tarixli 4095 saylı kredit (restrukturizasiya) müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən “Zamin kredit verənin qarşısında Borcalanın 4095 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür”. Borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditin müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə borclunun kredit (restrukturizasiya) müqaviləsi üzrə "xxxx" MMC-nə 441.61 manat əsas, 10.52 manat faiz, 0.10 manat cərimə borcu olmaqla cəmi 452.23 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsini müdafiə edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 4095 saylı, 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən BOKT "xxxx" MMC 470.05 (dörd yüz yetmiş manat, 05 qəpik) manat məbləğində güzəştli krediti verməyi, Cavabdeh1 isə verilmiş krediti və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (Kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən Kredit illik faiz dərəcəsi 1% olmaqla 5 il (altmış ay) (1 il güzəşt müddəti müəyyən edilmədən) müddətinə verilir. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 4095 nömrəli 09 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin kredit verənin qarşısında borcalanın 4095 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcimdə yerinə yetirilməsinə görə məhsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində kredit məbləğinin həmçinin ondan əmələ gələn faizlərin, məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Borcverən qarşısında kredit alanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişlərin surətindən görünür ki, kredit qrafikinə uyğun borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehlər məlumatlandırılmışdır. İş materiallarında olan BA/404 nömrəli maliyyə arayışından görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 4095 saylı, 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1nın 25 noyabr 2020-ci il tarixə əsas borcu 441,61 manat, faiz borcu 10,52 manat, cərimə 0,10 manat, ümumi borcu 452,23 manat təşkil edir. İş materiallarından müəyyən olundu ki, Cavabdeh1 4095 saylı, 09 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə illik 1 faiz ilə 5 il müddətinə 470,05 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 borcunun bir hissəsini ödəməsinə və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq kredit borcunu ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göründüyü kimi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh1 09 oktyabr 2019-cu il tarixli 4095 saylı müqaviləyə əsasən kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC kredit müqaviləsi üzrə qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh1 tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 4095 saylı, 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 441,61 manat əsas borc məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 09 oktyabr 2019-cu il tarixli 4095 saylı müqavilənin 2-ci bəndindən görünür ki, azalan balansa illik 1 faiz hesablanmaqla 5 il müddətinə verilmişdir Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu da cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehdən 4095 saylı, 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 10,52 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 0,10 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 4095 nömrəli 09 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən cavabdehlərdən müştərək qaydada 20 (iyirmi) manat dövlət rüsumu və 1 manat bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09 oktyabr 2019-cu il tarixli 4095 saylı kredit müqaviləsinə və 4095 nömrəli 09 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən 441,61 manat əsas borc, 10,52 manat faiz borcu, 0,10 manat cərimə borcu olmaqla ümumilikdə 452,23 və 20 manat dövlət rüsumunun əvəzi və 1 manat bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09 oktyabr 2019-cu il tarixli 4095 saylı kredit müqaviləsinə və 4095 nömrəli 09 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən 441,61 (dörd yüz qırx bir manat altmış bir qəpik) manat əsas borc, 10,52 (on manat əlli iki qəpik) manat faiz borcu, 0,10 (on qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 452,23 (dörd yüz əlli iki manat iyirmi üç qəpik) manat borc tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştrək qaydada 20 (iyirmi) manat dövlət rüsumu və 1 (bir) manat bank xidmət xərci tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar