Məhkəmə qərarları › İş №2(033)-855/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-855/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-855/2023 31.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,40 manat dəyərində pul məbləğinin ondan tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkum Əliyev X2 Rayon Məhkəməsinin 1(001)-522/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçınə gələrək qeydiyyatdan keçmiş, izahatı alınmış və cəzanın icrası qayda və şərtləri ona izah edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilərək üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı bir daha izah edilmişdir. Məhkum Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən cinayət işi başlanılmış və Nərimanov Rayon Məhkəməsinin 4(005)-582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və məhkum hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkum barəsində həbs qətikman tədbiri seçildikdən sonra elektron qolbaq məhkumun üzərindən açılaraq mobil nəzarət qurğusu ilə birlikdə təhvil götürülmüş və aidiyyəti üzrə Elektron Monitorinq idarəsinə təhvil verilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilmişdir ki, mobil nəzarət qurğusunun korpusu kleylənmişdir, müdaxilə ehtimalı vardır, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə İddiaçı və Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, İddiaçı rəisi vəzifələrini icra edən baş ədliyyə müşaviri Elşad Əbdülrəhimzadə məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-522/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınması, maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə təhvil verilməsi və tədqiqatdan sonra qalıq çəkisi 0,961 qram çəkidə olan narkotik vasitə metamfetaminin məhv edilməsi, maddi sübut kimi tanınmış 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza xərci 110 (yüz on) manatın Cavabdeh tutularaq dövlət büdcəsinin hesabına keçirilməsi hökm edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, məhkuma “Attenti" markalı elektron nəzarət vasitəsi (26401 nömrəli elektron qolbaq, 35631362 nömrəli mobil qurğu) tətbiq edilmiş, məhkuma 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd adapter və telefon üzlüyü təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-582/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində 04 (dörd) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmış, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Elektron nəzarət vasitəsinin Elektron Monitorinq İdarəsinə təhvil verilməsinə dair 14 aprel 2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh üzərindən çıxarılmış 35654742 nömrəli elektron nəzarət vasitəsi İdarəyə təhvil verilmişdir. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, ED nömrəsi 000218 olan, Nəzarət subyekti Cavabdeh təhvil verilmiş elektron nəzarət dəsti “Mobil qurğu”ya baxış nəticəsində korpusun kleyləndiyi, müdaxilə ehtimalı olduğu, təmiri mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmiş, fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikası Probasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ED-M-№ 96-21 nömrəli məktubdan görünür ki, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası qiyməti 2277.40 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında AZərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli qərarı 7.5-ci maddəsinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edilmiş hallardan görünür ki, məhkum Əliyev X2 Rayon Məhkəməsinin 1(001)-522/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçınə gələrək qeydiyyatdan keçmiş, izahatı alınmış və ona cəzanın icrası qayda və şərtləri ona izah edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilərək üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı bir daha izah edilmişdir. Məhkum Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən cinayət işi başlanılmış və Nərimanov Rayon Məhkəməsinin 4(005)-582/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir və məhkum hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Məhkum barəsində həbs qətikman tədbiri seçildikdən sonra elektron qolbaq məhkumun üzərindən açılaraq mobil nəzarət qurğusu ilə birlikdə təhvil götürülmüş və aidiyyəti üzrə Elektron Monitorinq idarəsinə təhvil verilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilmişdir ki, mobil nəzarət qurğusunun korpusu kleylənmişdir, müdaxilə ehtimalı vardır, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. Elektron nəzarət vasitəsinin tərkib hissəsi olan 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası ilə birlikdə qiyməti 2277.40 manat təşkil edir. İddiaçı həmin məbləğin cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. İş materiallarından da göründüyü kimi, Cavabdeh təhkim edilmiş mobil nəzarət qurğusu yararsız hala düşmüş, Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyə əsasən “Mobil qurğu”ya baxış nəticəsində nəzarət subyektinə təhkim edilmiş mobil nəzarət qurğusunun korpusunun kleylənməsi, müdaxilə ehtimalının olması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız hala düşməsi müəyyən edilmişdir. Məhkuma Cavabdeh məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, Probasiya üzrə böyük icra məmuru tərəfindən ona Elektron nəzarət cihazına qulluq göstərilməsi və işlək vəziyyətdə saxlamalı olduğuna dair məlumat verilmişdir. Həmin cihazları zədələdiyi halda dəymiş zərərin ondan tutulacağına dair xəbərdar edilmişdir. Lakin, o, Mobil qurğunun korpusunu kleyləmiş, müdaxilə etmiş və nəticədə qurğu istifadəyə tam yararsız vəziyyətə düşmüşdür. Bu hallar işə olan sənədlərlə də öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin hərəkətləri nəticəsində İddiaçı tərəfindən Cavabdeh tətbiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus “Attenti" markalı (nömrəsi 35654742 olan) 1 ədəd mobil nəzarət qurğusunun korpusunun kleylənməsi, müdaxilə ehtimalının olması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız hala düşməsi nəticəsində iddiaçıya 2277.40 manat maddi zərər dəyməsi tam təsdiq olunduğundan və iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan, cavabdeh isə vurduğu zərərin əvəzini ödəməyə borclu olduğundan, dəymiş zərərin əvəzi cavabdehdən tutularaq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Cavabdeh 42.78 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh ona təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaiti alınaraq Bakı şəhəri Maliyyə İdarəsinin hesabına ödənilsin. Cavabdeh 42.78 (qırx iki manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar