Məhkəmə qərarları › İş №2(033)-990/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-990/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-990/2021 27.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2252,21 ABŞ dolları borc-bundan 667,34 ABŞ dolları əsas, 230,45 ABŞ dolları faiz, 1258,93 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95,49 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 26% olaraq ödəmək şərtilə 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə 02 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 20 aprel 2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 4287,88 ABŞ dolları etmişdir. Kreditin müddəti 20.04.2016-cı il tarixinə kimi uzadılmışdır. 20.04.2015-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra 17 may 2017-ci il tarixli əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) 2597.58 (iki min beş yüz doxsan yeddi ABŞ dolları 58 sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındaki kredit öhdəliyinin qalığının tərkibini 1537.82 (bir min beş yüz otuz yeddi ABŞ dolları 82 sent) ABŞ dolları əsas borc, 767.73 (yeddi yüz altmış yeddi ABŞ dolları 73 sent) ABŞ dolları faiz borcu və 292.03 (iki yüz doxsan iki ABŞ dolları 03 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 17.08.2018-ci il tarixədək uzadılır və illik 10 (on) faiz ödənilir. 17.05.2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********622 saylı 12.07.2021-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 13.07.2021-ci il tarixə kredit üzrə cəmi borcu 2252.21 (iki min iki yüz əlli iki ABŞ dolları 21 sent) ABŞ dolları təşkil edir. Bundan 667.34 (altı yüz altmış yeddi ABŞ dolları 34 sent) ABŞ dolları əsas, 230.45 (iki yüz otuz ABŞ dolları 45 sent) ABŞ dolları faiz, 1258.93 (bir min iki yüz əlli səkkiz ABŞ dolları 93 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş ABŞ dolları 49 sent) ABŞ dolları faiz borcu təşkil edir. Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Coşqun İbrahimxəlilov məhkəməyə ərizə ünvanlayaraq bütün məhkəmə baxışı iclaslarına iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumatı məhkəməyə verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 26% olmaqla 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 02 iyun 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən həmin tarixdə kassa məxaric orderinə imza etməklə 6500 ABŞ dolları kredit almışdır. İşdə olan 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 götürdüyü 6500 ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətində qaytarılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan 02 iyun 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 02 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşdə olan olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 167 nömrəli 20.04.2015-ci il tarixli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4287.88 ABŞ dolları təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, kreditin müddəti 20.11.2016-ci il tarixədək təyin olunur. İşdə olan olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli 02 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə 167 nömrəli əlavə sazişdən görünür ki, kredit müqaviləsi üzrə Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4287,88 ABŞ dolları təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditin müddəti 20.11.2016-ci il tarixədək təyin olunur. İşdə olan olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 02 nömrəli 17.05.2017-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2597,58 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 17.08.2018-ci il tarixədək təşkil edir. Həmin sazişin 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktıki illik faiz dərəcəsi 10 (on) faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 20 (iyirmi) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İşdə olan olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 02 nömrəli 17.05.2017-ci il tarixli əlavə sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2597,58 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 17.08.2018-ci il tarixədək təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 (on) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 10 (on) faiz təşkil edir. Həmin sazişin 1.4-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş cədvəlində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 20 (iyirmi) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarında olan Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, 03 gün müddətində kredit borcunun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 iyun 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 13 iyul 2021-ci il tarixinə 667,34 ABŞ dolları əsas, 230,45 ABŞ dolları faiz, 1258,93 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 95,49 faiz borcu yaranmışdır. İş materiallarından müəyyən olundu ki, Cavabdeh1 02 iyun 2014-cü il tarixli ********* kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 26 faizlə 24 ay müddətinə 6500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit üzrə öhdəliklərinin icrasının təmini kimi Cavabdeh2 ilə "xxxx" ASC arasında 02 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, zamin Cavabdeh2 Cavabdeh1 02 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. 20.04.2015-ci il tarixli əlavə sazişlərlə kredit müqaviləsi üzrə Cavabdeh1 borcu 4287,88 ABŞ dolları, 17.05.2017-ci il tarixli sazişlə isə 2597,58 ABŞ dolları təşkil etdiyi müəyyən edilmiş və kreditin müddəti kimi ilk saziş üzrə 20.11.2016-ci il tarixi, 17.05.2017-ci il tarixli sazişlə 17.08.2018-ci il təyin edilmişdir. Cavabdeh1 krediti götürdükdən sonra onun bir hissəsini ödəməsinə baxmayaraq kredit borcunun ödəniş qrafikində nəzərdə tutulmuş məbləğlərdə və müddətlərdə xəbərdarlıq edilməsinə baxmayaraq ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdehlər isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmimşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 667,34 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İş materiallarından da müəyyən edilir ki, kredit müqaviləsi 24 ay müddətinə, illik 26 faiz olmaq şərti ilə verilmişdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 və Cavabdeh2 02 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 230,45 ABŞ dolları faiz borcunun və iddia tələbinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 95,49 ABŞ dolları borcun ödənilməsi hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissələrdə də təmin edilməlidir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 1258,93 ABŞ dolları cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 1258,93 ABŞ dolları cərimə qismən, 12 ABŞ dolları həddində təmin edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış (gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla) 95,49 ABŞ dolları borcun tutulması hissəsi ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, əsas borc məbləğinin borcun qaytarma vaxtı olan 17 avqust 2018-ci il tarixdən sonrakı müddət üçün cavabdeh məsuliyyət daşıyır və həmin pul məbləğinin hər hansı əsas olmadan özündə saxlanılması qanunsuz olmaqla, həmin pul vəsaitindən cavabdehin istifadə etməsini və gəlir götürməsini də istisna etmir. Müqavilənin müddətinin bitdiyi 17 avqust 2018-ci il tarixdən iddia tələbində göstərilən 13 iyul 2021-ci il tarixədək olan müddət üçün 95,49 ABŞ dolları tutulmalıdır. Belə olan halda iddia tələbinin bu hissəsi də qanuni və əsaslı hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, 02 iyun 2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsinin şərtlərinə görə zamin-Cavabdeh2 iddiaçı qarşısında borcalanla birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 667,34 ABŞ dolları əsas kredit borcu, 230,45 ABŞ dolları ona hesablanmış faiz borcu, iddia tələbinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 95,49 ABŞ dolları və 12 ABŞ dolları cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Göründüyü kimi iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də "xxxx" ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 667,34 ABŞ dolları məbləğində əsas borc, 230,45 ABŞ dolları ona hesablanmış faiz borcu, iddia tələbinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 95,49 ABŞ dolları və 12 ABŞ dolları cərimə borcu, cəmi 1005,28 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 667,34 (altı yüz altmış yeddi ABŞ dolları otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 230,45 (iki yüz otuz ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu, iddia tələbinin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 95,49 (doxsan beş ABŞ dolları qırx doqquz sent) ABŞ dolları və 12 (on iki) ABŞ dolları cərimə borcu, cəmi 1005,28 (bir min beş ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar