Məhkəmə qərarları › İş №2(034)-116/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-116/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-116/2025 03.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1028/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2002-ci ildə nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2003-cü il tarixdə Nüşabə, xx.xx.2004-cü il tarixdə Müşfiq, xx.xx.2014-cü il tarixdə Elvin, xx.xx.2017-ci il tarixdə Rəhilə adlı dörd uşaqları anadan olmuşdur. Uşaqlardan 2003-cü il təvəllüdlü Nüşabə və 2004-cü il təvəllüdlü Müşfiq artıq yetkinlik yaşlarına çatmışlar. 2014-cü il təvəllüdlü Elvin və 2017-ci il təvəllüdlü Rəhilə isə yetkinlik yaşlarına çatmamışlar. Cavabdehlə uzun müddət bir yerdə yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(041)- 367/2014 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə birgə nikahdan olan uşaqlar himayəsində saxlanılmış və onların saxlanması üçün cavabdehdən aliment tutulmuşdur. Lakin, cavabdeh himayəsində olan uşaqların saxlanması üçün maddi yardım etdiyindən ona qarşı alimentdən imtina etmişdir. Cavabdehlə aralarında olan nikah pozulduqdan bir müddət sonra valideynlərinin məsləhəti ilə barışmış və bir yerdə yaşamağa başlamışlar. Bir yerdə yaşadıqları müddətdə cavabdehdən nikahlarının yenidən rəsmiləşdirilməsini xahiş və təkid etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlə bir yerdə yaşadıqları müddətdə Elvin və Rəhilə adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar doğulduqdan sonra cavabdeh evdə heç bir əsas olamadan yersiz və mənasız sözsöhbətlər, dava-dalaşlar salmış, bu da ailə münasibətlərini daha da kəskinləşdirmişdir. Cavabdehlə belə bir vəziyyətdə bir ailə kimi birlikdə yaşamaqları mümkün olmadığından ayrılmaq qərarı almış və uşaqları ilə birlikdə atasının evinə qayıtmışdır. Cavabdehlə ayrıldıqdan sonra cavabdeh birgə nikahdan olan uşaqlara heç bir maddi yardım etmədiyindən o, uşaqların artan tələbatını ödəmək üçün cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1028/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən birgə nikahlarından olan 08.062004-cü il tarixdə anadan olmuş X2, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğin 110 manat olmaqla, cəmi 330 manat miqdarında alimentin alınaraq ona ödənilməsi qərara alınmışdır. Hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən ödənilən aliment hazırda iki uşağın heç bir tələbatını belə ödəmir. Belə ki, cavabdeh iki uşağa cəmi 220 manat aliment ödəyir. Başqa heç bir əlavə maddi yardım etmir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında uşaqların saxlanması üçün heç bir razılıq əldə edə bilməmişlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar