Məhkəmə qərarları › İş №2(034)-118/2022

Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(034)-118/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-118/2022 10.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2888.29 manat borcun və 3.40 manat məbləğində dövlət rüsmunun cavabdehdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş “Azərişıq" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********V0007 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2888.29 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 2888.29 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. “Azərişıq" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesblaşma dövründə ona buraxılmış ekletrik enerjisinin haqqını enerjitəhcizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. “Azərişıq" ASC mülki hüquq subyektidir və digər şəxslər tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. ünvan 1 ünvana elektrik enerjisindən istifadə edilməsi üçün abonent kodu **********V0007 İlqar Xankişiyev olsa da, əslində həmin ünvanda İlqar Xankişiyevin atası X1, qardaşı Cavabdeh 2005-ildən bəri yaşamışlar. 2012-ci ildə X1 rəhmətə qetdiyindən sonra da Cavabdeh elektrik enerjisindən istifadə etməyə davam etmişdir və 2017-ci il tarixdən 2021-ci ilə kimi onun 2888 manat 29 qəpik borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi məhəkəmdən iddianın təmin edilməsini və ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İlqar Xankişiyev arasında Bakıxanov qəsəbəsi 4010/94, ev 4v, mənzil 7 ünvana dair 01.04.2021-ci il tarixli 255077 nömrəli mıüqavilə bağlanmışdır. İş materiallarında olan abunə haqqında məlumat görünür ki, İlqar Xankişiyevin 1.806.40 manat məbləğində borcu vardır. İş materiallarında olan və "xxxx" ASC tərəfindən 2.848.29 manat borcun ödənilməsi ilə bağlı İlqar Xankişiyevə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə Vüsal Xankişiyiev arasında 01.07.2021-ci il tarixli 275337 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 2017-ci il üçün 1021.22 manat, 2018-ci il üçün 1768.22 manat, 2019-cu il üçün 2494.09 manat, 2020-ci il üçün 2983.18 manat, 2021-ci il üçün isə 2696.08 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 22.02.2022-ci il tarixli aktdan görnür ki, vətəndaş Cavabdeh, (abunə kodu **********V0007) Sabunçu rayonu, ünvan 2 ünvanda yaşamış və atası X1 09.03.2012-ci ildə rəhmətə getdiyi gündən sonrada yaşayır və hal-hazıradək elektrik enerjisindən istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2888.29 manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır» Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2888.29 (iki min səkkiz yüz səksən səkkiz manat, iyirmi doqquz qəpik) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamədən onun alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Zəngilan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar