Məhkəmə qərarları › İş №2(034)-143/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-143/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-143/2025 11.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı X3 Cavabdeh qarşı «pul tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı X6 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14.500 manat borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı İddia tələbi onunla əsaslandırılmışdır ki, qonşusu Cavabdeh ondan 40500 manat borc istəmiş, onun da bir neçə il ərzində ailə üzvlərinin vəsaiti hesabına ev almaq üçün yığılmış 40500 manat pulu ona borc vermiş, cavbdeh həmin puldan 26000 manatını ona qaytardıqdan sonra qalıq 14500 manatını müxtəlif bəhanələr gətirməklə qaytarmaqdan boyun qaçırmışdır. Bu məsələdən artıq uzun müddət keçdiyinə görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı ilə o, qonşu olmuş, iddiaçıdan müxtəlif vaxtlarda borca pul almış, aldığı pullarıda faizi ilə birlikdə tam şəkildə qaytarmış, özündə qeydiyyatda aparmışdır. İddiaçı ona qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, ondan 14.500 manat məbləğində faiz borcun tutulmasını tələb edir. İddiaçı iddiasında ona 40500 manat pul verməsini iddia edir və bildirir ki, həmin puldan 26.000 manat qaytarılmış, 14.500 manat borcu isə qaytarılmamışdır. Ümumiyyətlə bilmək istəyir ki, iddiaçı 40.500 manat pulu ona nəylə vermiş, araların hər hansı bir razılaşma, notarial qaydada təsdiq edilmiş ərizə və ya müqavilə mövcud deyil, əgər varsa məhkəməyə sübut təqdim etsin. Onlar da görsünlər ki, iddiaçı tələbində haqlıdır və ona 40500 manat məbləğində borc vermiş və indidə borcun qaytarılmamış hissəsini tələb edir. Çünki belə bir sübut yoxdur. Bu iddiaçının yalan və uydurma fərziyyələrindən başqa bir şey deyildir. Bəli iddiaçıdan axırıncı dəfə 21.000 manat məbləğində borc pul almış, və həmin borcu da artıqlaması ilə qaytarmışdır. Yəni, iddiaçıya 21.000 manat əvəzinə, 26.000 manat pul qaytarmışdır. İddiaçı ondan polisə şikayət edən zaman bölmdə verdiyi izahatında da bildirmişdir ki, borcu qaytarmış və onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı özü də 26.000 manat pulun qaytarılmasını etiraf etdiyi halda, nəyin əsasında məhkəməyə müraciət edərək ondan yenidən 14.500 manat pul istəyir. Görünür ki, iddiaçı əlində heç bir sübutu olmadığı halda, ona təyziq etməklə, hədələməklə, səs-küy yaratmaqla, məhkəməyə heç bir əsası olmayan iddia verməklə ondan qanunsuz olaraq pul tələb etməyə çalışır. Məhkəmənin ədalətinə inanıra və iddianı qəbul etmir. İnanır ki, məhkəmə iş üzrə iddianın əsassız və qanunsuz olmasını nəzərə alaraq, tələbin rədd edilməsi barədə öz qanuni qərarını qəbul edəcəkdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin ərizəsini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X6 qonşusu X2 40500 manat məbləğində pulu borc vermiş, cavabdeh 26000 manatını qaytarsada, qalıq 14500 manatı müxtəlif bəhanələr gətirməklə qaytarmaqdan boyun qaçırmışdır. Bu məsələdən artıq uzun müddət keçdiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı iddiaçı Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etmiş, lakin şöbədən bu iş mülki xarakterli olduğundan məhkəmədə baxılmalıdır bildrilmişdir. Tərəflər arasında da, borcla bağlı danışıq olmuş, həmin səs yazısını məhkəməyə sübut qismində təqdim etmişlər. Rübabənin 40500 manatı Yasəmənə verməsinə dair hər hansı yazılı sübutları yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsin pulu Yasəmənə hansı tarixdə verməsi ilə bağlı məlumatı yoxdur. Ümumiyyətlə tərəflər bir-birilərinə pul verəndə heç bir əl yazıları olmayıbdır. İddiaçı tərəf qeyd edir ki, 26000 manat borc qaytarılmış,14500 manat borc isə qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X6 iddia tələbini müdafəi edərək, izahatında bildirmişdir ki, Yasəmən gedib gəlib ondan pul istəmiş, o, da həyat yoldaşına bildirmişdir ki, Yasəmənə pul verməsinlər. Yoldaşı ona pul vermiş, o, da 40600 manatı Yasəmənə vermiş, cavabdeh ona 26000 manat pul qaytarmışdır. O, Yasəmənənin evinə getmiş, onun yoldaşına Yasəmənin ona borcu olmasını bildirmiş, orada onun dəftəri əsasında hesablamış və Yasamən ona 26000 manat pul qaytarmışdır. Yasəmənin yoldaşı öz evini 55000 manata satdı demiş və onun borcunu ödəyəcəyini bildirmişdir. Yasəmənin yoldaşı onun borcundan 10000 manatı ona qaytarması üçün qızına vermişdir. O, pulu Yasəmənə verəndə araların hər hansısa yazılı bir müqavilə olmamışdır. O, qonşu olduğu üçün Yasəmənə inanmışdır. Onun da borcla bağlı dəftəri vardı, onu Yasəmənin əri cırıb atmışdır. O, polisə cavabdehin ondan 40600 manat alıb 14500 manat borcu qalması ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçı Başxəliyeva Rübabədən 21000 manata yaxın pul almış, 26000 manat pul qaytarmışdır. İddiaçıya o, əsas borcu ödəmişdir. İddiaçının ondan tələb etdiyi 14500 manat faiz borcudur, onu ödəməyə imkanı yoxdur. Pulu iddiaçıdan əlbə-əl alıb əlbə-əl qaytarmışdır. İddiaçı ona pulu notarial qaydada verməmişdir. O, Sabunçu rayon Polis İdarəsindən çağrıldığı üçün idarəyə getmiş, orda yazdığı izahatında Rübabəyə heç bir borcu olmasını qeyd etmişdir. Onun faiz pulunu qaytarmağa imkanı yoxdur. 2022-ci ildə Rübabədən 21000 manat pul götürmüş, Rübabə pulu ona10-15 manat faizlə vermişdir. İddiaçı tərəf ona 14500 manat faiz borcunun qaytarılması üçün hər gün zəng etmiş, o, da iddiaçıya əsas borcu ödəməsini, qalan 14500 manat faiz borcunu isə indi imkanı olmaıdığı üçün olanda ödəyəcəyini bildirmişdir. İddiaçıdan 21.000 manatı bütövlükdə almamış, bir dəfə 1000 manat, sonra 2000 manat beləbelə artım ilə faiz borcu vermişdir. 1000 manat faizin üzərində 100 manat qaytarmışdır. 2000 manat götürəndə 13% -lə 260 manat aylıq ödəniş etmişdir. Səsdə bildirir ki, o, iddiaçıa 38000 manata yaxın pul ödəmiş, yəni bundan öncədə ödədiyi pullları nəzərdə tutur. O, da polis bölməsinə gedib borcunun olmaması ilə bağlı ərizə yazmışdır. O, polis bölməsinə yaxınlaşıb onun orda şikayət əsasında yazdığı ərizəsini tələb etmiş, lakin ona burda ərizənin olmamasını bildirmişlər. O, Rübabədən 40500 manat pul götürməmiş, Rübabədən 1000,1500, 2000 manat götürmüş, faizi ilə qaytarmışdır. Rübabə sübut etsinki ona 40600 manat pul vermişdir. Onun icazəsi olmadan Rübabə onun səsini ona xəbərdarlıq etmədən yazmış, tərəfin məlimatı olmadan səsinin yazılması cinayət məsuliyyəti yaradır. Onun yoldaşı Rübabənin borc dəftərini cırmamış, onlarda borc hesablanmış, onun Rübabəyə heç bir borcu olmadığı aydın olmuşdur. Rübabənin dəftəri məhkəməyə təqdim etməməkdə məqsədi onun iddiaçıya borcu olmadığı üçündür. O, əsas borcu Rübabəyə qaytarmışdır. Rübabədən 40500 manat pul almamış, Rübabə sələmə pul verən adamdır.Rübabədən pulu faizlə götürməsini onda olan dəftərlə sübut edir. 38000 manat səsdə deyilən pulu qaytarması, o,əvvəllərdə Rübabədən sələmə pul almasını vurğulayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, cavabdeh anasıdır. Anasının Rübabə xanımdan pul almasından məlumatsız olmuş, Rübabə xanım onlara gəlmiş, anasının ondan 40500 manat pul götürməsini bildirmişdir. Anası da Rübabədən sələmə pul götürməsini və borcunu ödəməsini bildirmişdir. O, Rübabə xanıma bu barədə atasına bildirməməsini xahiş etmişdir. Müəyyən bir müddətdən sonra Rübabə xanım atasına bildirəndə sonra, onların evinə Rübabə öz borc dəftərini gətirmiş, anasının ona 26000 manat pul ödəməsini demişdir. Atası da pul söhbətinə görə anası ilə rəsmi ayrılmışlar. Rübabə xanımın ərizəsi əsasında anası və qardaşı polisə çağrılmış, anası və qardaşı polis bölməsinə yaxınlaşıb borclarının olmaması ilə bağlı ərizə yazmışlar. Polis orada anasına bui ş mülki qaydada baxılmalı olduğundan onların baxmamasını bildirmişdir. Rübabə xanım anasına faizlə pul vermiş, anası da əsas borc məbləğini ödəmişdir. Anasına Rübabə xanım 1000-2000, belə faizlə pul vermişdir. Rübabə xanım onlara gəlmiş, dayısı, atası, bibiləri onlarda olmuş, oturub hesbladıqdan sonra anasının borcu 21000 manat olduğu halda anası Rubabəyə 26000 manat pul ödəmişdir. Polis bölməsində dəftərə əsasən hesablanmışdır ki, anasının Rübabə xanıma borcu yoxdur. Anası həmişə Rübabəyə pul ödəyəndə onu dəftərinə qeyd etmişdir. Ona Rübabə xanım bildirəndə ki, anasının borcu var, o, da köməklik edib qaytararlar demiş, hesablanandan sonra bilmişdir ki, anasının Rübabəyə borcu yoxdur. Əgər anasının borcu qalsaydı onlar o pulu köməklik edib ödəyərərdilər. Ailələri bu pul söhbətinə görə dağılmışdır. Rübabə xanım anama səs atmışdır ki, guya atası ona borcu qaytarmaq üçün pul vermiş, amma elə bir şey olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis X1 ünvanlandığı 49-1/2-B-19156 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı müraciətində göstərilən xüsusatlar mülki hüquqi xarakterli olması müəyyən edildiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər qonşu olmuş, 2022-ci ildə cavabdeh iddiaçıdan borc pul istəmiş, iddiaçıda ailə üzvlərinin vəsaiti hesabına ev almaq üçün yığdıqları 40.500 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh borcundan 26.000 manatı qaytarmış, yerdə qalan 14.500 manat isə qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etməsinə baxmayraq bunun heç bir əhəmiyyəti olmamış, cavabdeh barəsində tədbir görülməsi üçün ərizə ilə polisə müraciət etmiş, polis təprəfindən aparılan araşdırma zamanı iddiaçının müraciətində qeyd edilən xüsusatların mülki hüquqi xarakterli olması müəyyən edildiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırmaı zamanı iddiaçı cavabdehdən qalıq borcu olan 14.500 manatının ödənilməsini tələb etsə də, cavabdeh onun bu tələbini qəbul etməmiş, iddiaçıya hazırda heç bir borcu olmasını, borcunu tam şəkildə artıqlaması ilə qaytarmasını, iddiaçının ərizəsi əsasında polisdə verdiyi izahatında da cavabdehə 21000 manat borcun əvəzi olaraq 26.000 manat pulu qaytarmasını, iddiçıdan borc aldıqda və həmin borcu qaytardıqda özünə aid olan kitabçada qyedlər aparmasını bildirmişdir. Hətta araşdırma zamanı iddiaçı da məhkəmə iclasında verdiyi izahatında cavabdeh tərəfindən ona 26.000 manat məbləğinlə pul qaytarılmasını etiraf etmişdir. Həmçinin tərəflər arasında borcla bağlı hər hansı bir notarial qaydada təsdiq edilmiş ərizə, borc müqaviləsi və ya əlyazma mövcud olmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının şikayəti əsasında toplanmış materialların məhkəməyə təqdim edilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə verilmiş sorğu icra edilməmiş, dəfələrlə onlara əlaqə saxlanan zaman bölmədə belə bir material olmaması bildirilmişdir. Bu da onun göstərir ki, iddiaçı cavabdehin ona 14.500 manat məbləğində borcu olmasını sübut edən möhtəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar