Məhkəmə qərarları › İş №2(034)-169/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-169/2025

14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-169/2025 14.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borclu olduğu 700 manat pulun, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsmunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbiçi olmaqla xidmət edir, Cavabdeh da MAXE olaraq hərbiçi kimi xidmət etdiyinə görə tanımış və onunla normal münasibətləri olmuşdur. Cavabdeh 2024-cü ilin avqust ayında ona müraciət edərək maddi cəhətdən ağır durumda olmaısnı bildirmiş və ona borc pul verməsini xahiş etmişdir. Onun da hərbiçi olması və normal münasibətləri olduğundan onun xahişinə əməl etmiş, e-Manat vasitəsilə 12 avqust 2024-cü il tarixdə cavabdehə 400 manat, 15 avqust 2024-cü il tarixdə 200 manat, 17 avqust 2024-cü il tarixdə isə 100 manat olmaqla, cəmi 700 manat borc olaraq pul göndərmişdir. Cavabdeh həmin borcu 1 ay müddətində qaytaracağına söz vermiş, lakin həmin müddətdən 3 aydan artıq vaxt keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırırmışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN 102 xisməti-zəng mərkəzinə müraciət etmiş, Cəlilabad Rayon Polis X1 Bölməsindən müraciətinə cavab olaraq həmin mübahisə mülki xarakterli olduğundan mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüqunun olması ona izah olunmuşdur. Ona görə də, pozulmuş hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburuyyətində qalmış və Cavabdeh borclu olduğu 700 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə tələbinin təmin olunmasını istəyir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, iddianı müdafiə etməsini, işə onun iştirakı oldmadan baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh kart hesabına 12 avqust 2024-cü il tarixdə cavabdehə 400 manat, 15 avqust 2024-cü il tarixdə 200 manat, 17 avqust 2024-cü il tarixdə isə 100 manat olmaqla, cəmi 700 manat məbləğində ödəniş həyata keçirilmişdir. -İş materiallarında olan Cəlilabad Rayon Polis X1 Bölməsinin İddiaçı ünvanladığı məktubun məzmunudan aydın olur ki, mübahisə mülki xarakterli olduğundan ona mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması ona izah olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.«Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 389.1.mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1.«Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Maddə 442 və 448.1.«Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hər iki tərəf hərbidə xidmət edərkən bir-birlərini tanımış, aralarında normal münasibətlər yaranmışdır. Cavabdeh maddi vəziyyəti ağır olduğundan 2024-cü ilin avqust ayında iddiaçıdan qaytarmaq şərti ilə borca pul istəmiş, iddiaçıda cavabdehin maddi vəziyyətini nəzərə alaraq, e-Manat vasitəsilə onun kart hesabına 12 avqust 2024-cü il tarixdə 400 manat, 15 avqust 2024-cü il tarixdə 200 manat, 17 avqust 2024-cü il tarixdə isə 100 manat olmaqla, cəmi 700 manat məbəlğində borc pul göndərmiş, cavabdeh pulları aldıqdan sonra bir ay müddətinə qaytarmasına söz vermiş, lakin cavabdeh borcu aldığı vaxtdan üç ay vaxt keçməsinə baxmayaraq, bu günə kimi iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən ona olan borcunun qaytarılmasını xahiş etsə də, müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçı məsələ ilə bağlı 102 xidmətinə müraciət etmiş, onun müraciəti mülki xarakterli olduğundan Cəlilabad Rayon Polis X1 Bölməsi iddiaçıya mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı hazıda cavabdehdən ona borclu olduğu pulun qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar