Məhkəmə qərarları › İş №2(034)-171/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-171/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-171/2025 05.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cihangir qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cihangir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədyar oğluna və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cihangir qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədyar oğluna və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədyar oğlundan və Cavabdeh3 müştərək qaydada 40.000 manat məbləğində pul vəsaitinin alınaraq, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, onun və həyat yoldaşının tanışları olan İddiaçı2 Cihangir qızı ilə birlikdə 2022-ci ilin təxminən avqust ayında Binəqədi rayonu ərazisində ev almaq qərarına gəlmişlər. Bu məqsədlə ev axtarmağa başlamış, ev axtaran zaman tanışları olan Cavabdeh1 onlara həmin ərazidə ev tapacağını bildirmişdir. Bu minvalla Şahin onları Cavabdeh2 ilə tanış etmiş və onlara Ramalın evini satdığını bildirmişdir. Tanışlıqdan sonra Ramal onlara Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özünə məxsus 170 kvadrat metr olan evini göstərmişdir. Həyat yoldaşı ilə evə baxmış və evi bəyənərək almaq qərarına gəlmişlər. Lakin evin sənədi olmadığı üçün evə dair alqısatqı aparmaq mümkün olmadığından Cavabdeh2la öz aralarında razılığa gəlmişlər. Beləliklə, xx.xx.2022-ci il tarixdə aralarında olan razılığa əsasən Cavabdeh2 Məmmədyar oğlu özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr olan evinin 110 kvdadrat metr hissəsini şahidlərin iştirakı ilə 40.000 manata ona satmasını, 40.000 manat pulu tam şəkildə almasını və iki ay müddətinə, yəni xx.xx.2022-ci il tarixə kimi evdən çıxmaları ilə bağlı öz imzası ilə sənəd imzalamışdır. Lakin, Cavabdeh2 pulu aldıqdan sonra iki ay müddət keçməsinə baxmayaraq, evdən çıxmamış, yəni üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh2 evi tələb etdikdə Ramal onlardan qaçmağa başlamışdır. Dəfələrlə Ramalla telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsalar da, Ramal onların telefon zənglərinə cavab verməkdən imtina etmişdir. Sonradan Ramalın onlara satdığı evi bir başqasına satdığını və həmin evdə ailənin yaşadığını öyrənmişlər. Bundan sonra cavabdehlərin onu və həyat yoldaşını aldatdığına, onlara qarşı dələduzluq edərək ev almaq üçün verdikləri 40.000 manat pulu mənimsədiklərinə tam əmin olmuşlar. Həmin pulu o, Ramala şahidlərin iştirakı ilə şəxsən özü vermişdir. Dəfələrlə cavabdehlərdən 40.000 manat məbləğində pulun qaytarılmasını tələb etsələr də, onlar bu tələblərə məhəl qoymayaraq, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişlər. Evin alınmasında həyat yoldaşı ilə birgə xərc çəkmiş, yəni evinin pulunu hər ikisi vermişlər. Evin qazı, suyu və işığı bacısı oğlunun adınadır. Cavabdehlərin onu və həyat yoldaşını aldadaraq 40.000 manat məbləğində pulu ələ keçirmələri ilə bağlı ərizə ilə polisə müraciət etmiş, lakin polisdə onlara ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığına görə məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək məqsədə müvafiq olmasını bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun həyat yoldaşının tanışları olan İddiaçı2 ilə birlikdə 2022-ci ilin təxminən avqust ayında Binəqədi rayonu ərazisində ev almaq qərarına gəlmiş, bu məqsədlə ev axtarmağa başlamış, ev axtaran zaman tanışları olan Cavabdeh1 onlara həmin ərazidə ev tapacağını bildirmiş, bu minvalla Şahin onları Cavabdeh2 ilə tanış edərək bildirmişdir ki, bəs Ramal evini satır. Tanışlıqdan sonra Ramal onlara Bakı şəhəri, Binəqədi rayonunda yerləşən, özünə məxsus 170 kv metr olan evini göstərmiş, həyat yoldaşı ilə evə baxmış, evi bəyənmiş və almaq qərarına gəlmişlər. Lakin evin sənədi olmadığı üçün evə dair alqı-satqı aparmaq mümkün olmadığından Cavabdeh2la xx.xx.2022-ci il tarixdə öz aralarında razılığa gəlmiş, aralarında olan razılığa əsasın Cavabdeh2 Məmmədyar oğlu özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr olan evinin 110 kvadrat metr hisəsini şahidlərin işirakı ilə 40.000 manata ona satmasını, 40.000 manat pulu tam şəkildə almasını və iki ay müddətinə, yəni xx.xx.2022-ci il tarixə kimi evdən çıxmaları ilə bağlı öz imzası ilə sənəd imzalamışdır. Lakin, Ramal Mehdiyev pulu aldıqdan sonra iki ay müddət keçməsinə baxmayaraq evdən çıxmamış, yəni üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh2 evi tələb etdikdə onlardan qaçmağa başlamış, dəfələrlə onunla telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsalar da o, telefonlarına cavab verməkdən imtina etmişdir. Sonradan öyrənmişdir ki, Ramal ona satdığı evi başqa bir ailəyə satmış və evdə həmin ailə yaşayır. Bundan sonra tam əmin olmuşdur ki, cavabdehlər onu və həyat yoldaşını aldatmış, onlara qarşı dələduzluq edərək, ev almaq üçün verdikləri 40.000 manat pulu mənimsəmişlər. Həmin pulu o, Ramala şahidlərin iştirakı ilə şəxsən özü vermiş, dəfələrlə cavabdehlərdən 40.000 manat məbləğində pulun qaytarılmasını tələb etsələr də, onların bu tələblərinə məhəl qoymayaraq, müxtəlif bənalərlə pulu qaytarmaqdan imtina etmişlər. Evin alınmasında həyat yoldaşı ilə birgə xərc cəkmiş, yəni pulu hər ikisi vermişlər.Evin qazı, suyu və işığı bacısı oğlunun adınadır. Cavabdehlərin onu və həyat yoldaşını aldadaraq 40.000 manat məbləğində pullarını ələ keçirmələri ilə bağlı ərizə ilə polisə müraciət etmiş, lakin polis onlara ərizədə göstərilən xüsusatlar mülki xarakter daşıdığına görə məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmələrinin məqsədə müvafiq olmasını bildirmişdir. O, 30.000 manat pul və 10.000 manatlıq maşın vermiş, orda razılaşıb qol çəkmişlər. Maşın onun adında olmuş, etibarnamə ilə cavabdehə vermişdir. Həmin hadisə avqust ayında olmuşdur. Şahinə 400 manat pul vermişdir. O, Ramalı tanımamış, onu Şahin və Elşən tanış etmişlər. O, pulu Şahinə vermiş, o da pulu Ramala vermişdir. O, orda pulu notarius qaydasında həll etməlini bildirsə də, onlar qədər belə işlər görmüşlər ki, notariusa getməyə ehtiyac yoxdur demişlər. Ona evi sənədləşdirməyi bildirmiş, yəni qazı suyu onun adına olsun, elə o vaxtdan hər gün sabah deyir, amma heç bir nəticə olmamışdır. Sonradan qazı və suyu bacısı oğlunun adına keçirmişlər. Hal-hazırda mübahisə predmeti olan evdə başqa adam yaşayır və evi cavabdehlər həmin şəxsə satmamışlar. O, Ramala 250 manata evi kirayə verməmişdir. O, Şahinə bildirmişdir ki, 40000 manatı ver, o pula başqa iş görüb qazanc əldə edər. 40000 manatın 30000 manatını İddiaçı2 Cihangir qızından almışlar,10000 manatının əvəzinə özünün mülkiyyətində olan avtomobili vermişdir. Ramal hal-hazırda cəzaçəkmə müəssəsindədir, əldə etdiyi məlumata görə Ramal onlar kimi bir neçə vətəndaşı da aldatmışdır. Əldə etdiyi məlumata görə Ramal maşını başqa adama satmışdır. Onu Cavabdeh1 hər dəfə arxayın etmişdir ki,ev boşaldıb veriləcək. Maşın 2014-cü ilin “Dweoo Sentra” markalı maşındır. Maşını 16 avqust 2023-cü ildə Cavabdeh2 Məmmədyar oğlun qardaşı X5 etibarnamə ilə vermiş, çünki Ramalın şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdir. Həmin gün də Cavabdeh2 Məmmədyar oğlu avtomobili X2.Bu günkü günə kimi Şahin ona burda nə varki narahat olma deyə-deyə işi bura kimi gətirmişdir. Hər gün getmiş, Ramal onu aldadaraq evdən çıxır demiş, amma çıxmamışdır. O, cavabdehlərdən 40.000 manat pulunu istəyir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Cihangir qızı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 30000 manatı zülm ilə yığmışdır. Səxavət xalası oğludur. Evin satılmasını Səxavət ona bildirmşdir. 11000 manat pul oğlu şəhid olduğu üçün verilmiş pul olmuş, qalanını isə şəhid ailəsinə hər ay 600 manat verilən müavinatla yığmışdır. O, ev almaq üçün Səxavətə ümumilikdə 30.000 manat pul vermiş, pul versə də, evi əldə edə bilməmişdir. Hər dəfə pul üçün gedəndə onu bu gün sabah deyib yola vermişlər. Bir dəfə həmin evə gedəndə Ramal əlində bıçaqla onun üzərinə gəlmişdir. O, pulu Səxavətə, o, da Ramala vermişdir. Səxavət pulu Ramala verəndə o, orda olmamışdır. Həmin evdə hal-hazırda başqa ailə yaşayır, həmin ailə onlara bildirmişdir ki, onlar bu evə 11.000 manat pul verib almışlar. O, cavabdehlərdən 40.000 manat pulunu istəyir. Ona sözü gedən evdə yaşıyanlar bildirmişlər ki, onlar polisə 11000 manat pul verib bura köçmüşlər. Sonda iddiaçı məhkəmədən şəhid anası kimi iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul edərək, izahatında bildirmşdir ki, 30.000 manatı iddiaçı Səxavət vermiş, 10.000 manat müqabilində isə maşın vermişdir. Səxavət onların yanında pulu Ramala vermişdir. Pul veriləndə o, Ramal, Şahin və Səxavət olmuşlar. Ramala 30.000 manat pul və maşın verilmişdir. Sonra Səxavət müəllim gəlmişdir ki, Ramal evdən çıxsın, o, evi satır, Ramal evdən çıxmamışdır. Maşının hal-hazırda harda olması barədə məlumatı yoxdur. Səxavətin artıq pulu çıxmasın deyə notariusda gedib alqı-satqını etməmişlər. Onlara 30.000 manat pul və maşın veriləndə orda olmuşlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Şamar oğlu iddianı qəbul etməyərək, izahatında bildirmşdir ki, pul veriləndə, o, Ramal, Elşən və Səxavət olmuşlar. Ramala 30.000 manat pul və maşın verilmişdir. Sonra Səxavət müəllim gəlmişdir ki, bəs o evi satır, Ramal evdən çıxsın, amma Ramal evdən çıxmamışdır. Alqi-satqı notarial qaydada olmamışdır. Ev özbaşına tikilidir. Alqı-satqı iki ilə yaxındır ki, olmuşdur. Su və qaz Səxavətin adınadır. Səxavət onların yanında Ramala 30.000 manat pul və maşın vermişdir. Maşının hansı marka olmasını isə bilmir. Səxavət maşınla bağlı ümumi etibarnamə vermişdir. Maşın barədə hal-hazırda heç nədən xəbəri yoxdur. 30.000 manatı Səxavət Ramala onların yanında vermişdir. Ramal sonra həmin evi 3-4 nəfər başqa adamlara satmışdır Ramal hal-hazırda həbsxanadadır. Ramal ilə Səxavəti o, tanış etmişdir. Sonda cavabdeh məhkəmədən onun heç bir günahı olmadığından iddianın rədd olunmasını xahiş etdi. İş üzrə digər Cavabdeh2 Məmmədyar oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan notarial qaydada təsdiq edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Hüseynov X9 rayonundan məcburi köçkündür. -İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Kərimova X7 rayonundan məcburi köçkündür. İş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilənin surətindən görünür ki, X16 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında mübahisəli evə dair xx.xx.2023-cü i tarixli müqavilə bağlanmışdır. -İş materiallarında olan X16 ilə «Azəriqaz» İB-i arasında mübahisəli evə dair qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satıqısı barədə xx.xx.2022-ci il tarixli AKX-5048xx/xx-2022 nömrəli müqavilə bağlanmışdır. -İş materiallarında olan Cavabdeh2 Məmmədyar oğlu ilə İddiaçı1 arasında yazılı formada xx.xx.2022-ci ildə bağlanmış razılaşmadan görünür ki, Cavabdeh2 Məmmədyar oğlu özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr evinin 110 kvadrat metr hissəsini şahidlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə Zəngilan rayonundan olan İddiaçı1 40.000 manata satmasını, pulu tam almasını, iki ay müddətinə, yəni xx.xx.2022-ci il tarixə kimi evdən çıxmaları barədə Cavabdeh2 Məmmədyar oğlu öz üzərinə öhdəlik götürmüşdür. -İş materiallarında olan «Elektron notariat» X1 Çıxarışın surətindən görünür ki, Bakı şəhəri 48 saylı notariat ofisində etibar edən (mülkiyyətçi) İddiaçı1 ilə etibar edilən X11 ilə etibarnamənin predmeti olan ** UY *** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentral minik» markalı nəqliyyat vasitəsinə dair notariat hərəkətləri aparılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cihangir qızı birlikdə ev almaq qərarına gəlmiş, bu məqsədlə, 2022-ci ilin təxminən avqust ayında Binəqədi rayonu ərazisində ev axtarmağa başlamışlar. Ev axtaran zaman tanışları olan Cavabdeh1 onlara həmin ərazidə ev tapacağını bildirmiş və onları X8 ilə tanış etmişdir. Tanış olduqdan sonra Ramal özünə məxsus 170 kv.m olan evinin 110 kv.m hissəsini satmaq niyyətində olmasını bildirmişdir. İddiaçı1 həyat yoldaşı ilə evə baxmış, evi bəyəndikdən sonra almaq qərarına gəlmişlər. Lakin, evin sənədi olmadığından tərəflər arasında alqı-satqı aparılması mümkün olmadığından onlar öz aralaırnda yazılı formada razılığa gəlmişlər. Belə ki, İddiaçı1 ilə Cavabdeh2 Məmmədyar oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən Cavabdeh2 Məmmədyar oğlu özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 170 kvadrat metr evinin 110 kvadrat metr hissəsini şahidlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə Zəngilan rayonundan olan İddiaçı1 40.000 manata satmasını, pulu tam almasını, iki ay müddətinə, yəni xx.xx.2022ci il tarixə kimi evdən çıxması barədə öz üzərinə öhdəlik götürsə də, cavabdeh pulu aldıqdan sonra iki ay müddət keçməsinə baxmayaraq, evdən çıxmamış, yəni üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı 30.000 manat pulu nağd şəkildə Cavabdeh1 və Cavabdeh3 vermişdir ki, onlarda həmin pulu cavabdeh X6 vermişlər, qalan 10.000 manat müqabilində isə İddiaçı1 mülkiyyətində olan ** UY *** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentral minik» markalı nəqliyyat vasitəsini cavabdeh X3 şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyinə görə onun qardaşı X4 idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi şərtləri ilə vermişdir. Cavabdeh müəyyən edilmiş müddət ərzində evdən çıxmamış, cavabdehlər Şahin və Elşənə dəfələrlə müraciət edib evi ona verilməsini tələb etsə də, cavabdehlər bu günə kimi “burda nə var ki, narahat olma” deyə-deyə işi bu vaxta gədər uzatmışlar. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh evi iddiaçıdan pulu aldıqdan sonra, evi başqa bir ailəyə satmışdır. Evdə yaşayan şəxslər iddiaçıya bildirmişlər ki, onlar bu evi 11.000 manat pul verərək almışlar. İddiaçı cavabdehlər tərəfindən aldadıldığını bildikdən sonra, ondan pulunu geri istəmiş, lakin cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Araşdırma zamanı digər İddiaçı2 bildirmişdir ki, ev almaq üçün cavabdehə verilmiş 30.000 manat pul ona məxsus və o, pulu evi almaq üçün Səxavətə vermişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da 30.000 manat pul, 10.000 manat dəyərində avtomobilin İddiaçı1 tərəfindən onların vasitəsi ilə Cavabdeh2 verilməsini öz izahatları ilə təsdiq etmişlər. Araşdırma zamanı o, da məlum olmuşdur ki, Cavabdeh2 iddiaçılardan başqa digər şəxslərə qarşı bu cür dələduzluq etdiyi üçün hazırda həbsxanadadır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hesab edir ki, Cavabdeh2 Məmmədyar oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki,qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın alqı-satqısı tərəflər arasında alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmaqla bağlanmalı olduğu halda, tərəflər evin mülkiyyət müəyyənedici sənədi olmadığına görə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vasitəçiliyi ilə İddiaçı1 40.000 manat pulun alınmasını təsdiq edən sadə yazılı formada razılaşmalarına baxmayaraq, Cavabdeh2 Məmmədyar oğlu mübahisəli evi iddiaçıya verməmiş, əldə etdiyi pulu da qaytarmamaqla yanaşı, evi başqa birinə satmışdır və Cavabdeh2 Məmmədyar oğlu haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan 40.000 manat pul əldə etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədyar oğlundan və Cavabdeh3 müştərək qaydada 40.000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə uyğun olaraq 40.000 manat qiymətləndirilən iddia üzrə 210 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və Kərimova X7 rayonundan olan məcburi köçkün olduqlarından ödənilməli olan 210 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydasında tutularaq, dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədyar oğlundan və Cavabdeh3 müştərək qaydada 40.000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədyar oğlundan və Cavabdeh3 müştərək qaydada 210 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar