Məhkəmə qərarları › İş №2(034)-174/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-174/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-174/2024 19.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000 manat məbləğində əsas borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12.126 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 Azərbaycan Respublikasının hərbi qulluqçusu olmuş və Vətən Müharibəsi zamanı baş nahiyyəsindən xəsarət alaraq hərbi xidmətdən təxris olunmuşdur. Xəsarət alsa da, oğluna əllilik təyin edilməmişdir. Səhhətində olan ciddi narahatlıq həm oğlunu, həm də onu narahat etmişdir. Əvvəllər tanıdığı Nailə adlı xanım bu barədə köməklik edəciyini bildirmiş və əlliliyin təyini üçün 12.000 manat pul istəmişdir. O, dost-tanışından 5000 manat pul tapmış, 2022-ci ilin avqust ayında Naliyə vermiş, Nailə oğlunun əlillik məsələsinin 1 aya həll edəcəyini bildirmişdir. Lakin həmin muddətdə əlillik təyin edilməmişdir. 2022-ci ilin seyntyabr ayının əvvəllərində Nailə əlilliyin təyini üçün əlavə olaraq 7000 manat pul istəmiş, o, da oğlunun əlilliyinin təyini məqsədi ilə 7000 manatı tapıb Nailəyə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nailə onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ondan oğlu Rəsula əlillik təyin edilməsi üçün 12.000 manat almışdır. Məsələ ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etmiş, Polis Bölməsi tərəfindən xx.xx.2022-ci ildə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bir daha bildirir ki, 12.000 (7000+5000) manat məbləğində pulu Cavabdeh oğlu Rəsula əlillik təyin edilməsi üçün vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ondan 5000 manat və 7000 manat məbləğindən pul almışdır. Belə ki, oğlu Rəsul Həsənov hərbiçi olmuş və onu pensiyaya çıxartmaq üçün Nailə xanıma pul vermişdir. Nailə ilə bir kənddəndirlər və onunla uzaq qohumluqları olduqlarından inanıb ona 5000 manat və 7000 manat olmaqla, ümumilkdə 12.000 manat məbləğində pul vermişdir. Cavabdehi qohumlarından soruşmuş və onlarda onun dələduz olmasını, ona niyə pul verməsini bildirmişlər. Bir il dörd aydır ki, Nailə onun başına bu oyunu açmışdır. Nailənin özü ilə oturub danışmış və ona zaman verilməsini, az-azda olsa pulundan ödəniş edəcəyini demişdir. Cavabdeh aparat almış və evlərə masaj etməyə gedir. Onun pulu ilə 3 ədəd aparat alıb icarəyə vermişdir. Nailə ilə tanışlığı bacısı xəstə olduğu üçün gəlib evdə aparatla bacısını müalicə gedərkən olmuşdur. Nailə ona tanışının olmasını və onun pensiya işini bir aya düzəldəcəyini bildirmişir. Bu işlə bağlı polisədə müraciət etmiş, Nailə xanım ilk əvvəl etiraf etməmiş, lakin sonradan pulu almasını və az-az qaytaracağını etiraf etmişdir. Cavabdeh həmin 12.000 manat puldan 2000 manatını qardaşına ödəniş etmişdir. Cavabdeh polisdə izahatını özü yazmış və imza etmişdir. O, öz ailə üzvlərinin yanında Nailəyə pul vermişdir. İnsan olmasını demiş və inanıb cavabdehə pul vermişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçıdan pul almamışdır. Polisdə verilən ifadələr onun ifadəsi deyildir. O, Qobu rayon polis idarəsinə çağrılmış və oraya getmişdir. O, iddiaçıdan borca pul almamışdır. Onu iki dəfə polisə çağırmışlar, heç bir yerdə əl yazma ilə heçnə yazmamış və imza da etməmişdir. Ona polisdə Nailə xanım gedə bilərsiniz bildirmişlər. O, iddiaçının pulu ilə aparat almamış, iddiaçı ilə heç bir vaxt ədavəti olmamışdır. O, iddiaçının bacısını müalicə edəndə tanımışdır. Cavabdeh iki min manat pulnan bağlı isə iddiaçının qardaşını çağırıb ondan soruşulmasını bildirmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «materialın adiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü adiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli «Cinayət işinin başlanmasının rəd edilməsi barədə” qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materialarında olan Cavabdeh Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində verdiyi izahatında İddiaçı 5000-7000 manat məbləğlərində pul almasını öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında”Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindəöz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, ki, iddiaçının oğlu X1 Azərbaycan Respublikasının hərbi qulluqçusu olmuş və Vətən Müharibəsi zamanı baş nahiyyəsindən xəsarət alaraq hərbi xidmətdən təxris olunmuşdur. Xəsarət alsa da, oğluna əllilik təyin edilməmişdir. İddiaçı oğluna əllik düzəldilməsini istəmişdir. Bu müddət ərzində cavabdehlə tanış olmuş və cavabdeh ona oğluna əlillik düzəldə biləcəyini bildirmiş və bunun üçün də ona 12.000 manat məbləğində pul lazım olmasını bildirmişdir. İddiaçı ilk olaraq, yəni 2022ci ilin avqust ayında 5000 manat pulu cavabdehə vermiş, cavabdeh isə oğlunun əlillik məsələsinin 1 aya həll oluncağını bildirmiş, lakin cavabdehin qeyd etdiyi müddət ərzində oğlunun əlillik məsələsi həll olunmamış, 2022-ci ilin sentyabr ayının əvvəllərində Nailə əlilliyin təyini üçün əlavə olaraq 7000 manat pul istəmiş, o, da oğlunun əlilliyinin təyini məqsədi ilə 7000 manat pulu Nailəyə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nailə onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ondan 12.000 manat pul almışdır. İddiaçı məhkəmə iclasında bildirdiyinə görə cavabdeh aldığı puldan 2000 manat məbləğində onun qardaşına ödəniş etmiş, qalıq məbləği isə bu günə kimi qaytarmamışdır. Cavabdehin iddiaçıdan 5000-7000 manat məbləğində pul almasını Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində verdiyi izahatında bunu etiraf etsə də, lakin məhkəmə iclasında iddiaçıdan heç bir pul almamasını, polis bölməsində onun adından yazılmış izahatı onun yazmamasını və hətta imzanın belə ona aid olmadığını bildirmişdir. Eyni zamanda iddiaçının qardaşına 2000 manat pul qaytarmasını etiraf etsə də, iddiaçının qardaşına 2000 manat pulun verməsinin səbəbini isə məhkəməyə bildirməkdən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul vəsaiti və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar