Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-180/2022 24.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması tələbinə dair» iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17.04.2014-cü il tarixli müqavilə üzrə 10.585,67 ABŞ dolları əsas borc, 6569.71 ABŞ dolları faiz, 4289.16 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 17.04.2016cı il tarixdən 04.02.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3047.75 ABŞ dolları məbəlğində əldə çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24.492,29 ABŞ dolları borcun və 214.91 manat ödənilmiş dövlət rüsmunun tututlması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən kredit kartı vastəsilə illik 28 %-lə 24 ay müddətinə 12.700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10585.67 ABŞ dolları əsas borcu, 6569.71 ABŞ dolları faiz borcu,17156.64 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 17.04.2016cı il tarixdə 04.02.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 3047.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 37359.77 ABŞ dolları borcu vardır. Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 17156.64 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 4289.16 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.17 aprel 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Müqavilənin müddəti 2016-cı ildə bitmiş, müddətin keçməsi ilə bağlı qarşı tərəf ərizə verməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki,iş materiallarına əlavə edilmiş Cavabdeh1 17 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən kredit kartı vastəsilə illik 28 %-lə 24 ay müddətinə 12.700 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 04.02.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdehin banka 10.585,67 ABŞ dolları əsas borc, 6569.71 ABŞ dolları faiz, 17.156.64 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3047.75 ABŞ dolları məbəlğində borc olmaqla, ümumilikdə cəmi 37.359.77 ABŞ dolları borcu vardır.Kredit müqaviləsinin icra müddətini bitdiyi 17.04.2016-cı il tarixinə olan faiz borcu 10504.68 manat təşkil edir. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, MM-nin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizləri tələb etməklə, qanunvericilikdə nəzərdə tutulan hüquqdan (iddia müddəti) sui-istifadə edərək, başqasına ziyan vurmaqla mənfəət əldə etmək məqsədi daşımışdır. Halbuki iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün müəyyən olunmuş müddətdir, yəni iddiaçı müqavilə üzrə yaranan tələb hüququnu iddia müddəti çərçivəsində həyata keçirə bilər. İddiaçının məhkəməyə gec müraciət etməsinin mənfi nəticələrini cavabdeh deyil, iddiaçı daşımalıdır.Məhz buna görə də iddiaçının müqavilənin icra müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu üzrə tələb olunan 3047.75 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada tutulması tələbi təmin edilməməlidir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da iddiaçının tələb etdiyi 4289.16 ABŞ dolları məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 200 ABŞ dolları məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.585,67 ABŞ dolları əsas borc, 6569,71 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.355,38 ABŞ dolları məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 214.91 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 214.91 manat dövlət rüsumunun 179 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır, dövlət rüsumunun qalan 35.91 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.585,67 ABŞ dolları əsas borc, 6569,71 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.355,38 ABŞ dolları məbləğində borc və 179 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan 35.91 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-180/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-180/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver