Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-184/2025 12.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13.000 manat məbləğində pulun, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 326 manat xidmət haqqının və iddia ərizəsinə görə məhkəməyə ödədiyi 129 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsini dolandırmaq üçün yaşadığı Naxçıvan şəhərində xırda buynuzlu heyvanların satışı ilə məşğul olur. Təxminən 2 ilə yaxın olar ki, Cavabdeh2 Naxçıvana gəlmiş və onunla işləmək istədiyini bildirmişdir. Azərlə belə razlığa gəlmişlər ki, o, xırda buynuzlu heyvanlar alıb kəsib Naxçıvandan Bakı şəhərinə göndərəcək, Azər də həmin ətin kabab evində satışını etdikdən sonra ona çatacaq pulu ona göndərəcəkdir. Azərin təklifi ilə razılaşdıqdan sonra onunla işləməyə başlamış, ilk öncə işə başlamaq üçün Azər ona 900 ABŞ dolları vermişdir. Bundan sonra müxtəlif çəkilərdə xırda buynuzlu heyvan ətini təyyarə ilə Bakı şəhərinə Azərə göndərmiş, həmin ət satıldıqdan sonra Azər ona çatası pulu onun kart hesabına köçürmüşdür. Sonralar Azərin vasitəsilə qardaşı Çingizlə tanış olmuş, Azər qardaşı Çingiz ilə birlikdə ünvan 1 ünvanında "Azərin kabab” ət dükanı işlətdiklərini, eyni zamanda orada heyvan kəsminin satışı ilə məşğul olurmuşlar. O, özü də bir neçə dəfə həmin kabab evində olmuş, bir yerdə çay içib söhbət etmişlər. O, qeyd etdiyi müddət ərzində heyvan ətini həm Azərə, həm də qardaşı Çingizə göndərmiş, hər iki qardaş da ətin pulunu ona çatdırmışlar. 2024-cü ilin mart ayında Azər və qardaşı Çingizin ona 31.000 manat borcları yaranmış, bu səbəbdən həmin vaxtdan onlara ətin göndərilməsini dayandırmışdır. Bir müddət sonra onlar borcdan 18.000 manatı qaytarmış, aralarında qalan 13.000 manatı isə 2024-cü ilin oktyabr ayında tam şəkildə qaytaracaqlarına söz vermişlər. O, 2024-cü ilin oktyabr ayında hər iki qardaşla həmişə danışdığı 099 722-40-50, 070 ***-**-** mobil nömrələrlə əlaqə saxlamağa çalışmış, lakin onlar zənglərinə cavab verməyərək, müxtəlif bəhanələrlə onunla danışmaqdan yayınmışlar. Hazırkı vaxtadək ise Azər və qardaşı Çingiz 13.000 manat borcu ona qaytarmamışlar. Hərnçinin Naxçıvandan Bakı şəhərinə göndərdiyi xırda buynuzlu heyvanların ətini hava limanında taksi faaliyyəti ilə məşğul olan X4 (070 438- 28-88) qarşılamış, həmin gün Çingiz və Azər qardaşlarına təhvil vermişdir. O, da həmin vaxt Çingizə və yaxud Azərə zəng edib ətin təhvil alındığını dəqiqləşdirmiş və onlar da hər şeyin qaydasında olduğunu bildirmişlər. Cavabdeh1 və Cavabdeh2 ona 13000 manat pul borclarının olmasını təsdiq edən digər sübutlar, yəni aralarında telefon danışıqıları, WhatsApp danışığı və yazışmaları mövcuddur. (Həmin səs yazıları və yazışmalar məhkəməyə təqdim edilib). Bundan sonra o, 2024-cü ilin dekabr ayında Azər və onun qardaşı Çingizin qanunsuz əməlləri barədə Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət ərizəsi 20-ci polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Məzahir Məmmədli tərəfindən araşdırılmış, araşdırma zamanı toplanmış material üzrə cinayət işinin başlanması üçün dəlillər, cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından, eyni zamanda tərəflər arasında olan münasibətlərin mülki xarakterli, yəni mülki mübahisə predmeti olduğundan xx.xx.2024-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasına dair qərar qəbul edilmişdir. Hesab edir ki, cəmi 13.000 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona ödənilməlidir. Hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 326 manat xidmət haqqı və 129 manat dövlət rüsumu da cavabdehlərdən alınıb ona ödənilməlidir. Məhkəmə iclasında iştrak edən iddiaçı X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmunua uyğun izahat verərək bildirmişdir ki, diskdə cavabdehin səs yazıları var. Cavabdehlərin ödənişi qəbz şəkilində olmamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 31000 manat borcları olmuş, borcdan 18000 manat ödənilmiş,13000 manat borc isə qalmışdır. Aralarında cavabdehlərlə hər hansı yazılı müqavilə yoxdur, pul kartına atılırdı. Cavabdehlər polisdə ətin bir qisminin xarab olmasını bildirmişlər. Cavabdehlər ifadələrində 6000 manatı etiraf etsələr də, cavabdehlərin ona 13.000 manat borcu var. Polisdə cavabdehlər izahatında 6000 manatı etiraf etmişlər, qalan məbləği isə ətin xarab olmasını bildirmişlər. Ətin xarab olmasından onun məlumatı olmamışdır. O, gündəlik cavabdehə quzu göndərmiş, quzuları təhvil alanda cavabdehlər ona məlumat verirdilər. 4 ədəd quzu əti xarab olmuş, cavabdehlər onları geri qaytarıb onun pulunu da çıxmışlar. 4000 manatlıq xarab olan ət ona geri qaytarılmamışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, qərarın təsviri hissəsində göstəırilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -İş materiallarında olan və məhkəmənin sorğusu əsasında Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı müracəti əsasında toplanmış materialda olan Cavabdeh1 Azər oğlunun və Cavabdeh2 izahatlarının məzmunundan aydın olur ki, onların ümumilikdə İddiaçı 13.000 manat deyil, 10.000 manat məbləğində borcları yaranmış, lakin həmin ətlərin 4000 manatı İddiaçı onlara göndərərkən yolda xarab olmuş, bu barədə İddiaçı məlumat verilmiş, sonuncu isə bununla razılaşaraq nəzərə alacağını bildirmiş, onların İddiaçı 6000 manat borcları qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Naxçıvan şəhərində xırda buynuzlu heyvanların satışı ilə məşğul olur, Cavabdeh2 ilə tanışlıqları Naxçıvan şəhərində olmuş, söhbət zamanı cavabdeh Bakı şəhərində kabab evinin olmasını, iddiaçı ilə işləmək istəməsini bildirmişdir. Tərəflər arasında olan razılığa əsasən iddiaçı Naxçıvan şəhərində xırda buynuzlu heyvanlar alıb kəsərək təyyarə ilə Bakı şəhərinə göndərməli, cavabdeh isə həmin xırda buynuzlu heyvanların ətini özünə məxsus olan kabab evində satışını təşkil etməli, cavabdeh satışdan əldə olunacaq pulların iddiaçıya çatacaq məbləğini ona göndərməlidir. İddiaçı cavabdehin bu təklifi ilə razılaşdıqdan sonra cavabdeh işə başlamaq üçün ilk öncə iddiaçıya 900 ABŞ dolları pul vermiş, iddiaçı pulu aldıqdan sonra müxtəlif çəkilərdə xırda buynuzlu heyvan ətini təyyarə ilə Bakı şəhərinə cavabdehə göndərmiş, ət satıldıqdan sonra iddiaçıya çatası pulu onun kart hesabına köçürmüşdür. İddiaçı bir müddət cavabdehlə bu formada işləmiş, sonradan cavabdehin qardaşı olan Cavabdeh1 Həmidulla oğlu ilə tanışmış, Çingiz də ona qardaşı Azərlə birlikdə "Azərin kababı” adlı ət dükanında birlikdə işlətdiklərini, eyni zamanda orada heyvan kəsminin satışı ilə məşğul olduqlarını bildirmişdir. Beləliklə, iddiaçı alıb kəsdirdiyi xırda buynuzlu heyvanların ətini hər iki cavabdehə göndərmiş, cavabdehdə ətin satışından əldə etdikləri pulun iddaçıya catacaq məbləği onun kart hesabına köçürmüşlər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehlər ətin satışından əldə etdikləri iddiaçıya çatacaq hissəsini ona qaytarmadıqları üçün onların 2024-cü ilin mart ayında 31.000 manat məbəlğində borcları yaranmış, iddiaçı elə həmin vaxtdan cavabdehlə ət göndərişini dayandırmış, bir müddətdən sonra cavabdehlər borcdan 18.000 manatı qaytarmış, qalan 13.000 manatı isə 2024-cü ilin oktyabr ayında tam şəkildə qaytaracaqlarına söz versələr də, bu sözlərinə əməl etməyərək iddiaçıya borclu olduqları 13.000 manat borcu qaytarmaqdan yayınmış, dəfələrlə iddiaçı cavabdehlərə məxsus olan mobil telefon nömrələri ilə əlaqə saxlamağa çalışmış, lakin cavabdehlər onun zənglərinə cavab vermədiklərindən iddiaçı cavabdehlərin ona qarşı edilən qanunsuz əməlləri ilə bağlı araşdırma aparılması üçün polisə müraciət etmiş, onun müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsində araşdırma aparılmış, araşdırma zamanı cavabdehlər ümumilikdə İddiaçı 13.000 manat deyil, 10.000 manat məbləğində borcları yaranmasını etiraf etmiş, lakin həmin 10.000 manatlıq ətlərin 4000 manatlıq ət İddiaçı onlara göndərərkən yolda xarab olmasını bildirərək, onların İddiaçı 6000 manat borclarının qalmaları barədə izahat vermişlər. Lakin, 4000 manatlıq ətin xarab olmasına dair heç bir sübutlarını nə polis araşdırması zamanı, nə də məhkəmə araşdırması zaman təqdim etməmişlər. Eyni zamanda iddiaçı cavabdehlərin ona 13.000 manat məbləğində borcu olmasını tələb etsə də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 129 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 120 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsmunun qalan 9 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbində hüqqularının müdafiəsi üçün vəkilə ödədiyi 326 manat məbləğində xidmət haqqını tələb etsə də, buna dair sübutlarını məhkəməyə təqdim edə bilmədəyindən məhkəmə iddia tələbinin həmin hissədə təmin edilməməsi qənaitinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Dövlət rüsmunun qalan 9 (doqquz) manat isə hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-184/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-184/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver