Məhkəmə qərarları › İş №2(034)-193/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-193/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-193/2023 11.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, cavabdehdən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(034)-328/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Zəngilan Rayon Məhkəməsinin 2017-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmış, uşaqların saxlanması üçün aliment qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-328/2019 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün hər uşağa 160 manat, cəmi 320 manat aliment qət edilmişdir. Cəmi 320 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Cavabdehin aylıq normal qazancı var, belə ki, özünə hər cür şərait qurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Zəngilan Rayon Məhkəməsinin 2017-cu il tarixli qətnaməsi nikahları pozulmuş və uşaqlar onun yanında saxlanılmış və saxlanılması üçün aliment qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-328/2019 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün hər uşağa 160 manat, cəmi 320 manat aliment qət edilmişdir. Ona cəmi 320 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun olaraq alimentin artırılmasını istəyir. Prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü ilin 220 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. İki uşağı var çatdıra bilmir. Cavabdehin imkanı var. Onun uşaqları karona tutub xəstəxanada ağır vəziyyətdə yatdıqları vaxt o, cavabdehə zəng vurmuş, cavabdeh isə mənlik deyil deyə köməklik göstərməmişdir. Cavabdeh ona işləyib pul qazandığı üçün gələ bilmir demişdir. Ataları onsuzda baxmır, heç maraqlanmır, ona görə qızlarının adından məhkəmədə xahiş edir ki, qızlarının gələcəyi üçün alimeni artırılsın. O, uşaqlarını 27 yaşından valdeyinlərinin köməkliyi ilə saxlayır. İndi valdeyinləri yaşlanmış, pensiya çıxmış və xəstə olduqları üçün onlarda çatdıra bilmir. Uşaqları savadlı uşaqlardır və litseydə oxuyurlar. Qanunvericilikdə aliment nə qədərdirsə, o qədərdə təmin olunmasını xahiş edir. Qızları onsuzda iki yaşlarından ataları tərəfindən atılmışlar. Qızlarının gələcəyi üçün alimentin artırılmasını xahiş edir. Əvvəllər müəllimə işləmiş, indi təzyiq xəstəliyi olduğu üçün işləyə bilmir. 5 ildən sonra uşaqlar aliment almayacaqlar, odur ki, alimentin artırılmasını xahiş edir. Kifayət qədər gəliri var deyəndə yəni öz adına olmasa da, maşını var. Kirayədə qalmır, öz evidə var. Vəkil bildirir ki, cavabdehin başqa uşaqları var və cavabdeh uşaqlarının yanındadır, amma o, uşaqlarını tək başına böyüdür. Uşaqlarım karona xəstəliyi olmuş, heç bir köməklik etməmişdir. Uşaqlar atalarını görmək istəyir. Uşaqların telefonuda var, atalarını görmək istəyirlər, yığanda ataları deyir ki, onları görmək istəmir. Qızının biri 6-cı sinifdə oxuyur. Ataları məktəbə getməklərini istəməmiş, ayrılmaqlarının əsas səbəblərindən biri də budur. Qızlarının birin 12, o birinin isə 10 yaşı var. Qızları savadlı uşaqlardır və onların gələcəyi üçün çalışır. Əvvəllər bulkanı, suyu 20 qəpiyə alırdısa, indi hər bir şeyin qiyməti qalxdığı üçün o da, çatdıra bilmir. Cavabdeh alimentdən başqa heç bir köməklik etmir. Cavabdeh uşaqlarını göməyə gəlmir, cavabdeh oğlan uşağı istəmiş,qız uşaqları olduğuna görə onları istəmir, burda onun qızlarının günahı nədir. 27 yaşında iki uşağı tək böyüdür.Cavabdehin 960 manat aliment borcu olduğu üçün icraçı cavabdehinq maaşına yönləndirmiş, hər ay 30 manat borcuna görə tutlur. Atası vəkilə verməyə pul tapırsa, uşaqlarınada verməyə pul tapsın. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh bildirir ki, o, uşaqları üçün alış-veriş edir, amma uşaqların anaları uşaqları görməyə imkan vermir. Cavabdehin himayəsində başqa uşaqlarda var. Cavabdehin imkanı olsaydı müqavilənin pulunu atasından almazdı. İddiaçı fərqli danışır, cavabdeh fərqli danışır. Zərurət varsa cavabdeh məhkəmə prosesində iştirak edə bilər. Onun adından o, danışır. Cavabdeh hər uşağa 220 manat aliment ödəyə bilməyəcəkdir. 550 manat maaş alır, ona ordan 60 manat qalacaqdır və onla necə ailə saxlayacaqdır. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(034)-328/2019 nömrəli qətnaməsinin surətindən görünür ki,Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2585/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023--cü il tarixli MŞB/16-00275 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 35 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2022-ci il tarixdən «CDR» lahiyəsində mexaniki briqadir vəzifəsində işləyir və 555.43 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X8 ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 bir nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2010cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan uşaqların saxlanması üçün ödənilən cəmi 320 manat məbləğində aliment uşaqların heç bir təlabatını ödəmir. Uşaqlar böyüdükcə onların maddi təlabatları günü-gündən artır. İki yaşından uşaqlara özü və valideynlərinin köməkliyi ilə baxmış, lakin hazırda valideynləri heç bir yerdə işləmir, xəstə və pensiyada oduqları üçün ona uşaqların saxlanmasında artıq köməklik edə bilmirlər. Cavabdeh alimentdən başqa uşaqlara əlavə heç bir maddi yardım etmir. Cavabdeh işləyir, maddi imkanı yaxşıdır və özünün hər çür şəraiti var. Məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, cavabdeh ikinci dəfə rəsmi olaraq ailə qurmuş və bu nikahdan onun bir övladı var. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqlarını və cavabdehin digər nikahdan olan uşağın mənafeylərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay hər uşağa 200 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-328/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar