Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-196/2023 27.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Zəngilan Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikahları pozulmuş, uşaq onun yanında saxlanılmış, uşağın saxlanması üçün aliment qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-38/2019 saylı qətnaməsi ilə uşağın saxlanması üçün 160 manat aliment qət edilmişdir. Ona cəmi 160 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də alimentin Prezidentin sərəncamına uyğun kəsilməsini və məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, bankdan çıxarış gətirmiş, cavabdeh hər ay mütəmadi olaraq alimenti ödəyir və hal hazırda cavabdehin aliment borcu yoxdur. Cavabdeh hər ay vaxtında alimenti ödəyir. Bir uşağı var, 160 manat aliment alır. Cavabdehin borcu olduğuna görə alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmirdi. Uşağı bir neçə yerə hazırlığa qoymuş, hazırlıqların pullarını verməyə imkanı çatmır. Uşağının burnunda əyrilik var, nəfəs ala blmir əməliyyat olmalıdır. Cavabdehlə onlar 12 il ailəli olmuş, 5 ildir ki, ayrılmışlar. Cavabdeh alimentdən başqa uşağa heç bir köməklik etmir. Oğlunun qolu sınmış, ata olan şəxs bir dəfə gəlib uşağı ilə maraqlanmamışdır. Özünündə zobu var, xəstə adamdır. Üç aydan bir uşağı müayinəyə aparmalıdır, artıq bir ilə yaxındır ki, maddi imkanı çatmadığı üçün apara bilmir. Hər müayinədə 300 manat pul tutur. Fərdi əməklə məşğuldur. Əvvəllər gözəlik salonunda işləmiş, indi evdə işləyir. Gündəlik qazancı olmur, gün aşırı 20-30 manat arası olur. Cavabdeh əvvəllər taksidə işləmiş, 600 manat maaş, 200 manat isə bonus alırdı. Sonda iddiaçı məhkəmədən iddia tələbinin tam təmin olunmasını, 220 manat alimentin cavabdehdən tutulub ona ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 2(034)-38/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə əlaqədar hər ay 100 manat əlavə xərc olmaqla, cəmi 260 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(105)-1792/2019 nömrəli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin 2(010)- 38/2019 saylı, 31 yanvar 2019-cu il tarixli qətnaməsi qismən - iddiaçı Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar hər ay 100 manat əlavə xərcin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, tələb təmin edilməmişdir.Qətnamə - iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 224 saylı nikah qeydin ləğv edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması, iddiaçı X2 xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi və qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2008-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-00241 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə qərar qəbul etməmişlər. İş materiallarına əlavə edilmiş Abşeron RİHB-nın Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş A/1423 nömrəli xx.xx.2023-cü il tarixli və A/1465 nömrəli xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh və Şərifova X1 rayonundan köçkün düşmüş və hal-hazırda Abşeron rayon Masazır kəndində məskunlaşmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2007-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan onların xx.xx.2008-ci il təvəllüdlü X5 adlı bir övladları doğulmuşdur. Lakin tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaq ananın himayəsində qalmış və uşağın saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda uşaq böyüdükcə onun maddi təlabatları artır və 160 manat sabit pul məbləğində aliment uşağın heç bir maddi təlabatını qarşılamır. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşağın saxlanması üçün iddiaçıya əlavə olaraq heç bir maddi yardım etmir. İddiaçı tək qadın olaraq uşağın saxlanmasında maddi çətinlik çəkir. Bu səbəbdən də, iddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd olunanları və cavabdehin maddi vəziyyətini və stabil gəlirinin olmamasını nəzərə alaraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(105)-1792/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının hər ay 200 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdeh Şərifov X4 rayonundan məcburi köşkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 may 2019-cu il tarixli 2(105)-1792/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat məbləğində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-196/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-196/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver