Məhkəmə qərarları › İş №2(034)-203/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-203/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-203/2023 15.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı X1, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9200 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 112 manat dövlət rüsmunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birlikdə Bakı şəhəri X3 Müəssisəsində işləmişdir. İş yoldaşı kimi aralarında notmal münasibətləri olmuşdur. Cavabdeh onda pul olmasını bildiyindən ondan borca pul istəmişdir. Pulu istədiyi vaxt qaytaracağına onu inandırmışdır. Onunla bir yerdə işlədiyindən, onu tanıdığından, ona inandığından və xahişinə ona borca pul verməkdən imtina edə bilməmişdir. Onu inandırmaq üçün şəxsiyyət vəsiqəsini, doğum haqqında şəhadətnaməsini və məcburi köçkün vəsiqəsini vermişdir. 15 iyun 2018-ci il tarixdən 2022-ci ilin mart ayına kimi olan müddətdə özünə toy etmək, anasının müalicə etdirmək, həyat yoldaşını Leyla Şıxlinski adına klinikada doğuşla bağlı keyser əməliyyatı edilməsi və Qobu qəsəbəsi ərazisində qaçqın kimi onlara verilən evin sənədlərinin hazırlanması adı ilə hissə-hissə 1600, 1700, 1000, 700, 1000, 230, 400, 1070 və sonda 1500 manat omaqla, ümumilikdə 9200 manat borca pul almışdır. Soncu dəfə 1500 manat pulu alanda demişdir ki, bankdan kreditə pul götürüb borcunu birdəfəlik ödəyəcəkdir. Ona inanaraq pulu ona vermişdir. Pulları ondan alması barədə öz xətti və imzası ilə yazılı qəbzlər vermişdir. Pulun bir qismini iş yerində, bir qismini isə Sumqayıtda ondan almışdır. Ondan borca pul almasını təsdiq edən sübutlar, özünün yazıb imza edib verdiyi qəbzlər, doğum haqqında şəhadətnamə, məcburi köçkün olması barədə vəsiqə mövcüddur. Lakin şəxsiyyət vəsiqəsi lazım olduğundan ondan almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh 9200 manat pulunu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüş, onun hərəkətləri nəticəsində əsəb xəstəliyinə tutulmuşdur. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdehlə istehsalat sahəsində işləmişdir. Şaiq bir müddət onlarla işləmişdir. Şaiqin anası xəstə olmuş, atasıda rəhmətə getmişdir. Şaiq ona yaxınlaşmış, ona borc pul verə bilərsən demişdir. O, da insanlıqdı deyə Şaiqə pul vermişdir. Bir müddət keçdikdən Şaiq yoldaşının qadın xəstəliyinin olmasını və pul lazım olmasını demişdir. Fikirləşmişdir ki, bir yerdə işləyirlər, 600-700 manat maaş alır qaytacaqdır. 2017-ci ildən hissə-hissə cavabdeh ondan pul almağa başlamışdır. Bir-iki ildən sonra cavabdeh işdən çıxmış, pulu qaytarmamışdır. Sonra pulunu tələb edəndə sex götürməsini, işləməsini, qaytaracağını demişdir. Aparıb ona sexi də göstərmişdir. Əllərində 30000-40000 iş olmasını demişdir. Orda bir ay işləməsini görmüş, sonra ordanda işdən çıxmışdır. Bir dəfə də gəlmişdir ki, onun pulunu bağlamaq istəməsini, krediti var, ona pul ver o da pul vermişdir. Yoldaşı bu problemlərdən inusilit keçirmişdir. Fikirləşmişdir ki, atasız uşaqdır, hər dəfə də gəlir, şirin dili ilə dayı deyə müraciət edir, o da ürəyi yumuşaq adamdır. 2017-ci ildən 2021-ci ilə kimi o, cavabdehə pul vermişdir. Əvvəl pul verəndə qəbz almamış, sonradan görmüşdür ki, cavabdeh pul qaytarmır ondan sonra yazmışdır. İlk dəfə cavabdehə ***-**** manat pul vermiş, sonuncu dəfə 1500 manat pul vermişdir. O, cavabdehə pulu faizsiz vermişdir. Cavabdeh deyirdi ki, iş görür, yaxşı olar, ona üstündə pulda qaytarıb hörmət edər. Ona əsas pulu qaytarmasını, başqa pul istəməməsini demişdir. Ona 9000 kredit götürürməsini, onun pulunu tamamilə qaytaracağını demişdir. Cavabdeh onu inandırmaq üçün şəxsiyyət vəsiqəsini vermişdir. Sonra ona demişdir ki, bankdan pul çıxarmalıdır, onun üçün şəxsiyyət vəsiqəsi lazımdır, o da, qaytarıb vermişdir. Sonuncu pulu verəndə işdə olmuş, şərait olmadığı üçün qol çəkdirməmişdir. Özü də ürək xəstəliyi tapmışdır. Onu inandırmaq üçün anasının doğum haqqında şəhadətnaməsini, məcburi köçkünlük vəsiqəsini, korona virusa görə aldığı arayışı və öz şəxsiyyət vəsiqəsini vermişdir. Anasının çörək pulu kartını da vermişdir. Kartda pulun olmamasını cavabdehə demiş, cavabdeh ola bilməz demiş, insandı inanmışdır. Sonra telefon da gətirb girov qoymuşdur. Samsung markalı telefon idi. Cavabdeh ona pul ödəmişdir. Cavabdeh işə düzəlmiş, gətirib maaş kartını ona vermişdir. 800 manat ondan almış, kartında 750 manat maaş olmalıdır, götürərsən demişdir. Maaş zamanı cavabdehin kartına 500 manat pul yüklənmişdir. Cavabdehə zəng etmiş, 500 manat yüklənməsini, çəkməsini demişdir. Gətirib 200 manat vermişdir ki, borcun buna aidiyyatı yoxdur. Evdə onun xəstəsi yatır. Özü ürək əməliyyatı keçirmiş, cavabdehə zəng etmişdir ki, pul lazımdır, cavabdehdən səs-soraq çıxmamışdır. Yoldaşının əməliyyatı üçün 15000 pul lazımdır, o, pulu tapa bilmir. Çox peşman olmuş, heç kimə köməklik etmək istəmir.Cavabdehə demişdir ki, gündəlik 20 manat qazanırsa, onun 10 manatını niyə gətirib verməmişdir. İşi məhkəməyə verməkdə məqsədi bəlkə onun vicdanın oyanması olmuşdur. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı düz deyir. İndi dedikləri isə başqadır. Düzdür o iddiaçı ilə 2-3 il işləmişdir. İddiaçıdan pulu maaşda qaytaracaq deyib götürmüşdür. İddiaçı ilə aralarında faiz söhbəti olmamışdır. O, istehsalatda qaynaqçı işləmişdir. Şirkət tərəfindən iş götürdüklərini, pul lazım olmasını demiş, iddiaçıya sənəd verib pul götürmüşdür. Qaytardığı pulları çek vasitəsi ilə etməmişdir. İddiaçıdan 500 manat götürəndə 600 manat yazmışdır. Hal-hazırda evdə iki uşağı var və onlarında gündəlik tələbatları olur. Ayba-ay ödəniş edə bilər. Onun fikrincə iddiaçıdan 7600 manat pul götürmüş, 500 manatını ödəmişdir. Qaytardığı pulları isə qəbzə yazdırmamışdır. İki dəfə 300 manat ödəmişdir. 7200 manatı işlədikcə ayba-ay ödəyə bilər. Hər ay iddiaçıya 150 manat ödəniş edə bilər. İddiaçı ona təzyiq edib qəbzə qol çəkdirməmişdir. İddiaçıdan aldığı pulu qaytaracaqdır. İddiaçının ona yaxşılıq etməsini bilir. İşsizliyinə görə qaytara bilməmişdir. Sonra uşağı keysəriyyə yolu ilə dünyaya gəlmiş, ora pulu çıxdığı üçün borcunu qaytara bilməmişdir. İndi işləməyə başlamışdır. Yadında deyildir, sonuncu dəfə 200 manat pul götürmüşdür. İddiaçı verdiklərini qeyd etməmiş, indi isə başqa söz deyir. Onun iddiaçıya 7700 manat borcu var. Sonda cavabdeh himayəsində körpə uşaqlarının olmasını nəzərə alaraq, ödənişinin hissə-hissə edəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə imzalanmış qəbzlərdən görünür ki, onun Nurəddin Əhmədova borcu olduğu halda, təkrar olaraq ondan müxtəlif məbləğlərdə borc pul götürmüşdür və onun cəmi 7700 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Həmin Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi borcu tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər Bakı şəhəri X3 Müəssisəsində birlikdə işləmiş, iş yoldaşı kimi aralarında normal münasibətlər yaranmışdır. Cavabdeh ailə vəziyyəti ilə bağlı iddiaçıdan qaytarmaq şərti ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul istəmiş, iddiaçıda öz növbəsində cavabdehi tanıdığından və ona inandığından borc pul verməkdən imtina edə bilməmiş, nəticədə 15 iyun 2018-ci il tarixdən başlayaraq 2022-ci ilin mart ayına kimi olan müddətdə ərzində hissə-hissə 1600, 1700, 1000, 700, 1000, 230, 400, 1070 və sonda isə 1500 manat olmaqla, ümumilikdə 9200 manat borc pul vermişdir. İddiaçı verdiyi borc pullarla bağlı cavabdehə qəbzlərə imza etdirmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, o, iddiaçıdan 7700 manat məbləğində borc pul almış həmin borcdan 200 manat iddiaçıya vermiş, 500 manat isə iddiaçı onun maaş kartından çıxarmış, iddiaçı cavabdehin maaş kartından 500 manat çıxarmasını, həmçinin cavabdehin ona 200 manat pul verməsini etiraf etmişdir. Beləliklə, iddiaçının cavabdehə 7700 manat məbləğində borc pul verməsi iş materiallarında olan yazılı sübutlarla, həmçinin həmin borcdan 700 manatın qaytarılması tərəflərin öz izahatları ilə sübuta yetirilsə də, iddiaçı cavabdehə 1500 manat borc pul veriməsini möhtəbər sübutlarla sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 7000 manat məbləğində pul alınaraq iddiaçı X1 xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 112 manat dövlət rüsumu, ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı cavabdehin Zəngilan rayonundan olan məcburi köşkün olması müəyyən edilmişdir. Cavabbdeh məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azad olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul alınaraq iddiaçı X1 xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar