Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-206/2022 19.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01.06.2012-ci il təvəllüdlü X1 üçün alimenti artıraraq cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 09.09.2011-cı il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Bu nikahdan 01.06.2012-ci il təvəllüdlü X7 övladları doğulmuşdur. Onun cavabdehlə rəsmi nikahına məhkəmə qaydasında xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)- 431/2017 saylı,18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehlə olan nikahları pozulmuş, birgə nikahdan olan 01.07.2012-ci il təvəllüdlü X3 ananın yanında qalması müəyyən edilmiş,17.10.2016-cı il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit məbləğində alimentin tutulması qət edilmişdir. Bu illər ərzində o, cavbadehdən alimentin artırılmasını xahiş etsə də, cavabdeh yenidən evli olmasını, ikinci nikahdan uşağının olmasını bəhanə edərək alimentdən artıq heç bir pul verməyəcəyini bildirmişdir. Oğlunun xəstəliyi ilə bağlı bütün xərcləri o, valdeyinlərinin köməyi nəticəsində özü təkbaşına qarşılamışdır. Uşağı gözündən əməliyyat olunmuş, onun tibb xərclərini də o, özü ödəmişdir. Ata olan şəxs oğlunun varlığından xəbəri yox kimi hərəkət edərək alimentin ödənilməsindən əlavə hər-hansı bir köməklik etmək istəmir.Oğlunun gözlərində problem var, tibbi müdaxilə olunmuş, hər 3-6 aydan bir həkim müayinəsindən keçməli, daim həkim nəzarətində olan şəxsdir. O, özü də xəstəxanada müalicə aldığından bir müddət işləyə bilməmiş, ailənin və evin bütün yükü onun üzərində olduğundan hər bir maddi çətinliyi özüm təkbaşına qarşılamışdır.Bundan başqa uşağı məktəbli olduğundan o, onun təhsilini daha da keyfiyyətli olması üçün əlavə hazırlıq kurslarına qoymuş, əlavə pul ödəməli olur, onun geymini,əlavə xərclərini çatdıra bilmir. Maddi çətinliyi gündən-günə artmaqdadır, belə ki, o, uşağın yaşayış tərzini ödəməkdə çətinlik çəkir.6 ildir ayrı yaşıyır, övladı gözündən əməliyyat olunmuş,116 manat uşağın saxlanılması üçün azdır. Ağciyər xəstəsidir, həkim ona işləməyə icazə vermir. Binəqədi rayon Məhkəməsində 117 manat aliment kəsilmişdir. Cavabdeh işləyir və əlavə 120 manatda pensiya alır. Ozu əvvəllər saç ustası olmuşdur. Alimenti əvvəl tələb etməmiş, indi isə uşağı saxlamaqda çətinlik çəkir, uşağın haqqını istəyir. Alimenti hər ay vaxtında ödəyir. Uşağının müalicəsinə heç bir köməklik etmir. Uşağının xəstəliyi ilə əlaqədar lazım olsa xəstəxanadan arayış da gətirə bilər. Bir dəfə gözünə görə 100 manat vermisdir. Həkim ona hər gün işə çıxmağa icazə vermir. Xəstə olduğu üçün həkim ona həftədə 2 dəfə işə çıxmağa icazə verir. Qarşı tərəf 4 ayda bir dəfə gəlir, gələndə də bir barni, ya da çöplü sok alır. O gün gəlmiş və uşağa 2 manat, elə olur ki, 10-20 manat pul verir. 116 manata hansı birini etsin, uşağı hazırlığa qoymuş, kartdan 116 manat çıxarır, 116 manat uşağa çatmır. 6 ildir ki, cavabdehdən heçnə tələb etməmişdir. 116 manat alimenti də dövlətdən qorxduqları üçün verirlər. İddiaçı 150 manat alimentin uşağın saxlamasına kifayət etməsini bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu 193 manat alimenti ödəyə bilməz. Qızı rəhmətə getmiş və iki yetim saxlıyır. Oğlu 4 aydır ki, Şuşada zavodda işləyir. Alimenti öz pensiyası ilə ödəyir. Nəvəsini arada gətirib 10 gün saxlayır. iddiaçı yalan danışır. Uşağın çiyni sınmış və ona150 manat vermişdir.Uşağı versin özü saxlayar.Oğlunun 1 həftəyə yeni övladı dünyaya gələcəkdir, iki uşağı var. Aliment 40 manat olanda iddiaçıya117 manat aliment kəsilmişdir. Uşağı aparanda onlarla qalır, uşaq onları istəyir. Oğlunun imkanı yoxdur, 150 manat aliment verə bilər. Oğlu boşanmaq istəməmiş, iddiaçı özü boşanmışdır. 3 il uşağı yetim saxlaması üçün yalvarmışdır. Oğlu qışda işləmir. Oğlu 150 manatdan artıq aliment verə bilməz,150 manat alimentin ödənilməsinə razıdırlar. Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edimlmiş surətindən görünür ki, tərəflər 01.06.2012-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən və Abşeron rayonu Masazır qəsəbəsi MKİS tərəfindən verilmiş 099 nömrəli, 17.01.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkün olmaql, Abşeron rayonu, Masazır (Qaçqın və Məcburi köçkün) qəsəbəsi, bina 6, mənzil 18-də müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli 2(001)431/2017 saylı qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq anasının himayəsində qalmış və uşağın saxlaması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasınıda iştirak edilməməsi barədə 17.02.202-ci il tarixli MŞB/40-00339 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx"MMC-nin 28.03.2022-ci il tarixli 84-2022 nömrəli arayışıdan görünür ki, Cavabdeh 22 may 2018-ci il tarixindən cəmiyyətinin satınalma və satış şöbəsində anağbar sahəsində yardımçı fəhlə peşəsində çalışır onun aylıq vəzifə maaşı vnrgilər və digər məcburi bdənişlər tutulduqdan sonra 430.50 manat olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 20.04.2022-ci il tarixli **********2 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X8 02.07.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən aydın olur ki, 14.07.2020-ci il təvəllüdlü X5 valideynləri Cavabdeh və X6r. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 09.09.2011-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, bu nikahdan onların 01.06.2012-ci il təvəllüdlü X7 övladları doğulmuşdur. Lakin ailə münasibətləri alınmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2017 saylı,18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan 01.07.2012-ci il təvəllüdlü X3 ananın yanında qalması müəyyən edilmiş və 17.10.2016-cı il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçının bildirdiyinə görə kəsilən alimentin cavabdeh tərəfindən vaxtında ödənilməsinə baxmayaraq hazırkı dövrdə ödənilən aliment uşağın heç bir maddi təlabatının ödənilməsini təmin etmir. Dəfələrlə cavabdehdən ödənilən alimentin məbləğinin artırılmasını tələb etsə də, cavabdeh ikinci dəfə ailə həyatı qurmasını, ikinci evliliyindən uşaqlarının olmasını əsas gətirərək əlavə maddi yardım edilməsindən, həmçinin uşağının müalicə xərclərinin ödənilməsindən imtina etmişdir. İddiaçı özünün ağciyər xəstəliyindən əziyyət çəkməsini, xəstə olduğu üçün həkim tərəfinlən həftədə iki dəfə işə çıxmağa icazə verilməsini, cavabdeh işləməsini və əlavə 120 manat məbləğində pensiya almasını bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçınını tələb etdiyi məbləğdə aliment ödəməyə cavabdehin maddi imkanı yoxdu. Belə ki, cavabdeh ikinci dəfə ailə qurmuş və bu nikahdan bir övladı daha olduğundan yalnız 150 manat məbləğində pul ödəməyə imkanı var.iddiaçı da öz növbəsində cavabdeh tərəfindən ödəniləcək 150 manat alimentin uşağın saxlanması üçün kifayət etməsini bildirdirmişdir. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, cavabdeh işləyir və aylıq əmək haqqısı 430.50 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyldir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı əmək qabliyyətli olduğundan, uşağın saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin iddiaçı cavabdeh tərəfindən uşağın saxlanması üçün 150 manat məbləğində alimentin ödənilməsinə razı olduğundan iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və tutulan alimentin miqdarı dəyişdirilərək 01.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-431/2017 saylı,18 yanvar 2017ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 01.07.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-206/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-206/2022
19.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver