Məhkəmə qərarları › İş №2(034)-232/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-232/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-232/2021 06.05.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3512,51 manat əsas, 03.02.2021-ci il tarixə 818,42 manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsmunun iddiaçının xeyrinə tutulması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019cu il tarixli, 1**-NF-***7591 №-li kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit cavabdehə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə verilmişdir.Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür.Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilmişdir.Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir.Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə Banka əsas borc üzrə 3512.51 manat, 03.02.2021-ci il tarixə faiz borcu üzrə 818.42 manat, cəmi 4330.93 manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla Bank arasında 17 may 2019-cu il tarixli, ZM/5207591/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır.Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Borcalan Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, Zamin Borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, borcla razıdır. Belə ki, bankdan 5000 manat məbləğində kredit götürmüş, 2000 manata yaxın ödəniş etmiş, ödənişlərində isə gecikmələr olmamışdır. Lakin sonradan ödəniş edə bilməmişdir. Borcun ödənilməsindən boyun qaçırmır. İmkan olan kimi ödəniş edəcəkdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 №-li kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit cavabdehə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə verilmişdir.Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür.Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilmişdir. Kreditin təminatı kimi isə Cavabdeh2 ilə Bank arasında 17 may 2019-cu il tarixli, ZM/5207591/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin banka Cavabdeh1 Abasqul oğlunun banka 3512,51 manat əsas, manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borcu vardır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Bundan başqa, Azərbaycan Respublikası MM-nin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcunun ödəməyəcəyi təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 №-li kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3512,51 manat əsas, 818.42 manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borc İddiaçıASC-nin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia təmin edilsin. İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3512,51 manat əsas, 818.42 manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar