Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-246/2024 11.07.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pulun, eləcə də 60 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4060 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə mərhum həyat yoldaşı X3 ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2020-ci ildə qohumu olan Cavabdeh həyat yoldaşından 4000 manat borca pul alaraq, həmin pulu 2 ay ərzində qaytarmağa söz versə də, sonradan verdiyi sözə əməl etməmişdir. Daha sonra isə məlum olmuşdur ki, cavabdeh əvvəllər vətəndaşların külli miqdarda pulunu ələ keçirdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il, 1(103)-775/12 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şərti məhkum edilmişdir. Lakin o, həmin məhkəmə hökmündən nəticə çıxarmamış və sonradan həyat yoldaşı Bahar Cəbrayılovadan yuxarıda qeyd etdiyi 4000 manat pulu borc alaraq qaytarmamışdır. 2021-ci ilin yanvar ayında həyat yoldaşı Nəsimi Rayon Məhkəməsində cavabdehə qarşı həmin pulun geri qaytarılması barədə iddia qaldırmış, lakin cavabdeh Zəngilan rayonunda qeydiyyatda olduğu üçün məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-2332/2021 saylı qərardadı ilə ona Zəngilan rayonuna müraciət etməsi tövsiyə edilmişdir. Həmin qərardaddan sonra həyat yoldaşı cavabdehə qarşı eyni iddia tələbi ilə Zəngilan rayonuna müraciət etmişdir. Həmin ərəfədə o, "Koronovirus pandemiyası"-na yoluxmuş, bu xəstəlikdən sağalan kimi insult və yanaşı gedən digər xəstəliklərə düçar olmuşdur. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı vəfat etmiş və onun ölüm haqqında şəhadətnaməsində həmin xəstəlikləri ilə bağlı müvafiq qeyd aparılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən isə həmin iddia tələbi baxılmamış saxlanılmışdır. Hazırda o, həyat yoldaşı X2 hüquqi varisi olaraq qeyd etdiyi iddia tələbini yenidən irəli sürmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci ildə məhrum həyat yoldaşının qohumu olan Cavabdeh həyat yoldaşından 4000 manat borc pul almış, həmin pulu 2 ay ərzində qaytarmağa söz versə də, verdiyi sözə əməl etməmişdir. Sonra məlum olmuşdur ki, cavabdeh əvvəllər vətəndaşların külli miqdarda pulunu ələ keçirdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində 178.3.2-ci maddəsi ilə şərti məhkum edilmişdir. Mərhum həyat yoldaşı pulun geri qaytarılması barədə 2021-ci ildə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş, lakin yoldaşı “koronovirus pandemiyasına” yoluxmuş, bu xəstəlikdən sağalan kimi insult və digər xəstəliklərə düçar olmuşdur. xx.xx.2022-ci ildə həyat yoldaşı vəfat etmiş və iş məhkəmədə baxılmamış saxlanılmışdır. Həyat yoldaşı ilə Hava qohum olmuşlar. Həyat yoldaşı 4000 manat pulu Havaya balaca qızının yanında vermişdir. Hava yoldaşına pulu tez bir zamanda qaytaracağını bildirmişdir. Bu işlə bağlı polisə müraciət etməmişdir. Havaya yoldaşı pulu verəndə heç bir sənədə imza etdirməmiş, bununla bağlı heç bir sübutu yoxdur. Havaya pulun 2000 manatını qaytarmasını, qalanını istəmədiyini demiş, o da bu gün sabah verəcək deyə onu aldatmışdır. Əvvəl Havanın borcu götürməsinin etirafı ilə bağlı səs yazısı olmuş, lakin sonradan səs yazısıda silinmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı heç bir pul borc almamışdır. Onun məhkəmədə başqa bir işi olmuş və orda pulu almasını etiraf etmiş, sonradan təqaüdü ilə borcunu ödəmişdir. İddiaçının yoldaşı onun qohumu olmuşdur. İddiaçı 2020-ci ildə yoldaşı xəstə olduğundan və həkimə aparmaq üçün ondan 100 manat və 50 manat pul almışdır. Onun 70 yaşı var, iddiaçıdan pul götürsəydi qaytarardı. 4000 manatı alması ilə bağlı heç bir sənədə imza etməmiş, 4000 manat az pul deyil, əgər o, götürsəydi təbiki hansısa sənəddə imzası olmuş olardı. O, nə iddiaçıdan, nədə ki, iddiaçının yoldaşından heç bir pul almamışdır. Səhhətində problem olduğu üçün məhkəmə iclaslarına gəlib-gedə bilmir. Bu işlə bağlı heç bir polis idarəsinə müraciət olunmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 ilə xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə qansızma və ya infarkt olduğu dəqiqləşməmiş insultin nəticələri ilə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 812 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də, onun xx.xx.2022-ci il tarixdə vəfat etmiş arvadı- X2 miras qalmış əmlaklara dair Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmış, mərhum X2 vərəsəsi kimi əri-İddiaçı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh onun məhrum həyat yoldaşı X1 4000 manat məbləğində pul borc almasını iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin həmin faktla bağlı polis orqalarına nə iddiaçı, nədəki, onun məhrum həyat yoldaşı tərəfindən müraciət olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-246/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-246/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver