Məhkəmə qərarları › İş №2(034)-262/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-262/2022

30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-262/2022 30.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş X3 və X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa təyin olunmuş hər ay 154 manat olmaqla, cəmi 308 manat olan aliment pulunun artırılaraq hər uşağa hər ay 200 manat olmaqla, cəmi 400 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxırlımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş X3 və X1 üçün Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşağa hər ay 154 manat olmaqla, cəmi 308 manat pul alınaraq ona verilməsi qət edilmişdir. Hal-hazırda cavabdehin ödədiyi aliment uşaqların zəruri tələbatını ödəmir. Cavabdehin isə maddi cəhətdən vəziyyəti yaxşıdır, yaxşı gəliri var. Buna baxmayaraq, uşaqların zəruri tələbatını ödəmək üçün əlavə pul ödəmir. Sonuncu məhkəmə bir neçə il bundan əvvəl olmuş, həmin vaxtda ərzaq və geyim mallarının qiyməti ilə bu günə olan qiyməti arasında xeyli bahalaşma vardır. Eyni zamanda 2022-ci ildə Azərbaycan Respublikasında yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü və 28-ci maddələrinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələbinə uyğun olaraq Cavabdeh mediasiya təklifi verilmiş, lakin onun tərəfindən bu təklifə cavab verilməmişdir. Bundan sonra həmin qanuna uyğun olaraq Mediasiya Şurasına müraciət edilmiş və mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəldən poçt vastəsi ilə məlumat verilsə də, cavabdeh sessiyada iştirak etməmişdir. Bununla bağlı ona 12 mart 2022-ci il tarixli arayış verilmişdir. İddiaçı daha sonra izahatına əlavə olaraq bildirmişdir ki, o, hazırda 308 manat məbləğində aliment alır. Uşaqlar biri 5-ci, digəri isə 8-ci sinifdə oxuyurlar. Özü uşaqları qoyub işləyə bilmir, orta təhsillidir, həmçinin rayon yerində iş tapmaq olmur .Şəhərdə olan mənzildə onlara istifadə hüququ verilsə də, cavabdehə görə şəhərdə yaşa bilmirlər. Cavabdeh əvvəllər alimenti ödəyə bilibsə, yenədə ödəyə bilər. Cavabdehin pis vərdişlərinə görə onunla yaşamaq mümkün olmamışdır. Cavabdehin özlərinin gözəllik salonları var icarəyə verib gəlir əldə edirlər. Arada bayramlarda pay göndərir. Ona rəsmi ödəniş lazımdır. Cavabdeh uşaqlara telefon alıb kreditini isə anası ödəyir. Cavabdehin özünün isə işləməklə arası yoxdur. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdirmişdir ki, bayramda uşaqlar gəlmiş və uşaqlara 400-500 manat xərc çəkmişdir. Həmçinin telefon almış və telefona kredit ödəyir. 2021-ci ilin iyul ayına gədər işlədiyini, səhhətində problemlər yarandıqdan sonra əməliyyat olunduğuna görə işdən çıxmış, özü şəkər xəstəsidir. Anasının pensiyası ilə yaşayır. Hazırda heç bir yerdə işləmir. Adına heç nə yoxdur. Heç bir yerdən gəliri yoxdur. Valdeyinlərinin yanında yaşayır. Alimentin miqdarı artırılacağı təqdirdə isə həmin alimenti ödəyə bilməyəcəyini bildirərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-583/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa hər ay 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan aydın ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan və 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1634 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh Abbasov X4 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirlyininin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş iş yerinə dair arayışdan görünür ki, Cavabdeh Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyində küçə süpürgəçisi kimi işə düzəlmiş və aylıq əmək haqqısı 378.00 manat olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus olan əmək kitabçasının surətindən aydın olur ki, o, xx.xx.2020-ci il tarixdə Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi-fəhlə kimi işə düzəlmiş və xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-583/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqlar analarının himayəsində qalmış, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa hər ay 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində alimentin tutuluraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hal-hazırda cavabdeh tərəfindən ödənilən cəmi 308 manat məbləğində alimentin uşaqların zəruri tələbatlarını ödəməməsini əsas gətirərək cavabdehdən hər ay iki uşaq üçün cəmi 400 manat məblətində alimentin tutulmasını tələb edir və buna əsas kimi cavabdehin maddi cəhətdən vəziyyətinin yaxşı olmasını, əlavə gəlir yerlərinin olmasını , həmçinin hazırda da 308 manat aliment almasını və kəsiləcək 400 manat alimentin cavabdehin ödəməyə maddi imkanının olmasını bildirsə də, cavabdehin əlavə gəlirləri ilə bağlı məhkəməyə heç bir möhtəbər sübut təqdim edə bilməmişdir.Cavabdeh isə 2021-ci ilin iyul ayına gədər işlədiyini,lakin səhətində problemlər yarandıqdan sonra əməliyyat olunduğu üçün işdən çıxmağa məcbur olduğu,buna baxmayaraq hal-hazırda işləməsədə məhkəmə tərəfindən təyin olunmuş alimenti anasının köməyi ilə vaxtı vaxtında ödədiyi, anasının pensiyası ilə yaşadığı, heç bir yerdə işləmədiyindən hər-hansı bir əlavə gəlir yerinin olmadığı, ödənilən alimentdən başqa uşaqlarına gücü çatan qədər maddi yardım göstərməsi müəyyən edilmişdir. Cavabdeh həmçinin məhkəmə iclasında alimentin miqdarı artırıldığı təqdirdə ödəmək imkanının olmamasını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni valideynlərin uşaqlarını saxlamaq vəzifəsi onlar üçün bərabərdir, uşaqların saxlanması üçün müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Bu da onu göstərir ki, iddiaçıda işləmək qabiliyyətinə malik olduğundan və uşaqların saxlanmasında cavabdehlə eyni hüquqlara malik olduğundan, həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar