Məhkəmə qərarları › İş №2(034)-282/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-282/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-282/2022 30.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8299.25 manat əsas, 767.09 manat faiz, 15.14 manat cərimə borcu olmaqla, cəmi 9081.48 manat məbləğində borcun və ödənilmiş 111.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsalandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 22% ödəmək şərtilə 8300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC-yə 8299.25 manat əsas, 767.09 manat faiz, 15.14 manat cərimə borcu olmaqla, cəmi 9081.48 manat məbləğində borcu yaranmışdır. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş edilmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, bankdan kredit götürmüş, krediti həmişə vaxtında ödəmişdir.lakin 2021-ci ilin noyabr aynıdan başlayaraq banka ödəniş edə bilməmişdir. Həmçinin pandemiyaya düşdüyü üçün də ödəniş edə bilməmişdir. Bu günkü gündə kredit borcundan hər ay 150 manat olmaqla ödəniş edə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 22% ödəmək şərtilə 8300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 8299.25 manat əsas, 767.09 manat faiz,15.14 manat cərimə borcu olmaqla, cəmi 9081.48 manat məbləğində borcu vardır. İş materiallarınaəlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh Ağabəyli X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 8299.25 manat əsas, 767.09 manat faiz, 15.14 manat cərimə borcu olmaqla, cəmi 9081.48 (doqquz min səksən bir manat, qırx səkkiz qəpik) manat məbləğində borc iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 111.27 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən,məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, cavabdeh Zəngilan rayonundan məcburi köçkün olduğundan görə dövlət rüsumu ödəməkdən azaddır. İddiaçı tərəfindən ödənilmiş 111.27 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8299.25 manat əsas, 767.09 manat faiz, 15.14 manat cərimə borcu olmaqla, cəmi 9081.48 (doqquz min səksən bir manat, qırx səkkiz qəpik) manat məbləğində borc iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 111.27 (yüz on bir manat, iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar