Məhkəmə qərarları › İş №2(034)-298/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-298/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-298/2022 28.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 30 iyun 2021-ci tarixdə onunla telefonda danışarkən Sevil problemi yarandığını, anasının xəstəxanaya yerləşdirildiyni və təcili əməliyyat olmasını bildirmişdir. Cavabdeh ona öz paltaryuyan maşınını 1200 manata alıb ucuz qiymətə satmağa hazırlaşdığını demişdir.O isə cavabdehin ziyana düşməməsinə görə ona öz köməkliyini təklif etmiş və 02 iyul 2021-ci ildə metro stansiyasının yanında görüşərək 500 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh pulu götürərkən 1-2 ay sonra pulu geri qaytaracağını bildirsə də, uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamış və müxtəlif bəhanələrlə bundan imtina etmişdir. İddiaçı daha sonra sədrlik edən hakim tərəfindən ona verilən sual-cavablarda izahatına əlavə olaraq bildirmişdir ki, o, insanlıq edərək cavabdehə pulu vermişdir. Ona pulu metro ilə gətirib verəcəyini desə də, lakin cavabdeh taksi ilə gəlib götürəcəyini bildirmiş, bu onda şübhə yaratmışdır ki, cavabdehin pula ehtiyacı olduğu halda niyə 20 manat taksiyə artıq pul verib gəlir. Pulu verəndə cavabdeh 3 ay müddətinə qaytarcağını bildirmişdir. Cavabdehə borcu yoldaşından xəbərsiz vermiş, yoldaşı bilsəyidi buna icazə verməzidi. Dekabr ayının 6-da cavabdehə problemləri izah edərək pis vəziyyətdə qalmasını, 10 gün ərzində ona pul lazım olması ilə bağlı yazmış, cavabdeh isə əvəzində anasının xəstə olmasını və borcu qaytaracığını bildirmişdir. Cavabdehdən səs çıxmamış, yenidən yazaraq cavabdehdən pulunu istəsə də, cavabdeh ondan 10 gün vaxt istəmişdir. Hər ay pulun qaytarılması ilə bağlı cavabdehə yazmaqda davam etmişdir. Aradan xeyli müddət keçdikdən sonra cavabdeh ona yazaraq onun heç kimə borcu olmamasını bildirmiş və telefonunu bloka atmışdır.Cavabdehdən borcu qaytarılmasını tələb edir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, hər bir insanın düşüb qalxan vaxtı olur. Anası hal-hazırda xəstədir, onu şantaj edir, bilir ki, borcu var qaytarmalıdır.İddiaçıdan 500 manat borc almışdır. Cavabdeh daha sonra sədrlik edən hakim tərəfindən ona verilən sual-cavablarda izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı ona, paltaryuyan maşını satma 500 manat pulu o vercəyini demişdir. Anası iynə ilə yaşayır. İşləyib borcu qaytaracaqdır.Onlara ayıbdır ki, 500 manat pula görə işləri məhkəməyə gəlib çıxmışdır.3 ay əvvəl tanışı işlətmək üçün bir yer vermiş, qazanc olmadığı üçün işləyə bilməmişdir.İnşallah avqust ayına iş söz vermişlər. Birdəfəlik 500 manatı verə bilmir, hissə-hissə ödəyə bilər.Anasının hər şeyini o, edir, anasının oğlu yox, yoldaşı yox, tək o anasının yanındadır. Oğlunun 26 yaşı var, atası ilə getmişdir. Qızı əvvəl aptekdə işləmiş, lakin bir aydan çox olar ki, o da işdən çıxmışdır. Hal-hazırda qızı da işsizdir. İndi ödəniş etməyə imkanı yoxdur. Sonda cavabdeh borcu ayda 50 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarnı dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və tərəflər arasında olan Whatsap yazışmalarından görünür ki, cavabdehin iddiaçıya 500 manat borcu olması öz təstiqini tapmışdır. İş materiallarına əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatdadır. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 742.1-ci maddəsinin tələbinə görə əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinin tələbinə görə Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi borcunu geri tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər bir-birləri ilə tanışdırlar. Cavabdeh bəzi problemləri olması, anasını xəstəxanaya yerləşdirdiyindən ona pul lazım olması və o bu barədə iddiaçıya özünə aid olan paltaryuyan maşınını satacağını bildirmiş, iddiaçı isə öz növbəsində cavabdehə köməklik məqsədi ilə pul verəcəyini demiş və xx.xx.2021-ci il tarixdə iddiaçı 500 manat məbəğində pulu cavabdehə vermiş, cavabdeh isə pulu alan zaman 2-3 ay müddətinə qaytaracağını bildirsə də, aradan xeyli müddət keçməsinə baxmayaraq, həmin borcu iddiaçıya qaytarmamışdır. Dəfələrlə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması ilə bağlı yazılı və şifahi formada müraciətlər edilsə də, bunun heç bir nəticəsi olmadığından iddiaçı məcbur olub pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında cavabdeh iddiaçıya 500 manat borcu olmasını etiraf etmiş, lakin hazırda həmin məbləği tam qaytarmağa maddi imkanının olmamasını, yalnız ayda 50 manat olmaqla hissə-hissə qaytaracağını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar