Məhkəmə qərarları › İş №2(034)-325/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-325/2023

24.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-325/2023 24.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə artıraraq xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay 220 manat və müalicəsi üçün 100 manat əlavə xərcin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci il tarixdə rəsmi nikah bağlamadan aildə qurmuş və nikahlarını xx.xx.2017-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2018-ci il tarixdə X11 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar nikahları pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(034)-84/2020 saylı qətnaməsi ilə uşaq onun yanında saxlanmış və saxlanması üçün 170 manat aliment qət edilmişdir. Cəmi 170 manat alimentlə uşaqları saxlamaq çox çətindir. Belə ki uşaq xəstədir, daimi olaraq müalicələrdə olur. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. O, məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentində sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-ci il üçün 220 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Həmçinin cavabdehin uşağın müalicə olunmasına da cəlb olunmasını istəyir. Belə ki, müalicəsi üçün əlavə xərc olaraq 100 manat pul tələb edir. Məhkəmə iclasında iştitrak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2016-cı ildə ailə qurmuş, 2020-ci ildə ayrılmışlar. Ayrılanda məhkəmə 170 manat aliment kəsmişdir. Uşağı saxlamağa gücü çatmır. Uşağın əsəb xəstəliyi var, müalicə alır. Əvvəl cavabdeh aliment ödəməmişdir, icraya müraciət edəndən sonra alimenti ödəmişdir. Qızının 5 yaşı var, uşağına görə işləyə bilmir, uşağın sudurğası var. Baxça qızının baxçada sudurqa keçirdiyinə görə götürməkdən imtina etmişdir. Müalicəyə aparanda 75 manat aparata verir, hər 3 aydan bir uşağı müalicəyə gedir. Müalicə hər ay davam edir. Qızının müalicəsinə hər ay 70-80 manat pul xərcləyir, sosial yardımda alır. Cavabdeh işləyir, fərdi əməklə məşğuldur. Cavabdehin 200 manat köhnə borcu var onun üçün ödəyir. Köhnədən nə qədər aliment borcu qalıb bilmir. Əvvəl 1600 manat aliment borcu yığılmışdır, sonradan aylıq 30 manat ödəyir ki, borcundan silinsin. Qızı oktyabr ayından məktəbə qədərə hazırlığa gedəcəkdir. 185 manat sosial yardım alır. Əlavə xərci istəmir, alimentin artırılmasını istəyir. Cavabdeh uşağı gəlib bir dəfə də olsun həkimə aparmamışdır. Aliment artsın köhnə aliment borcunu gedib müvəqqəti dayandırar. Köhnə borcun silinməsini istəmir. Sonda iddiaçı məhkəmədən əlavə xərcin ödənilməsini istəmədiyini,yalnız aliment artırılaraq 220 manat olmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, fərdi əməklə məşğuldur, gündəlik 15 manata işləyir. Onun imkanı nəyə çatıbsa onu da ödəmişdir. Uşağına nə xərcləmişdirsə onu deməyə ehtiyac yoxdur. Hər ay 170 manat aliment, 30 manat da əlavə ödəyir ki, yığılan aliment borcundan silinsin. Birinci nikahdan oğlu var və onda əqli cəhətdən geriləmə var. Oğluna görə 80 manat müavinat alır. İddiaçı ilə birgə yaşadıqları müddətdə qızının xəstəliyi olmamışdır. 220 manat alimenti verməyə gücü çatmayacaqdır. 200 manat alimenti zorla çatdırıb ödəyir. Aylıq 400 manat qazancı olur, onun 200 manatını alimentə verir, evdə oğlu və yaşlı anası var, onları da nəzərə alınmasını xahiş edir. Üzərindən öhdəliyi atmır, uşağına baxmalıdır, amma onun da problemi var. Aliment artsa da, 220 manat alimenti ödəyə bilmiyəcəkdir. Ayda 400 manat maaşla 220 manat alimenti neçə ödəyəcəkdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını, 220 manat alimenti ödəyə bilmiyəcəyini, çünki hal-hazırki işində çatdıra bilməyəcəyini, köhnə borcu bitsə 200 manat aliment ödəməyə razı olmasını, birinci nikahdan himayəsində olan oğlunun da nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-84/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X11 anası X3 himayəsində saxlanılmış. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment iddiaçıX3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-00823 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətlərndən görünür ki, tərəflər xx.xx.2018-ci il təvəllüdlü X5 valideynləridirlər. İş materiallarında olan «Şuşa Rayon Mərkəzi Xəstəxanası» X23 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-74/3-396/2023 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X11 həqiqətən xx.xx.2020-ci il tarixdən Şuşa Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Qobu Poliklinkasında XBT İ67.4 Hiperteziv esefalopatiya, XBT F 98.0 Enutez diaqnozu ilə xəstə kimi qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətlərndən görünür ki, X16 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X6r. İş materiallaırnda olan ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətlərndən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın surətindən görünür ki, X16 yüngül dərəcəli əqli gerilik, nitq inkişafının pozuntusu xəsətəliyindən əziyyət çəkir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, cavabdeh X1 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-84/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X11 anası X3 himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. İddiaçı bildirir ki, cavabdeh alimentdən başqa ona heç bir əlavə olaraq maddi köməklik etmir. Cavabdeh tərəfindən ödənilən aliment hazırkı vəziyyətdə uşağın heç bir maddi təlabatını ödəmir. Özü heç bir yerdə işləmir, başqa yerdən gəliri yoxdur, uşağı tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh işləyir, fərdi əməklə məşğuldur. Həmçinin cavabdehin aliment borcu da var. Birgə nikahdan olan uşaq bu ilin oktyabr ayından məktəbə qədərə hazırlığa gedəcəkdir. Uşağın sudurğası olduğu üçün hər ay onu müalicəyə aparır və uşağın müalicəsi üçündə xeyli xərc çəkməli olur. Bundan başqa 185 manat sosial yardım alır. Uşaq böyüdükcə onun xərci də artır. Ona görə də, məhkəmədən alimentin miqdarının artırılmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında bildirmişdir ki, onun birinci həyat yoldaşı vəfat etmiş, himayəsindən birinci nikahdan bir xəstə uşaqla yanaşı, yaşlı anası var. Hər ay iddiaçıya 170 manat aliment və 30 manat aliment borcundan ödəniş edir. Yəni hər ay iddiaçıya cəmi 200 manat aliment ödəyir. Aylıq 400 manat qazancı var, alimentin miqdarı artırıldığı təqdirdə aliment ödəməyə imkanı olmayacaqdır. Cavabdeh məhkəmədən alimentin miqdarının artırılmamaısnı xahiş edir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən uşağının müalicəsi üçün 100 manat əlavə xərc tələb etsə də, məhkəmə iclasında əlavə xərci istəmədiyini, yalnız alimentin artırılmasını tələb etmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşağın mənefeyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-84/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay 220 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, X4 ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu oğlundan Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-84/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar