Məhkəmə qərarları › İş №2(034)-326/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-326/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-326/2022 20.06.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1045 manat məbləğində borcun və 31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli 554388 nömrəli borc müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 1829 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 675 manat borcu qalmışdır. İş üzrə Cavabdeh 28 aprel 2019-ci il tarixli MPK5695978 nömrəli borc müqaviləsinə əsasən İddiaçı MMC-dən dəyəri 2529 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 370 manat borcu qalmışdır. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli 554388 nömrəli borc müqaviləsinə əsasən cavabdeh dəyəri 1829 manat olan məişət avadanlığını, 29 manat ilkin ödəniş etməklə,aylıq ödənişi 75 manat olmaqla 24 ay müddətinə və 28 aprel 2019-ci il tarixli MPK5695978 nömrəli borc müqaviləsinə əsasən dəyəri 2529 manat olan məişət avadanlığını, 309 manat ilkin ödəniş etməklə,aylıq ödənişi 185 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəmək şərti ilə əldə etmişdir. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi, cavabdehin 23 noyabr 2018-ci il tarixli 554388 nömrəli müqavilə üzrə 675.00 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 370,00 manat olmaqla, cəmi 1045,00 manat məbləğində borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nın 600.5-ci maddəsinə əsasən «alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər». Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Odur ki, qeyd olunanlara əsasən iddia təmin edilməli, Cavabdeh 23 noyabr 2018-ci il tarixli müqavilə üzrə 675.00 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 370,00 manat olmaqla, cəmi 1045,00 manat məbləğində borc tutularaq iddiaçı «Soliton LTD” Məhdud Məsuliyətli Cəmiyyəti xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 23 noyabr 2018-ci il tarixli müqavilə üzrə 675.00 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 370,00 manat olmaqla, cəmi 1045,00 manat məbləğində borc və ödənilmiş 31 manat məbləğində dövlət rüsumu İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar