Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-338/2025 02.07.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2400 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2018-ci ilin avqust ayında ondan 3500 manat pul alaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən binalardan bir otaqlı mənzil alacağına söz vermiş, cavabdeh pulu ondan aldıqdan bir neçə ay sonra həbs edilmiş, Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsi ilə məhkum edilmişdir. Cavabdeh ona borclu olduğu 3500 manat pulun 1000 manatını 2024-cü ildə qaytarmışdır.1000 manatı ona qaytardıqdan sonra bir neçə həftəyə qalıq pulu-2400 manatı qaytaracağına söz vermiş, cavabdehlə aralarında borc müqaviləsi bağlanmamış və notarial qaydada təsdiq edilməmişdir. Cavabdeh sonuncu dəfə aldığı pulun qalığını-2400 manatını xx.xx.2024-ci il tarixdək qeri qaytaracağını öhdəsinə götürmüşdür. Lakin, bu günədək nə pulu qaytarmış, sözünün üstündə durmamış, zəng etdikdə yeni-yeni tarixlər göstərmiş, lakin hər dəfə onları təkrar olaraq aldatmış, pulu qaytarmamışdır. Dəflərlə onun yaşadığı ünvana getmiş, mobil telefonla zənglər etmiş, lakin hər dəfə, yuxarıda qeyd etdiyi kimi pulu qaytaracağı ilə yeni tarixlər müəyyən etmişdir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində xeyli maddi zərərə düşmüş, beyin iflici keçirmiş,əlildir. Sonda cavabdeh pulu qaytarmaqdan qəti imtina etmiş,”get hara şikayət edirsən et” demiş, o, da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Pulu qaytaramadığına görə bir neçə həftə əvvəl ona mobil telefonuna zəng etdikdə ona bildirmişdir ki, yanvar və yaxud mart ayında borcu tam şəkildə qaydaracaqdır. Cavabdeh keçmiş polis əməkdaşıdır, xüsusi şərtlərlə pensiya idarəsindən 3000 manata yaxın pensiya alır, lakin ona olan borcunu qaytamaqdan imtina edir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Hazırda bank faizinin uçot dərəcəsi 14%-dir və məhkəmə qətnamə qəbul edərkən Milli Bankın müəyyənləşdirdiyi bank faizinin uçot dərəcəsini ümumi məbləğə əlavə etməlidir. Göründüyü kimi iddia tələbi qanuni və əsaslıdır. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı Zəngilan Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, ondan 2400 manat pulun alınb ona verilməsnə dair qətnamə çıxarılmasını xahiş etmiş, hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. İddiaçı göstərmişdir ki, ona Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən binalardan bir otaqlı mənzil alacağına söz verərək ondan 2018-ci ilin avqust ayında 3500 manat pul almış və pulu aldıqdan bir neçə ay sonra həbs edilmiş, 3500 manat puldan 1000 manatını 2024-cü ildə qaytarmış, qalan 2400 manat pulu isə 2024-cü ilin iyun ayına kimi geri qaytarcağına söz vermiş, lakin bu günə kimi pulu qaytarmamış, yenidən ona qarşı dələduzluq etməsini bildirmişdir. Bildirir ki, o, xanımı ümumiyyətlə tanımır, mənzil alacağına da söz verərək ondan heç vaxt pul almamış, xanım hansı sənəd və sübuta əsaslanaraq iddia edir ki, ona 3500 manat pul vermiş və o, həmin puldan 2024-cü ildə 1000 manat qaytarmış, qalan pulu isə 2024-cü ilin iyun ayına kimi qaytaracağına söz vermiş və yaxud da üzərinə öhdəlik götürmüşdür. Xanım bunu nə ilə sübut edir? Görünür ki, xanımın ərizəsində qeyd etdikləri yalan və absurtdan başqa bir şey deyildir. Kimlərdən pul almışdımsa, həmin pulları da 2020-ci ildə qaytarmışdır Əgər onun iddiaçıya onun iddia etdiyi kimi borcu vardırsa, niyə bu illər ərzində məhkəməyə müraciət edərək borcu ondan tələb etməmişdir? Çünki onun xanıma heç bir borcu yoxdur. Qanunvercilik tələb edir ki, məhkəməyə hər hansı bir tələblə müraciət etdikdə onun əsası kimi sübutlar da təqdim olunmalıdır. Lakin, iddiaçının ona qarşı belə bir iddia qaldımaq üçün heç bir sübutu yoxdur. Yuxarıda qeyd etdiyi kimi o, kimlərə borclu olmuşsa həmin borcları da artıqlaması ilə qaytarmışdır. Məhkəmədən İddiaçı iddiası əsassız olduğundan iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini müdafiə edərək, məcburi köçkün olmasını, 3500 manat pulu ev almaq üçün keçmiş həyat yoldaşının qohumu olan Nəsimiyə cavabdehə verməsi üçün verdiyini, cavabdehin puldan 1000 manatını ona 2024-cü ildə qaytarmasını bildirmişdir. İddiaçı sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, cavabdehi ümumiyyətlə tanımadığını, cavabdehdən heç vaxt pul götürmədiyini, kimlərdən pul götürən olsa onların pulunu qaytarmasını bildirmişdir. Daha sonra, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, iddianı qanunsuz və əsassız hesab etdiyini, iddiaçını ümumiyyətlə tanımadığını və ondan pul almadığını, hazırda səhhətində yaranmış problemlə bağlı məhkəmədə iştirak edə bilməcəyini, ona görə də məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini, eyni zamanda məhkəmədən iddiaçı gəlmədiyi təqdirdə mülki işin baxılmamış saxlanılmamasını, işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmisdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilən subutlar: -İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-563/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2.-ci və 178.2.4.-cü maddələri ilə təqsirli bilinib 5.000 (beş min) manat məbləğində, Azərbaycan Respublikasının CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində, Azərbaycan Respublikasının CM-nin 32,4., 312.2.-ci maddələri ilə təqsirli bilinib 8.000 (səkkiz min) manat məbləğində cərimə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12.000 (on iki min) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4.-cü maddəsinə əsasən Cavabdeh 2019-cu il dekabrın 12-dən hökm çıxarılanadək həbsdə saxlanıldığı 09 ay 27 gün nəzərə alınmış, ona təyin edilmiş 12.000 (on iki min) manat məbləğində cərimə cəzasından 7.000 (yeddi min) manat çıxılmış və üzərində qəti olaraq 5.000 (beş min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. -İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən məhkum Cavabdeh cəzadan azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 329.2.Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı iddia tələbinə əsasən, Cavabdeh iddiaçıya 2018-ci ilin avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən binalardan bir otaqlı mənzil alacağına söz vermiş və bunun müqabilində iddiaçıdan 3500 manat məbldəğində pulu almışdır. Cavabdeh pulu aldıqdan sonra həbs edilmiş, sonradan aldığı puldan 2024-cü ildə 1000 manatı iddiaçıya qaytarmış, qalan 2400 manatı isə xx.xx.2024-cü il tarixədək qaytaracağına söz vermiş, lakin verdiyi sözünə əməl etməmiş, dəfələrlə iddiaçıdan qalan borcun qaytarıkması tələb olunsa da, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh həm məhkəmə iclasında, həm də iddiaya verdiyi etirazında, məhkəməyə ünvanladığı ərizələrində iddiaçını ümumiyyətlə tanımadığını və ondan deyilən məbləğdə pul almamasını bildirmişdir. Məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, pulun alınmasına dair tərəflər arasında hər hansı bir borc müqaviləsi və ya notariat qaydasında təsdiq edilmiş sənəd yoxdur. İddiaçı məhkəmənin hazırlıq iclasında etiraf etdiyi kimi pulu bilavasitə cavabdehə yox, keçmiş həyat yoldaşının qohumu olan Nəsimiyə vermişdir. Bu da onu göstərir ki, iddiaçı cavabdehin ona 2400 manat məbləğində borcu olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-338/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-338/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver