Məhkəmə qərarları › İş №2(034)-347/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-347/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-347/2022 16.08.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin təyinatının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin təyinatının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 2(034)-1066/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə kəsilmiş alimentin miqdarını dəyişdirərək xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X2 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2012ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1066/2017 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment kəsilmişdir. Hazırda cavabdeh işdən çıxdığı üçün o, alimentin təyinatının dəyişməsini istəyir. Belə ki, sabit pul məbləğində cavabdehdən aliment tələb edir. Prezidentin sərəncamı ilə 2022-ci il üçün uşaqlara görə yaşayış minimumu 193 manat təşkil edir. Uşaq böyüdükcə onun tələbatları daha da çoxalır. Cavabdehin rəsmi iş yeri yoxdur, şəxsi biznesi var. Cavabdeh uşaqla maraqlanmır. X4 Xidmətində işləyir, 900 manat əmək haqqı alır, ipotekaya ev almış, xərcləri çoxdur, uşağı saxlamaqla çətinlik çəkir. Uşağın yaşayış şəraitinin yaxşılaşdırılması üçün hər iki tərəf çalışmalıdır. Alimentlə bağlı uşağın saxlanmasında isə cavabdehlə razılığa gələ bilməmişlər. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-1066/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 03 avqust 2017-ci il tarixdən hər ay Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-2052 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarına əlavə edilmş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün tərəflər arasında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaq iddiaçının yanında saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1066/2017 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment kəsilmişdir. Hazırda iddiaçı uşaq böyüdükcə onun təlabatlarının artmasını əsas gətirərək Zəngilan Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin rəsmi iş yerinin olmamasına baxmayraq onun biznes fəaliyyəti ilə məşğul olması bildirilsə də, cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli arayışdan da görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.İddiaçı isə Dövlət Miqrasiya Xidmətində işlədiyini və 900 manat əmək haqqı aldığını bildirmişdir. Belə olan halda iddiaçının iddia etdiyi 193 manat sabit pul məbləğdə alimentin cavabdehdən tutulması mümkün olmağından məhkəmə alimetin miqdarını hər ay uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1066/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar