Məhkəmə qərarları › İş №2(034)-347/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-347/2023

06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-347/2023 06.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1404 manat və 35 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1439 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 06 oktyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində “Opel Astra” markalı 77BD-668 dövlət qeydiyat nömrə nişanlı avtomobillə «Kia Sportec» markalı AB 059 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və «Kia Sportec» markalı avtomobil idarəetməni itirərərək əks istiqamətli yola çıxaraq idarə etdiyi «Mercedes Benz 5 EX Al 6099 LC» 856 markalı qeydiyat nömrə nişanlı avtomobilə toqquşmuşdur. Bakı şəhət DYPİnin İXP ******* saylı inzibati protokoluna əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus olan avtomobilə 2550 manat məbləğində maddi ziyan vurmuşdur. Dəyən zərərin 1146 manatı sığorta təşkilatı tərəfindən ödənilmiş, qalan 1404 manatı isə hələ də ödənilməmişdir. O, cavabdehdən tələb etsə də, cavabdeh könüllü olaraq ona dəymiş maddi ziyanı ödəmir, qəti olaraq həmin ziyanı ödəməkdən imtina edir. "xxxx" ASC-nin 10.10 2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilinə 2550 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, tarixlər yadından çıxmışdır. İş vaxtı idi, yolnan getdiyi yerdə Ceyhun Səlimov küçəsində hadisənin qurbanı olmuşdur. Cavabdeh maşını ilə yol ayrıcına girmiş, ona dəyən maşın idarə etməni itirmiş, onun maşının üstünə dəymişdir. O, ekspertiza tələb etmiş və təyin olunmuşdur. Hadisə cavabdehin üzərində qalmasın, amma ekspert günahı cavabdehin üzərində saxlamışdır. Səbəbkar kimi cavabdeh göstərilmişdir. Öz hesabına texniki ekspertizanıda ödəmişdir. Cavabdeh sığortadan qalan ziyanın bir qismini də ödəməkdən imtina etmişdir. O, hadisədən sonra maşını yarıqiymətə satmış, çəkdiyi xərclər cavabdehin verəcəyi pulu qarşılamamışdır. 700 manat ona dəyən ziyanın ½, nədə ki, ¼ qarşılamır. Maşın A class Mersedesdir, 2000-ci ilin buraxılışıdır.Maşının sol tərəfi bütünlüklə dəyişilmişdir. İdarə etməni itirən qadın bardur olmasaydı, ola bilsin indi o, həyatda yox idi. Qiymətləndirməni Xalq sığortanın servisləri var onlar etmişlər. 1139 manatı sığorta ödəmişdir. 2550 manat ziyan dəymişdir. Ziyanın yarısını cavabdeh ödəməli idi. Öz aralarında razılığa gəlmək üçün cavabdehə yenə də ekspertiza təyin etdirəcəyini bildirmişdir. Orda əyləcdən istifadə etmək imkanı olmuşdur. «Kia Sportec» markalı avtomobilin sürücüsü qadın idi, səriştəsidə az idi. Yol nəqliyyat hadisəsi olanda polis gəlmiş, hər şey qanuni olmuşdur. Yol nəqliyyat hadisəsini törədən səbəbkar kimi cavabdeh göstərilmişdir. Onun maşınına dəyən başqa nəqliyyat vasitəsi olmuşdur. İdarə etməni itirməsinə səbəbkar kimi cavabdeh göstərilmişdir. Protokol tərtib olunmuşdur. Bir müddət qiymətləndirməni həll etsin deyə sığorta ilə məşğul olmuşdur. Sığorta bildirmişdir ki, «Kia Sportec» markalı avtomobilin də sığortasını onlar ödədiklərinə görə 30% -70% bölgü ilə bölünəcəkdir. Ona dəyən zərər 7000 manatdan yuxarı olmuşdur. Sığorta 5000 artıq ödəniş etmir,qalanınıda cavabdehin üzərinə qoyurlar. Cavabdeh 800 manat ödəniş etmiş, 600 manat və 32 manat rüsum qalmışdır. O, 800 manatla razılaşmamışdır. Tələb etdiyi 635 manat isə maşına dəyən zərərin ¼ belə ödəmir. Maşının karobkası sıradan çıxmışdır.Maşının qiyməti 5500 manatdır və o 3000 manata satmışdır. Bankdan kredit götürüb maşını düzəltdirmişdir.Maşının şüşələrinin hamısı sınmışdır. Əlavə 1700 manat maşının matorxanasına pul ödəmişdir. Ekspert rəyi ilə razıdır. Sonda iddiaçı məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh ekspert rəyində göstərilən avtomobilin təmir-bərpa xərci olan 934 manat zərərin və ödənilmiş 35 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hadisədir, olubdur. Allaha şükür edir ki, ölüm olmamışdır. Hadisə olandan sonra cərimə polis tərəfindən olmuşdur. O, iddiaçı tərəfə şəhərdə bahadır, gətirin Mehdiabadda maşını düzəltdirsin demişdir. Sığorta nə veribsə qalnınıda o, ödəyəcəyini bildirmişdir. İddiaçının yoldaşı ilə görüş, 1000 manat demiş, ona o qədər ödəyə bilmiyəcəyini, 800 manatla razılığa gəlmişlər. İki dəfə 400 manat ödəniş etmiş, çekləridə var. Qiymətləndirmədə o, iştirak etməmişdir. İddiaçının yoldaşı 800 manatı ödə, qalanı ilə işin olmasın bildimiş, onlarda onunla sağollaşıb halallaşmışlar.O, ödədiyini ödəmişdir. O, iddiaçı ilə deyil, yoldaşı ilə danışmışdır. O, maşının içində keyləşib oturmuşdur. Qiymətləndirmədə o, iştirak etmədiyi üçün razı deyildir. Təqdim etdiyi flaşkarta iddiaçının yoldaşı ilə danışığı və 800 manatı ödədiyi çek var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan CM2656/22 saylı, xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, «Mercedes Benz 5 EX Al 6099 LC» 856 markalı qeydiyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 2.550 manat, sığorta ödənişin yekun məbləği isə 1.146,38 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-ti tərəfindən verilmiş 3672/22 nömrəli qiymətləndirmə aktından görünür ki, «Mercedes Benz 5 EX Al 6099 LC» 856 markalı qeydiyat nömrə nişanlı avtomobilə dəymiş ziyan 2550 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbyacan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən9/6724 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz A160” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2080,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 06 oktyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində idarə etdiyi “Opel Astra” markalı 77BD-668 dövlət qeydiyat nömrə nişanlı avtomobillə «Kia Sportec» markalı AB 059 dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və «Kia Sportec» markalı avtomobil idarəetməni itirərək əks istiqamətli yola çıxaraq iddiaçının idarə etdiyi «Mercedes Benz 5 EX Al 6099 LC» 856 markalı qeydiyyat nömrə nişanlı avtomobilə toqquşmuşdur. Bakı şəhət DYPİ-nin İXP ******* saylı inzibati protokoluna əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi «Mercedes Benz 5 EX Al 6099 LC» 856 markalı dövlət qeydiyyat nişanlı avtomobilə Azərbyacan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/6724 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 2080 manat müəyyən edilmişdir. İddiaçı ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Dəyən zərərin 1146 manatı sığorta təşkilatı tərəfindən ödənilmiş, qalan 934 manatı isə hələ də ödənilməmiş qalmaqdadır. İddiaçı cavabdehdən ona dəymiş ziyanı tələb etsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. Göstərilənləri və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 934 manat maddi ziyan İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia təmin edildiyinə görə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa 50 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 934 manat məbləğində maddi ziyan və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar