Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-384/2023 28.09.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimmentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması» iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 35/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi olaraq ailə qurmuş və bu nikahdan bir övladları, yəni 08.01 .2017-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Onların münasibətləri pis oluğu üçün nikahları Zəngilan Rayon Məhkəməsində pozulmuş, uşaq onun yanında saxlanmış və 175 manat aliment kəsilmişdir. Cəmi 175 manat alimentlə uşağı saxlamaq çox çətindir, ona görə də alimentin Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-ci il üçün 220 manatdır. Uşaqlar böyüdükcə tələbatları daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə boşandığı zaman məhkəmə 175 manat aliment kəsmişdir. Cavabdehin aliment borcu çox olduğu üçün alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İndi uşağın sağlamlığı, məktəbə getməsi ilə bağlı xərcləri artmış, çatdıra bilmir. Onun üçün 220 manat aliment istəyir. Bir uşağı var, 7 yaşındadır. İşləyir 350 manat maaş alır. Cavabdehlə mediasiyada razılığa gəlmiş, cavabdeh sonradn fikrini dəyişmişdir. Cavabdeh işləmədiyini deyir, amma evakuator sürür. Uşağa heç bir maddi köməklik etmir. Uşağına asma allergiya diaqnozu qoyulmuş, qarşı tərəfdədə bu xəstəlik var. Müalicə üçün qarşı tərəfdən köməklik istəsə də, heç bir köməklik göstərməmişdir. Məktəb xərclərinə də heç bir dəstək olmamışdır. Uşağın xəstəliyi aşırı dərəcəyə gəldiyi üçün o, borc xərc edib uşağı Naxçıvana Duzdağa aparmışdır. Uşaq çox pis vəziyyətdə olmuş, burda müalicə olsa da, heç bir nəticəsi olmadığı üçün Naxçıvana aparmışdır. Bütün valdeynlik borcunu yetərincə yerinə yetirmişdir. Məhkəmədən alimentin atırılmasını xahiş edir. Uşağı yaşlı kişiyə müalicə etdirmək istəmiş, razılaşmamışdır. Uşağın xəstəliyini niyə ataya sübut etməlidir. Uşağın qızdırması olduğu üçün aptekdə qarşı tərəfə yalvarmışdır ki, həkimlərə pul tökmüş, onun pulu yoxdur, kartıma pul at uşağa dərman alsın, amma karta pul atmamışdır. Uşaq qızdırmalı halda aptekdə qalmışlar.İlk öncə onu deyir ki, o, rəsmi işləmir, 600 manatdan yuxarıda maaş almır. Uşağı qarşı tərəfə hər göstərəndən sonra onun iki qat xərci çıxır, uşaq allergiyalıdır, bunlar da evlərində pişik saxlayırlar, uşaq gedibgəlir, gözü-başı şişir, sonra nə qədər dərmana xərci çıxır. Qarşı tərəf elə hərəkətlər etmişdir ki, onun üçün istəmir ki, onların evdə uşaqla görüşsün. Uşaq deyir ki, ana o, atası ilə görüşmək istəmir, anasına şiddət göstərdiyi üçün məcbur görüşür. Qarşı tərəf ailəyə baxmadığı üçün ayrılmışdır. Qarşı tərəf uşağını görmək istəyirsə, məhkəməyə müaciət etib uşaqla görüş alsın. Bu adamın 5 il uşağın nə yeyib, nə içməsindən xəbəri olmamışdır. Uşağın tərbiyəsi ilə özü məşğul olur. Uşağı 5-6 yaşına o, çatdırmışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını, alimentin artırılıb 220 manat olmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, qarşı tərəf özü rəsmi olaraq, ehtiyyat hissələri dükanında işləyir və 600 manatdan yuxarı maaş alır. Uşağın saxlanılması tək ataya aid deyildir, anada öhdəlik daşıyır. Onlar boşananda aralarında razılaşma olmuşdur ki, uşağı həftədə iki dəfə görsün, amma uşağı ona göstərmir. Alimenti mediasiyadan qabaqda, sonrada 220 manat ödəmişdir. Hal-hazırda işləmir, kirayədə qalır, qarşı tərəfin danışdıqları həqiqəti əks etdirmir, onunda sıxıntıları var. Mediasiyada olanda evakuator sürdüyündən onun üçün 220 manat alimentlə razılığa gəlmişdir. Hal-hazırda işləmir, iş olandan olana işləyir. Alacağı puldan 175 manat alimenti zorla verir. Alimenti gecikdirdiyinə görə borc yığılmış, qarşı tərəf onu məsuliyyətə cəlb etdirmişdir. Qarşı tərəf uşağı görmək istəyir, uşağı göstər deyəndə icazə vermir. Qarşı tərəf uşağı görmədən deyir ki, karta pul at, müalicə etdirir. Asma, allergiya onda da var, anasında da var. Alimentdən başqa kart vasitəsi ilə əlbə-əldə uşağına köməklik etmişdir. 6-7 aydır ki, uşağını ona göstərmir. 2-3 dəfə uşağı ona davaqırğınla göstərmiş, uşağın yanında ona alçaldıcı sözlər demiş, buda ona xoş gəlməmişdir. Axrıncı söz-söhbətdən sonra uşağı öyrətmişdir ki, ona sənin kimi atanı istəmir desin. Deyəndə ki, uşağını gəlib aparıb görsün, «mən sənə etibar etmirəm” deyir. O, uşağından narahatdır, ana işdə olanda uşağa kim baxır. Anası ilə yaşayır, yaşlı qadındır. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını, işsizliyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(034)-35/2022 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X3 anasının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Quliyeva X2 rayonundan məcburi köçkündür. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Cavabdeh) 1-ci tərəf (İddiaçı), hər ay 220 manat alimentin ödənilməsini öz öhdəsinə götürmüş, alimentin ödənilməsi 2023-cü ilin mart ayından başlayaraq, hər ayın 1-dən 5-nə kimi 1-ci tərəfin (İddiaçı) kart hesabına ödəniləcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. -Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2017ci il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, uşaq ananın yanında saxlanılmış və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. İddiaçı hazırda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından olan uşağın saxlanması üçün ödənilən cəmi 175 manat məbləğində aliment uşağın heç bir təlabatını ödəmir. Uşaq böyüdükcə onun maddi təlabatları günü-gündən artır. Cavabdeh alimentdən başqa ona heç bir əlavə maddi yardım etmir. Uşağın saxlanması üçün hər ay 220 manat alimentin ödənilməsi ilə bağlı mediasiyada aralarında barışıq sazişi bağlansa da, cavabdeh sonradan barışıq sazişinin şərtlərinə əməl etmədiyindən o, da cavabdehə qarşı aslimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müracitə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının iddia tələbi ilə razılaşmamış, mediasiyada aralarında barışıq sazişi imzalanan vaxt işlədiyi üçün razılığa gəldiyini, lakin sonradan işdən çıxdığını, hal-hazrıda işsiz olduğunu və heç bir qəlirinin olmamasını bildirsə də,buna dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilərək Zəngilan Rayon Məhkəməsinin 2(034)- 35/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay 220 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-35/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-384/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-384/2023
28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver