Məhkəmə qərarları › İş №2(034)-45/2022

Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(034)-45/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-45/2022 22.02.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən “X1 7” markalı telefonun dəyəri olan 450 manat, kabroda olan 300 manat, dövlət rüsumu kimi ödədiyi 31 manat və vəkilə çəkilmiş xərc 50 manat cəmi 831 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən “X1 7” markalı telefonun dəyəri olan 450 manat, kabroda olan 300 manat, dövlət rüsumu kimi ödədiyi 31 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə birlikdə Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarında birlikdə işləmişlər və həmin vaxtdan tanıyır. Aqşin 27 avqust 2021-ci il tarixdə saat 19:00 radələrində ona yaxınlaşaraq dəyəri 400 manat olan “X1 7” markalı telefonu danışmaq üçün istəmiş, o da cavabdehə inanaraq həmin telefonu danışmaq üçün ona vermişdir. Həmin vaxt telefonun kabrosunda ona məxsus 300 manat pul da olmuşdur. Aqşin danışadanışa ondan uzaqlaşmış, bir müddət keçsədə ondan xəbər çıxmadığına görə o öz nömrəsinə zəng etsə də, zəng çatmamışdır. Bundan sonra cavabdehin onun telefonunu və pulunu götürməsinə görə polis şöbəsinə müraciət etmişdir. Cavabdehin əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş və etdiyi əmələ görə Qaradağ rayon məhkəməsinin 02.10.2021-ci il tarixli qərarı ilə AR İXM-nin 227-ci maddəsi ilə 1 ay müddətinə həbs edilmişdir. Məhkəmədə də, Aqşin ona məxsus telefonu götürməsini etiraf etmiş və ona dəyən ziyanı ödəməyə hazır olduğunu bildirsə də hal-hazıra kimi ona dəymiş ziyan ödənilməmişdir. Polisə müraciət etmək və sair hüquqlarını müdafiə etmək üçün vəkilə müraciət etməklə 50 manat xərci çıxmışdır. Bütün bunlar cavabdehin təqsiri üzündən edilməklə ona dəyən ziyanın ödənilməsini istəyir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini, cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə, ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1238/2021 saylı, 02.10.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündəəks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında”Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindəöz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “X1 7” markalı telefonun dəyəri olan 450 manat, kabroda olan 300 manat, dövlət rüsumu kimi ödənilmiş 31 manat pul İddiaçı xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır» Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehdən Cavabdeh “X1 7” markalı telefonun dəyəri olan 450 manat, kabroda olan 300 manat, dövlət rüsumu kimi ödədiyi 31 manat, cəmi 781 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamədən onun alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Zəngilan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar