Məhkəmə qərarları › İş №2(034)-49/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-49/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-49/2023 10.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının, onun nümayəndəsi (vəkili) X3 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızına və Cavabdeh2 qarşı "borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızına və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada 8155.40 ABŞ dolları əsas, 2044.18 ABŞ dolları faiz, 125.88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10325.46 ABŞ dolları borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-865/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmişdir. Lakin, cavabdeh Əliyeva (Alməmmədova) X2 Rayon Məhkəməsinin 2(034)- 865/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 283-cü maddəsinin tələblərinə riayət etməklə xx.xx.2022-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-865/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "DəmirBank” ASC-dən illik 23 faizlə 60 ay müddətinə 8910 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixlikredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 8155,40 ABŞ dolları təşkil etmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırmışdır. xx.xx.2016-cı ilədək Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 8155.40 ABŞ dolları əsas, 2044.18 ABŞ dolları faiz, 125.88 ABŞ dolları olmaqla, cəmi 10325.46 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışını təqdim etmişlər. Ekspert rəyində uyğun gəlsə də, faiz borcu hissəsində müqavilə müddəti bitən tarixə yox, maliyyə arayışı bitən tarixə sıfır borc göstərir. Kompensasiya ödənilmiş, artıq bankın mənafeyi nəzərə alınmamışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən ekspertin rəyi məcburi xarakter daşımasa da, iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Dəmirbankdan 2014-cü ildə kredit götürmüşdür. 2016-cı ildə devalivasiya ilə bağlı Dəmirbanka ödənişləri dayanmışdır. İki ay ödəniş etmişdir. Məbləğ 8100 dollar olmuşdur. Bir müddət ödəniş etməmişlər. Həmin pul qalxıb 10.700 dollar olmuşdur. Sonra Zəngilan icra şöbəsinə göndərilmiş, İcrada əmək haqqınıa yönəldərək hər ay maaşından 100 manat tutmuşlar. 1900 manat pul tutulmuşdur. Sonradan maaş alanda görmüşdür ki, pul tutulmur dayandırılmışdır. Onların mühasibatlığından soruşanda bildirmişlər ki, 10000 dollara kimi borcu olanların borcu silinməsi barədə prezidentin fərmanı vardı. Mühasib bildirmişdir, hər ay ondan artıq pul tutduğuma görə ona cərimə yazmışlar ki, preizdent fərman vermiş, «sən niyə tutursan» bu dayandırılmalıdır. Ondan sonra borcu ilə bağlı iki dəfə Dəmirbanka müraciət etmiş və ona bildirmişlər ki, silinməyə düşmüş, hələ vaxt yoxdur, baş qarışıqdır, onlar özləri məlumat verəcəklər. 4 il keçəndən sonra indi icra olunmasını vermişlər. İcra şöbəsi ilə danışmış və 17000 dollar borcu olmasını bildirmişlər. Necə 17000 borc yazıla bilər ki, o, prezidentin fərmanına düşməsini bildirmişdir. Ona vaxtında məlumat verilsəydi indiyə kimi borcunu ödəyib bitirərdi. Bank öz xeyiri üçün bu məsələni gizlətmişdir. Məcburi köçkündür, övladlarını tək saxlayır, bu qədər pulu ödəyə bilməz. 4810 manat əsas borcu qalmışdır. 2014-cü ildə kredit müqaviləsi bağlayıb 8100 ABŞ dolları pul götürmüşdür.Müqavilənin icra müddəti 15 oktyabr 2017-ci ildə bitməli idi. 2015-ci ildə 8155 dollar 40 sentə əlavə saziş bağlamışlar.30 aprel 2020-ci ildə müqavilənin icra müddəti bitməli idi. Bu əmrdən iki ay 200 manat ödəniş olmuş, ondan sonra icra əmək haqqısına yönəltmiş, 1900 manat pul tutulmuşdur. Restrukzisasiya 2019-cu ildə olmuşdur. Cavabdeh2 isə onun iş yoldaşıdır. Sonda cavabdeh məhkəmədən verilmiş ekspert rəyi ilə razı olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Sahibə xanımın məhkəmə əmrindən belə xəbəri olmamış, məhkəmə əmri zamanı ona heç bir bildiriş gəlməmişdir. Məhkəmə əmri icraya yönələndən sonra Sahibə xanımın məlumatı olmuşdur. Sahibə xanım icrada ərizə yazaraq əmək haqqından hər ay 100 manat tutulmasına icazə vermişdir. 4800 manat, yəni 2700 dollar hal-hazırda banka borcları qalmışdır. Sonda cavabdehin nümayəndəsi (vəkili) ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, iddiada olan məbləğ silinib qalan məbləği ödəməyə hazır olduqlarını bildirmişdir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "DəmirBank” ASC-dən illik 23 faizlə 60 ay müddətinə 8910 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixlikredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 8155,40 ABŞ dolları təşkil etmişdir. Həmçinin borcun təminatı olaraq digər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli maliyə arayışdan görünür ki, cavabdehin banka 8155.40 ABŞ dolları əsas, 2044.18 ABŞ dolları faiz, 125.88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10325.46 ABŞ dolları borcu vardır. İş materiallarında olan və bank tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışından görünür ki, cavabdehin banka 2764.77 ABŞ dolları əsas, 5062.80 ABŞ dolları faiz, 4367.69 ABŞ dolları cərimə, illik 5% dərəcəsi ilə 368.60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 12563.86 ABŞ dolları təşkil edir. İş materiallarında olan və Zəngilan Rayon Məhkəməsinin 2(034)-49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1792 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin və xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı əlavə sazişin şərtləri nəzərə alınmaqla Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızının xx.xx.2016-cı il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 10.038.70 ABŞ dolları məbləğində və təqdim edilmiş cari, ssuda hesabından çıxarış məlumatlarındakı müxbirləşməyə əsasən xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 2647.12 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2016-cı il tarixə əsas borc 8.155,40 ABŞ dolları, faiz borcu 1883.30 ABŞ dolları, xx.xx.2022-ci il tarixə əsas borc, 2.647,12 ABŞ dolları, faiz borcu isə 0,00 ABŞ dolları təşkil edir. Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən xx.xx.2022-ci il tarixə faiz və cərimmə borcu müəyyən hedilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikası MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırmaı zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh "DəmirBank” ASC-dən illik 23 faizlə 60 ay müddətinə 8910 ABŞ dolları kredit götürmüş, xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 8155,40 ABŞ dolları təşkil etmişdir. Cavabdeh tərəfindən götürülmüş kreditdən xx.xx.2019-cu il tarixədək ödənişlər edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş sonuncu maliyyə arayışında cavabdehin 2764.77 ABŞ dolları əsas, 5062.80 ABŞ dolları faiz, 4367.69 ABŞ dolları cərimə, illik 5% dərəcəsi ilə 368.60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 12563.86 ABŞ dolları banka borcu olması qeyd edilsədə, iş üzrə verilmiş ekspert rəyindən cavabdehin xx.xx.2022-ci il tarixə əsas borcu 2647.12 ABŞ dolları təşkil etsə də, kredit müqaviləsi üzrə faiz və cərimə borcu müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 2647.12 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə ərizə verərkən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq 20 manat rüsum ödəmişdir. Məhkəmə əmrindən etiraz verildiyindən və iddia icraatına keçirildiyindən, artıq iddianın qiyməti Azərbaycan Respublikası MPM-nin 112-ci maddəsinə əsasən, alınan pul vəsaitinin məbləği ilə müəyyənləşdirilir. Təmin olunmuş məbləğ 2647.12 (2647.12 x 1.7=4500 manat) ABŞ dolları təşkil etdiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən, iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində,yəni ödənilməli dövlət rüsumu 65(30 +35=65) manat müəyyən edilir. Odur ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun 45 manat məbləğində ödənilməmiş hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu isə cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda 200 manat məbləğində ekspertiza xərci cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada tutularaq tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 2647.12 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) borc və 20 manat ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Əliyeva (Alməmmədova) Sahibə Mustafa qızından və Cavabdeh2 müştərək qaydada 200 manat ekspertiza xərci və 45 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar