Məhkəmə qərarları › İş №2(034)-513/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-513/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-513/2022 22.11.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması və xəstəlik xərclərinə cəlb olunması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması və xəstəlik xərclərinə cəlb olunması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üzrə 200,00 manat olmaqla, cəmi 400,00 manat məbləğində alimentin, Məryəm Novruzlunun xəstəlik xərcinin qarşılanması üçün hər ay 300,00 manat məbləğində xəstəlik xərcinin, X7 3 yaşınadək əlavə ona 100,00 manat məbləğində alimentin, məhkəməyə müraciət üçün çəkdiyi 250 manat məbləğində xərcin, 50,00 manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-2394/2021 saylı qətnaməsi ilə cavabdeh Togrul Novruzludan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hesablanaraq ona ödənilən aliment məbləği ölkə üzrə 1 uşağın saxlanılması üçün tələb olunan aliment məbləğindən qat-qat aşağıdır. Həmçinin qızı Məryəmin sağlamlığında yaranan problemlə bağlı əlavə xəstəlik xərclərin ödənilməsinə zərurət yaranmışdır. Qeyd etmək istəyir ki, uşaqların saxlanılması üçün lazım olan xərclər əvvəlki kimi geyim, yemək və s. bu kimi xərclər deyildir. Onun təhsil alması ilə bağlı əlavə zəruri xərcləri yaranmışdır. Cavabdehin isə müntəzəm aylıq gəliri vardır, maddi durumu yaxşıdır. İddiaçı daha sonra izahatına əlavə olaraq bildirmişdir ki, 2 övladı var, biri 2 yaş 8 aylıq, digəri isə 4 yaşındadır .309 manat aliment alır. Qızının gözlərində çəplik olduğu üçün əməliyyat etdirmişdir. Atası əməliyyata heç bir köməklik etməmiş, xəstəxanaya belə gəlməmiş, uşağı necə oldu maraqlanmamışdır. Uşağın əməliyyatdan sonra gözləri düzəlmişdir. Qızında əqli gerilik də var. Kurslara getməlidir ki, gəlib öz yaşıdlarına çatsın. 4 yaşı var, amma elə bil 3 yaşında uşaqdır. 3 yaşında uşaq necə qavrayıb dərk edirsə buda onu götürür. Loqoped və psixoloq yanına getməlidir. Əgər bunlar edilməsə qızı məktəbə gedə bilməyəcək, məktəb onu qəbul etməyəcək, uşağının həyatının puç olmasını istəmir. Atası isə bunu bilir danışmış, deyir ki, mənlik deyildir. Alimentin artırılmasını verən də yazmış, cavabdeh əlin və ayağın var get işlə get uşaqlarına bax demişdir. O, da məhkəməyə verməyə məcburdur. Atasına qalsa aliment verməyəcəkdir. Uşaqlar baxçaya gedirlər pul ödəyir. İndidə uşağın xəstəliyi var, demək olar ki, aldığı alimentin hamısı dərmana gedir. Uşaqları balaca olduğu üçün işləmir. O, işləsə, qızı ilə məşğul ola bilmiyəcəkdir. 1 ay kursuna əvvəldən ödəniş olanda 384 manat ödəyir. 2 dərsi olur, hər dərsə 192 manat pul verir. Gündəlik ödəniş edəndə 480 manat edir. Bu xəstəliyə heç bir həkim qaranti vermir. Həkim bildirir ki, uşaq var tez sağalır, uşaqda var gec sağalır, bu uşağın özündən aslıdır. Psixi Sağlamlıq Mərkəzindən arayış var. Aldığı dərmanlar çox bahadır. Qızında auditizmin başlanğıcı var. Göz əməliyyatından sonra dərmanlar yazılmışdır. O, heç vaxt atanın övladları ilə görüşməsinə narazıçılıq etməmişdir. Ata ilk dəfə noyabr ayında gəlib uşaqlarını görmüşdür.Onun övladı 2019-cu ildən müalicə alır. Cavabdeh 927 manat maaş, 150 manat kirayə haqqı, 80 manatda veteranlığa görə pul alır, 1500 manat aylıq gəliri var. Cavabdeh qumarbazdı, sübut kimi çekləridə var. Onlar ailəli olan vaxt bankdan qumar borcuna görə 15000 manat pul götürmüşdür. Aylıq 528 manat banka kredit ödəyir. Uşaq xəstədir, cavabdeh ancaq qumara pul xərcləyirdi. Qızının gözündə çəplik anadan gəlmə olduğu üçün həkim əməliyyat olunmasa ömür boyu gözünün belə qalacağını bildirmişdir. 1200 manat əməliyyata pul vermişlər. 2021 fevral ayında boşanmağa ərizə vermiş, iyun ayında boşanmaları olmuşdur. Cavabdeh ona qədər heç bir dəfə də övladlarını axtarmamışdır. Uşaqlara heç bir köməklik etməmişdir. Cavabdehin 595 manat aliment borcu vardı onu ödəmiş, əməliyyata isə pul verməmişdir.Uşağın xərcini onun atası niyə ödəməlidir.Tək baxçaya bu ay 100 manat pul xərcləmiş, hər iki uşaq baxçaya gedir. Ancaq valdeyinləri ona köməklik edirlər. Uşaqlar 2 həftədir ki, xəstələndikləri üçün evdədilər. Alimentin kəsilməyini istəyir, çünki o, onlara güvənə bilməz. Qızı Məryəmin çox ciddi xəstəliyi olduğunu, autizmın başlanğıc mərhələsində olduğunu, əgər indi müalicə olunmadığı təqdirdə xəstəliyi daha ağırlaşacağını, sonradan isə müalicə eləmək çox çətin olacağını, buna görə də daima psixoloqun seansına aparmaq lazım olduğunu bildirmişdir. Psixoloqun 12 seansı 380 manatdır. Əgər seansları bir bir alanda bir seansı 70-80 manatdır. Hal-hzırda pulu olmadığına görə uşaq müalicəsiz qalır. Qızı 10 aylıq olanda qaynanası qolundan tutub bu uşaqlar ona lazım deyildir demişdir. Cavabdeh Pikar saytda qumar oynayır. ikinci övladını o istəməmişdir, yoldaşı özü məcbur etmişdir ki, dünyaya gətir, indidə övladına baxmır. Cavabdeh oğlan uşağı istəmiş, qız yox. Sonda iddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını, alimentin artrılımasını və xəstəlik xərclərinə görə də əlavə pul verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X9 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu hərbiçidir. Alimenti vaxtı-vaxtında ödəyir. Oğlunun əlavə gəliri yoxdur. Oğlu hərbçi maaşından əlavə 80 manat veteranlığa görə pensiya alır. Maaşı artmamışdır. Buda yaşayıb ailə qurmalıdır. Xanımın ata-anası ailəsini dağıtdı. Uşaqdan soyuq silah kimi istifadə edir, onlara göstərmirlər. Məhkəmənin qətnaməsindən sonra, uşaqları saatla görürlər. Uşaq xəstədir. Uşağı versin ki, müalicəyə aparsınlar. Özü xadimə işləyir, 300 manat maaş alır. Nəvəsini versin özləri müalicə etdirərlər. Cavabdehin etibarnamə üzrə nümayəndəsi izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı iki dəfə uşağı onlara vermiş, uşağa əyin-baş almışdır. Nəvəsini versin ki, həkimə aparsınlar. İddiaçının valideynləri bu qızı məhv edib ailəsini dağıtdılar. O, heç bir köməklik edə bilməz, iddiaçı evdən çıxıb gedəndə bunları düşünərdi. Uşağa müalicə lazım olmasını bilir. Oğlunun maaşdan başqa əlavə gəliri yoxdur. Onlarda işdən icazə alıb gəlmək mümkün deyildir. Oğlunun vaxtı var ki, qumar oynasın. Uşağın müalicəsinə gəldikdə isə versin özləri aparıb müalicə etdirəcəklər. Oğlunun evi yoxdur, onunla yaşayır. İddiaçı ilə bir yerdə uşağı həkimə aparmağa, xərci nədir çəkməyə razıdır. Sonda cavabdehin nümayəndəsi ananın özünün də əziyyət çəkib işlməsini, övladlarına baxmasını və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2394/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Novruzlu (Xudiyeva) Fərəh Pənah qızı arasında xx.xx.2017-ci ii tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2546 nömrəli nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 ananın- İddiaçı yanında qalması, tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment xx.xx.2021-ci il tarixdən başlayaraq, İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən aydın olur ki, tərəflər xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X7 validenyləridirlər. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/2-01189 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji xəstəxanası X3 üzrə həkim tərəfindən verilmiş arayışdan görünür ki, X2 sahədə genişlənmə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi» Publik Şəxs tərəfindən verilmiş 2109 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 yüngül koqnittiv pozuntu F06.7 diaqnozu qoyulmuşdur. İş materiallarında Liman Klinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görnürü ki, X8 OU-G.S.D nəzərə çarpan durğunluğu, daxili müştərək strabizim diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-ti ilə İddiaçı arasında hüquqi xidmətlərin göstərilməsi haqqnında xx.xx.3022-ci il tarixli 62\22 nömrəli müqavilə bağlanmış və X13 tərəfindən xidmət haqqı olaraq 150 manat pul ödənilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Novruzlu X12 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 adlı iki uşaqları olmuşdur.Tərəflərin ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2394/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X11 iddiaçının himayəsində saxlanılmış, həmçinin həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment xx.xx.2021-ci il tarixdən başlayaraq, İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı hazırkı vəziyyətdə cavabdeh tərəfindən ödənilən alimentin uşaqların heç bir təlabatını ödəmədiyini, əlavə maddi yardım etməməsini, uşaqlarla maraqlanmamasını, cavabdehin aldığı aylıq əmək haqqından başqa 1500 manat əlavə aylıq gəlirlərinin olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh hərbiçidir, məhkəmə qətnaməsi ilə kəsilən aliment onun tərəfindən vaxtlı-vaxtında ödənilir, əlavə gəlirləri yoxdur, yalnız 80 manat veteranlığa görə pensiya alır, əmək haqqsında isə heç bir artım olmamışdır. Məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X10 ciddi xəstə olduğundan onun mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacı var. Belə olan halda məhkəmə hesab edir ki,cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərclərə cəlb olunmalıdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı iddia tələbində 50 manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutulub ona öədnilməsi ilə bağlı məhkəmə hesab edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbi bu hissədə təmin edilə bilməz. Eyni zamanda iddiaçının cavabdehlə birgə nikahlarından olan X7 3 yaşınadək saxlanması üçün 100 manat məbləğində alimentin ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki,iddiaçı özünün işləməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddiaçının bu tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının ona göstərilən hüquqi xidmətlərə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından iddiaçının məhkəməyə müraciət üçün çəkdiyi 250 manat məbləğində xərcin də cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Qeyd olulanları, həmçinin Cavabdeh maddi vəziyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-2394/2021 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləği dəyişdirilməməlidir. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərclərin ödənilməsinə cəlb olunmalıdır və Cavabdeh uşaq tam sağalanadək uşaqın müalicə xərclərinin ödənilməsi üçün hər ay 150 manat məbləğində əlavə xərc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.Odur ki,cavabdeh Zəngilan rayonundan olan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-2394/2021 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləği dəyişdirilməsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5 müalicəsi üçün uşaq tam sağalanadək hər ay 150 manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar