Məhkəmə qərarları › İş №2(034)-532/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-532/2024

16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-532/2024 16.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuş, bu nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah xx.xx.2016-cı ildə ləğv edilmişdir. Birgə nikahdan olan uşaq hazırda onun yanındadır və saxlanması üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-170/2018 nömrəli qətnaməsi ilə cavabdehdən 154 manat alimentin tutulması qət edilmişdir. Sonradan alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, məhkəmənin 15 fevral 2018-ci il tarixli 2(034)-170/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 02 yanvar 2016-cı il tarixdə doğulan X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin məbləği hər ay 170 manat məbləğində müəyyən edilmişdir. Hazırda qızı böyüyür, qızının xərcləri artdığına görə aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Buna görə də onun saxlanılması üçün cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamış və mediatorun arayışını iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, qızı Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2016-cı ildə X7 anadan olmuşdur. Cavabdehlə qızının nikahı xx.xx.2016-cı ildə ləğv edilmişdir. Birgə nikahdan olan uşaq hazırda qızının yanındadır və saxlanılması üçün 154 manat aliment tutulmuşdur. Sonradan alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq alimentin məbləği hər ay 170 manat məbləğində müəyyən edilmişdir. Hazırda nəvəsi böyüdüyünə görə xərcləri artmış və onun aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Qızı kərpic zavodunda işləyir və qızının aldığı maaş uşağın saxlanılmasında yetərli deyildir. Nəvəsinin sidik qaçırması olduğuna görə hər gecə pampersdən istifadə edirlər. Cavabdeh əvvəllər biznes ilə məşğul olmuş, lakin hal-hazırda harda işləməsi ilə bağlı məlumatı yoxdur. Cavabdehin iki evi var və kirayə vermişdir. Cavabdeh topaz oyunlarında xeyli pul itirdiyi üçün anası evləri oğlunun adına keçirməmişdir. Uşağa hər gün bir pampers istifadə olunur. Uşağı çox yerlərə müalicəyə aparmış və müalicəsinə 200 manat pulu çıxmışdır. Nəvəsini müalicəyə aparanda cavabdeh heç bir köməklik etmir. Cavabdeh alimenti də icraçının əli ilə zorla ödəyir. Nəvəsinin məktəb xərcləri də olduğuna görə qızı 170 manat alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh bir olar ki, alimenti vaxtı-vaxtında ödəyir.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, rəsmi iş yeri yoxdur və işsizdir. Hər ay alimenti vaxtı-vaxtında ödəyir. O, 170 manatdan artıq iddiaçıya aliment ödəyə bilməz, çünki ailə qurmuş və bu nikahdandan onu iki övladı var. 170 manat alimentdən başqa uşağa heç bir köməklik etmir. Uşağını görmək istəmir, çünki qarşı tərəf buna maneçilik törədir. O, bazarda şofer işləmişdir. Hər ay 235 manat aliment ödəyə bilməyəcəkdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2016-cı ildə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2016-cı il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/16/2024-01099 nömrəli arayışdan görünür ki, cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(034)-170/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2016-cı il tarixində doğulan X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və tərəflər arasında olan nikah Zəngilan rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 55 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemində əldə edilmiş məlumat görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində böyük referent kimi işləyir və aylıq əmək haqqısı 650 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, bu nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuş, tərəflərin ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah pozulmuş və birgə nikahdan olan uşaq isə ananın himayəsində qalmışdır. Tərəflərin birgə nikahlarından olan uşağın saxlanması üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-170/2018 nömrəli qətnaməsi ilə hər ay 154 manat aliment, sonradan isə iddiaçının tələbi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı 170 manat məbləğində müəyyən edilmişdir. İddiaçı uşağın böyüməsini, günü-gündən xərclərinin artmasını, təkbaşına uşağın bütün təlabatlarının ödənilməsində çətinlik çəkməsini, cavabdehin 170 manat alimentdən başqa uşağa əlavə olaraq heç bir maddi yardım etməməsini, 170 manat alimentin indiki vəziyyətdə uşağın heç bir təlabıtını tam ödəmədiyini əsas gətirərək alimentin məbləğinin artırılaraq qanunvericiliyə uyğun olaraq 235 manat məbləğində müəyyən ediləmsini xahiş etsə də, məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbini qəbul etməyərək, rəsmi iş yerinin olmamasını, hazırda işsiz olmasını, yenidən ailə qurmasını, bu nikahdan iki azyaşlı uşaqlarının olmasını, iddiaçı ilə birgə nikahlarından olan uşağın saxlanmsı üçün 170 manat aliment başqa uşağın saxlanmasında iddiaçıya əlavə hər hansı bir maddi yardım etməməsini, alimentin miqdarı dəyişdirildiyi təqdirdə həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanları, iddiaçının tələbini, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X2 mənafeyini, cavabdehin iddiaya münasibətini, cavabdehin yenidən ikinci dəfə ailə qurmasını, ikinci ailəsindən olan uşaqları ilə birlikdə yaşamasını, ikinci nikahdan olan uşaqlarının daima yanında olmasını, onlara ata qayğısı göstərməsini, uşaqlara həm maddi, həm də mənəvi cəhətdən dəstək olmasını, iddiaçı ilə birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X7 isə görmək istəməməsini, onun saxlanması üçün 170 manat alimentdən başqa əlavə heç bir maddi yardım etməməsini, uşağın saxlanması üçün onun tərəfindən ödənilən 170 manat miqdarında aliment hazırki dövrdə uşağın hər-hansı bir təlabatının tam şəkildə ödənilməsinə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin məbləği hər ay 235 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Mahmudov X3 rayonundan məcburi köşkündür. Odur ki, tərəflər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-186/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar