Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-557/2022 08.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 22.09 2020-ci il tarixli 2(034)-332/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh birgə nikahdan olan xx.xx.2012-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X2 adlı övladları olmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağa 170 manat aliment kəsilmişdir. Cavabdeh ona maddi cəhətdən heç bir köməklik etmir. Cavabdeh tərəfindən ödənilən aliment hazırki vəziyyətdə uşağın heç bir maddi təminatını ödəmir. O, heç bir yerdə işləmir, özü uşaqla yataqxanada anasının yanında yaşayırlar, uşağın bütün xərclərini anası çəkir, onun heç bir yerdən gəliri yoxdu və uşağı tək saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Çünki uşaq böyüdükcə onun xərcidə artır. Uşaq məktəbə gedir, hazırlığa gedir, uşağın sumkası, kitabları, məktəb paltarları, hazırlığı və hər ay ödənişləri var. Cavabdeh bir dəfə də olsun uşağla maraqlanmır. Qızının 10 yaşı var, 5ci sinifdə oxuyur. Qızı böyüyüb hazırlıqlara gedir. Özü günə 30 manata salfetka işində işləmiş, ancaq bir ay işləyə bilmişdir. Uşaqlara valdeyinlərinin köməkliyi ilə baxır. Məktəb uzaq olduğu üçün və qızını özü aparıb gətirdiyi üçün işləyə bilmir. Cavabdeh şəxsi bizneslə məşğul olur, özünün şəxsi avtoyuma yeri var, icarəyə maşın verir və aylıq gəliri 1500-2000 manat arasındadır. Ona görə də uşağı saxlamaq üçün alimentin miqdarı artırılaraq hər ay 400 manat pul Cavabdeh tutularaq ona ödənilməlidir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını, alimentin artırılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2012-ci il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-332/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-445/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/5- 02560 nömrəli xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşaq isə ananın himayəsində saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-332/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-445/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İddiaçı birgə nikahdan olan uşağın böyüməsini əsas gətirərək cavabdeh tərəfindən ödənilən 170 manat aliment hazırda uşağın heç bir maddi təlabatlarını ödəmir və bu səbəbdən alimentin artırılmasını istəyir. Cavabdeh ona uşağın saxlanmasında heç bir maddi yardım etmir. İddiaçı cavabehin şəxsi bizneslə məşğul olmasını, cavabdehin şəxsi avtoyuma yerinin olmasını, aylıq gəlirinin isə 1500-2000 manat olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-332/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının hər ay 185 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-332/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 185 (yüz səksən beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-557/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-557/2022
08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver