Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-560/2021 28.09.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Ərşadov Qəhrəman Qeys oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Ərşadov Qəhrəman Qeys oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, cavabdehdən 1122,34 manat əsas, 2237,17 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qrarına əsasən hesablanmış 161,76 manat faiz borcu olmaqla, cəmi 3521,27 (üç min beş yüz iyirmi bir manat, iyirmi yeddi qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsmunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Ərşadov Qəhrəman Qeys oğlu arasında bağlanmış 14.05.2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 1300 (min üç yüz) AZN məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Ərşadov Qəhrəman Qeys oğlu müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Ərşadov Qəhrəman Qeys oğlunun kredit üzrə cəmi borcu 3521.27 (üç min beş yüz iyirmi bir manat 27 qəpik) AZN təşkil edir. Bundan 1122.34 (min yüz iyirmi iki nıaııat, 34 qəpik) AZN əsas, 2237.17 (iki min iki yüz otuz yeddi manat 17 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 161.76 (yüz altmış bir manat 76 qəpik) AZN faiz borcu təşkil edir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi Aynur Mahmudova ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin çoxluğu və nəqliyyat çatışmamazlığına görə məhkəmə iclasında iştiraklarının mümkün olmayacağını nəzərə alaraq, məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Ərşadov Qəhrəman Qeys oğlu izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, krediti 2015-ci ildə götürüb başqa adama vermiş, ödənişləri həmin şəxs etmiqş və 2-3 ay ödəniş etmişdir. Lakin sonradan bank bağlanmış, ödəniş edə bilməmişdir.Bank tərəfdən də ona hər hansı bildiriş göndərilməmişdir. Həmçinin ona hesab nömrəsi verilmədiyinə görə ödəniş edə bilməmişdir. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" ASC ona qarşı borc tələbinə dair iddia qaldırmış, o, krediti 14.05.2015-ci ildə götürmüş, kredit götürdükdən sonra müəyyən ödənişlər etmiş, borcunun olması barədə bank tərəfində hər hansı xəbərdarlıq edilməmişdir. Hal-hazırda həmin müqavilədən 3 ildən çox müddət keçmişdir.Hesab edir ki, kredit müqaviləsinin icra müddəti bitdiyindən iddiaçı iddia müddətinin axımının başlanmasını həmin tarixdən bilməli olmasına baxmayaraq məhkəməyə iddia ilə müraciət etmək üçün müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır. Ona görə də, iddia müddətinin tətbiq edilərək iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə cavabdeh Ərşadov Qəhrəman Qeys oğlu arasında bağlanmış 14.05.2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 1300 (min üç yüz) AZN məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin Ləğv prosesində olan "xxxx"ASC-nə 1122,34 manat əsas, 2237,17 manat cərimə, 161,78 manat faiz borcu olmaqla, cəmi 3521,27 manat məbləğində vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" LPO ASC ilə cavabdeh Ərşadov Qəhrəman Qeys oğlu arasında kredit müqaviləsi 14 may 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdir, krediti ödəmək üçün son icra müddəti müqavilə üzrə 14 may 2018-ci il tarixi müəyyən edilmişdir, müqavilənin icra müddəti 14 may 2018-ci ildə bitdiyinə görə iddia müddətinin axımı həmin müddətdən başlayaraq hesablanmalıdır. Həmin kredit müqaviləsi üzrə iddia müddəti artıq 14 may 2021-ci il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə 30 iyul 2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra kredit üzrə heç bir ödəniş olmamışdır və cavabdeh Ərşadov Qəhrəman Qeys oğlu oğlu məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilməsinə baxmayaraq hüququ pozulmuş və pozulmasını bilməli olan şəxsin qanunla müəyyən edilmiş müddətlərin ən sonunda məhkəməyə müraciət etməsi ilə hüququnun bərpa edilməsinə çalışması onun mülki hüquq və vəzifələrinin vicdanla həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu müddət axımında qarşı tərəfin hüququ pozulmasını iddia edən şəxsin ona qarşı məhkəməyə müraciət edib-etməməsini gözləməsi ona müəyyən mənada öz mənfi təsirini göstərməyə bilməz. Məsələn, vaxtında iddia verilib öz təsdiqini tapdığı halda qarşı tərəf maddi imkanı baxımından verilən həmin iddianın (tam və ya qismən) təmini üçün müvafiq tədbirlər görmək imkanına malik olduğu halda, iddia gec (müddətin sonuna yaxın) verildiyi halda qarşı tərəfin bu maddi imkansızlığı ona qəbul edilmiş qərarın icrası ilə bağlı əlavə çətinliklər yaratması ehtimalını özündə ehtiva edir.(qərarın icra edilməməsi ilə qanunvericilik müəyyən edilmiş müvafiq tədbirlər və s.) Göstərilənlərə əsasən məhkəmə iddiaçı tərəfindən borcluya qarşı iddia müddətini ötürməsini nəzərə alıb hesab edir ki, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Ərşadov Qəhrəman Qeys oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki,iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Ərşadov Qəhrəman Qeys oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-560/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-560/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver